Çinlilər 5G yaradır

27 Fevral 2014 17:41
Dünyanın nəhəng mobil rabitə provayderi China Mobile şirkəti beşinci nəsil şəbəkəsi standartını (5G) hazırlamağa başlayıb. Bu barədə Çin şirkətinin nümayəndələri Barselonada keçirilən Mobile World Congress sərgisində məlumat veriblər.

Biz yeni nəsil rabitə standartını hazırlamağa başlamaqla Çində 5G şəbəkəsinin inkişafında mühüm rol oynamaq niyyətindəyik, - şirkət nümayəndələri bildirib. 5G standartlarının hazırlanması layihəsində həmçinin Çin Dövlət Şurası və Elm və Texnika Nazirliyi iştirak edir.

Hazırda Çinin nəhəng China Mobile, China Unicom və China Telecom telekommunikasiya şirkətləri 4G standartlı stansiyaların quraşdırılmasını tam başa çatdırmayıb, China Mobileın ölkədə rəsmən işə saldığı dördüncü nəsil şəbəkəsinin auditoriyası isə çox azdır. Lakin xarici şirkətlərin beşinci nəsil şəbəkələrin yaradılması üzrə layihələri Çin operatorlarını yeni nəsil standartlarını hazırlamağa məcbur edir.

5G şəbəkəsinin hazırkı 4G standartından dəfələrlə sürətli işləyəcəyi gözlənilir. Dördüncü nəsil şəbəkə istifadəçiləri 100 Mbit/saniyə sürəti ilə məlumatları simsiz ötürə bilirlər.

Milli.Az