Nokia-nın keçmiş bossu oynayacaq

26 Fevral 2014 20:56
Nokianın keçmiş baş direktoru Stiven Elop Microsoft şirkətində Xbox oyun konsolu, Surface planşetinin inkişafı ilə məşğul olan bölməyə rəhbərlik edəcək.

Bundan əvvəl top-menecer Windows istehsalçısının yeni rəhbəri postuna iddiaçılardan biri olub, ancaq nəticədə bu vəzifəyə Satya Nadella sahiblənib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Elop vaxtilə Microsoftun əməkdaşı olub. Belə ki, o, 2008-2010-cu illərdə Office ofis paketinin marketinq işlərinə cavabdeh olub. 2010-cu ilin sentyabrında cənab Elop, Nokianın baş direktoru vəzifəsinə təyin edilib. Elopun rəhbərliyi altında Finlandiya şirkəti Symbian platformasından imtina edərək Windows Phone sistemindən istifadəyə keçib.

Lakin bu qərar da istehsalçının vəziyyətini yaxşılaşdırmayıb. Əksinə, şirkətin smartfon bazarında payı azalmağa davam edib.

Məlumat üçün bildirək ki, 2013-cü ilin payızında Microsoft korporasiyası Nokianın mobil biznesini 5.44 milyard dollara satın alıb.

Milli.Az