Azərbaycanlı ana: "3 övladım meşədə qaldı, üstlərini bürüdüm ki..."

25 Fevral 2014 19:16
"O gecə buludlar da, daşlar da, ağaclar da qan ağlayırdı. Xocalı qan içində boğulurdu. Hər tərəf bir anın içərisində alova büründü, göz-gözü görmürdü. Haraya, səs-küyə həyətə çıxdıq". Bu sözləri bizimlə söhbətində Xocalı faciəsini ailəliklə yaşayan Aidə Ələkbərova söylədi. Aidə Ələkbərova hazırda Goranboy rayonunda məskunlaşıb. Həyat yoldaşı Milli Qəhrəman Araz Səlimov milli orduda pulemyotçu idi. Həmçinin qaynı və qayınatası da milli orduda vuruşurdular.

"Xocalı qırğını, Xocalı dəhşəti mənim ürəyimdən, yaddaşımdan heç vaxt silinməyəcək. Həmin gecə 3 uşaqla meşəyə doğru qaçdıq. Bu vaxt ermənilər bizim qabağımızı kəsdilər. Bacımı ermənilər gözümüzün qabağında güllələdilər. Onu özümüzlə götürə bilmədik, elə orada yaralı halda qoyub getdik. Daha sonra gözü qanla örtülmüş erməni vəhşiləri qardaşımı və onun oğlunu güllələdilər. Yoldaşımı, qayınlarımı, qayınatamı, bir sözlə, evimizdə nəslimizin soyadını daşıyan bircə oğlum qaldı. O vaxt onun 3 yaşı vardı",-deyə Aidə xanım gördüyü dəhşətləri çətinliklə də olsa ifadə etdi.

"Azərbaycanın Milli Qəhrəmanı" adı verilib

Aidə Ələkbərova həyat yoldaşı Araz Səlimovun 1988-ci ildən könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə yazıldığını söylədi: "Həmişə qaynar döyüşlərdə iştirak edirdi. Qorxu nədir bilmirdi. Ermənilər aktivlik göstərdiyinə görə onun izinə düşmüşdülər. Onu Əsgəran rayonunda qardaşı Fəxrəddinlə birlikdə vəhşicəsinə qətlə yetirdilər. O vaxt ən dəhşətli anlardan birini də meyitxanalarda meyitlərimizi axtaran zaman yaşadım. Meyitlərin çoxu ermənilər tərəfindən işgəncəyə məruz qalmışdı. Həmin səhnə hələ də gözümün önündən getmir. Bu vəhşiliyi heç unutmaq olarmı?"

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı fərmanı ilə Səlimov Araz Bahadır oğluna ölumundən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib, onun qardaşı Səlimov Mikayıl isə "Qırmızı bayraq" ordeni ilə təltif olunub.

Faciənin acısını yaşayan digər Xocalı sakinləri - Əliyeva Məlahət həmin gecə ərini və 8 yaşlı qızını itirib, Sədaqət Hüseynovanın isə 3 övladını ermənilər qətlə yetiriblər.

"5 yaşlı övladım hələ məktəbə gedib, ata-ana kəlməsini öyrənməmiş erməni gülləsinə tuş gəldi"

Sədaqət Hüseynovanın 3 övladı erməni vəhşilərinin gülləsinə tuş gəlib. Övladları 5, 7, 8 yaşlarında - hələ həyatın şirinliyini dadmamış həyatlarını itirdilər. Bir ana üçün bu faciəni danışmaq çox çətin idi. Lakin o, özündə cəsarət toplayıb başına gələnləri bizə danışdı: "Fevral ayı gələndə bilmirəm hara gedim, bu dünyada özümə yer tapa bilmirəm. Əlimə bir çiçək alıb hansı məzarın üstünə gedim, bilmirəm. 10 gün meşədə qaldıq. Övladlarım erməni gülləsinə tuş gəldilər. Onların meyitlərini götürə bilmədim. Meşədə övladlarımın üstünü əynimdəki paltarlarla bürüdüm ki, qurd-quşa yem olmasınlar. Bacım və onun 3 övladı isə meşədə donaraq orada qaldılar. Mənim də ayaq barmaqlarım donmşdu. Gözümü Bakıda, Respublika Xəstəxanasında açdım"...

"Zaman Azərbaycan"