Barselonada keçirilən MWC 2014 sərgisində SanDisk şirkəti dünyanın ilk 128 giqabayt tutumlu microSDXC formatlı yaddaş kartını nümayiş etdirib. Artıq satışa çıxarılan kartın tutumu 16 saatlıq Full HD (1080r) formatlı videonu yazmağa kifayət edir.
MicroSD ilə müqayisədə qiyməti 200 dollar təşkil edən microSDXC formatlı yaddaş kartlarında məlumatların yazılma sürəti iki dəfə yüksəkdir. Əvvəllər bazarda ən tutumlu kart 64 giqabayt tutumlu modellər olub.
Milli.Az ICTnews-a istinadən bildirir ki, SanDisk şirkəti kiçik korpusa iritutumlu məlumatları yerləşdirmək üçün böyük iş görüb. Kartın daxilində bir-birinin üstündə on altı nazik yaddaş bloku yer alıb.
ABŞ-da kartı Best Buy və ya Amazon internet mağazalarından əldə etmək mümkündür. Ekspertlər bir neçə ay ərzində kartın qiymətinin 200 dollardan aşağı düşəcəyini proqnozlaşdırırlar.
Milli.Az