"ASAN xidmət" rəhbərinin qardaşı Səlim Müslümovun müavini oldu - YENİLƏNİB - FOTO
24 Fevral 2014 16:26
16:26
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə" 23 dekabr 2013-cü il tarixli 58 nömrəli Sərəncamının 5.4.-cü bəndinə əsasən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı iki nəfər artırılmaqla 4 nəfər müəyyən olunub. Bununla bağlı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 279 nömrəli Sərəncamı ilə İdris Balakişi oğlu İsayev və Kərimli Mətin İmdad oğlu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat veriblər.
Kərimli Mətin İmdad oğlu 6 iyun 1979-cu ildə anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000-2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001-2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb.
2005-ci ilin may-iyul aylarında C. Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib.
2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb.
1998-1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003-2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005-2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008-2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009-2011-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi, 2012-ci ilin iyun ayından bu vaxta qədər isə Azərbaycan Respublikası Vergilər Vazirliyininin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifələrində çalışıb.
İngilis, fransız, rus və ispan dillərini bilir.
Evlidir, 3 övladı var.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Mətin Kərimli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun qardaşıdır.
----------
14:26
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib
AzVision.az-ın əldə etdiyi məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədri İdris İsayev nazirin əmri ilə tutduğu vəzifədən azad edilib.
Bir neçə ay öncə bu vəzifəyə gətirilən İ.İsayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Hələlik Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni sədr postuna təyinat edilməyib.
Qeyd edək ki, Səlim Müslümov nazir təyin olunduqdan sonra Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri işləyən İdris İsayevi Dövlət Əmək Müfəttişliyi Xidmətinə sədr təyin etmişdi.
İdris Balakişi oğlu İsayev 22 oktyabr 1970-ci ildə anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) Maliyyə və kredit fakültəsində əyani təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib.
1992-1993-cü illərdə "İnkişaf" Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993-2005-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-nın Gorce Universiteti ilə birgə təşkil etdiyi MBA proqramında təhsil alıb və biznesin idarə olunması ixtisası üzrə magistr dərəcəsi alıb. 24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvüdür. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Rus və ingilis dillərini bilir.
Evlidir, 3 övladı var.
Milli.Az
----------
16:26
Böyütmək üçün şəklə klikləyin.

----------
14:26