Tanınmış teleaparıcı evlilik həyatından danışdı - FOTO
24 Fevral 2014 20:18
Efir məkanında əvvəllər hərbi verlişlərin aparıcısı kimi tanınıb sevilsə də, onun tamamilə fərqli üslubda bir verilişə transfer olunması tamaşaçıların ona olan sevgisini azaltmadı. Əksinə, qısa müddət ərzində "Günəbaxan" verilişi ilə tamaşaçı rəğbəti qazanaraq reytinqdə önə çıxmağı bacardı. Yəqin ki, çoxunuz söhbətin kimdən getdiyini anladınız.
Söhbət son vaxtlar daha çox şəxsi həyatı ilə bağlı qalmaqallı xəbərlər eşitdiyimiz ANS telekanalının aparıcısı İlqar Mikayıloğludan gedir. Müsahibə vermək üçün redaksiyaya həyat yoldaşı Zülfiyyə Bayramova ilə birlikdə gələn İlqar Mikayıloğlu bununla barəsindı deyilənlərin bəzilərini yalanladı.
Milli.Az İlqar Mikayıloğlunun mövqe.az-a müsahibəsini sizə təqdim edir:
- İxtisasca inşaat mühəndisliyini bitirmisiniz. Bəs necə oldu jurnalist olmaq qərarı verdiniz?
- Qarabağ müharibəsi gedə-gedə bu qərara gəldim. Həmin dövrdə bizim uduzmağımızın səbəbi, bəlkə də, o oldu ki, bəzi ailələr deyirdi ki, əşi nə var ora gedirsiniz, nəyinizə lazımdı? Düşündüm ki, mən jurnalist olsam, ora gedə bilərəm. Qarabağ müharibəsi bitdi, amma jurnalistika qurtarmadı.
- Əsl jurnalist olmaq üçün mütləqdirmi ki, jurnalistikanı bitirəsən?
- Hər kəsin özündən aslıdır. Bəlkə d,ə mənim indi deyəcəklərim BDU-nun Jurnalistika fakültəsi üçün zərbə ola bilər. Amma gördüklərimi deyəcəyəm. BDU-nun Jurnalistika fakültəsini oxuyub, gələnlər arasında mən çox az sayda əsl jurnalist görə bildim. Var idi... Məsələn, Gündüz Abbaszadə. Çox gözəl idman jurnalisti idi. Başqaları da var idi. Ancaq onlara orada yaxşı dərs keçməmişdilər. Jurnalistə yaxşı jurnalist dərs keçməlidir. Amma BDU-nun elə müəllimi var idi ki, gəlib jurnalistikanı ANS-də öyrəndi, kitab yazdı, elmi dərəcə aldı.
- Kim? Məncə, ad açıqlamazsınız ...
- Hər şeyin düzünü deməyi xoşlayıram. Və bu adı çəkməyimdə də bir qəbahət yoxdu. Həmin insan Cahangir Məmədli idi.
- Demək olarmı ki, bu gün siz ən reytinqli verilişin aparıcısısınız?
- Yox, demək olmaz.
- Hara gedirsən "Günəbaxan"a baxılır, müzakirələr gedir...
- Bəlkə də ona görə baxırlar ki, həmin vaxtda başqa kanallarda baxmağa bir şey yoxdur. "Günəbaxan" komandası mən, İlhamə və Könül elə ona görə çalışırdıq ki, bizə baxsınlar. Və digər kanallar bizimlə rəqabətə dözməyib səhər verilişlərini yığışdırdılar. Elə indi də artıq bu vaxtda başqa baxılası bir veriliş yoxdur.
- Sizin aparıcılıq etdiyiniz "Günəbaxan" və Turan İbrahimovun aparıcılıq etdiyi "Günəbaxan"ı tərəziyə qoysaq, sizcə, hansı daha reytinqli idi?
- Dərd orasındadır ki, mən heç bir dəfə də olsa, öz aparıcılıq etdiyim "Günəbaxan"a baxmamışam. Ümumiyyətlə, aparıcılıq etdiyim verilişlərin heç birinə sonradan baxmamışam. Baxanda özümü gic gülmək tutur. Mən, onsuz da, nə etdiyimi bilirəm, ona görə də sonradan baxmağa ehtiyac olmur.
- Milli Teleradio Şurasından belə bir fikir bildirilmişdi ki, siz efirdə məhz efir etikasına uyğun olmayan hərəkətlər edirsiniz. Lakin bu fikirlər görürük ki, sizin üçün heç nəyi dəyişmədi. Səbəb?
- İstər siyahı yaxşı olsun, istərsə də pis, həmişə adım birinci yerdədir. Mənə o maraqlıdır. Ən yaxşı aparıcı və ya əksinə ən pis aparıcı kimi soruşanda da İlqar Mikayıloğlu öndə gəlir. Bəli, əlim cibimdə olur, fit çalıram, ola bilər ağzımdan "qəşəng" bir söz də çıxıb, hətta Vandam kimi şpaqatda da dayanmışam. Hər şey ola bilər. Yalandan efir etikası deyilən bir anlayış deyilir, bəhanə kimi göstərilir. Əslindəsə o, efir etikası heç yoxdur. Əgər efir etikası ağ köynək, qara qalustuk geyinib efirə çıxmaqdısa, bu səhvdir. Hər verilişin öz dəsti-xətti var və aparıcı da zavoddan çıxan detal deyil ki, hər kəs bir-birinə oxşasın. Mən niyə görə efirdə ikiüzlülük etməliyəm? Mən verilişimi belə aparmaq istəyirəm. Və bu zaman tamaşaçıya daha yaxın olduğumu hiss edirəm.
- Çoxları sizi daha ciddi verlişlərdə görməyə öyrəşmişdi. "Günəbaxan"a gəldikdən sonra tamaşaçı itkisimi oldu, ya əksinə?
- Qətiyyən. Həm efirdə, həm həyatda mən nə qədər ciddiyəmsə, bir o qədər də zarafatcılam. Mən efirdə oynamıram. Efir həyatımın tərkib hissəsidir. Elədiyim zarafatın altından çıxmaq mümkün deyil. Məqam yarananda isə tam ciddi bir insan oluram.
- Verlişlərin birində hicabla bağlı qalmaqal oldu. Deyildi ki, guya hicablı olanları təhqir etmisiniz. Sonra bildirdilər ki, üzr istəmisiniz...
- Bizdə böyük əksəriyyət eşitmək istədiyini eşidir, görmək istədiyini görür... Belə bir misal var, sən nə çalırsan, çal mən "uzundərə"ni oynayacağam. Təsəvvür edin, qəzetdən oxuyuram ki, Ərəbistanda şeyxlərdən biri deyir ki, 5 yaşlı qızlara hicab geydirmək lazımdır. İslam adət və ənənələrinə görə də 5 yaşlı uşaq hicab geyməməlidir. 9 yaşda olsa, problem yoxdu. 5 yaşlı uşağın başına hicab keçirtsən, o, nəyə oxşayacaq? Torbaya. Axı sən ey ərəb şeyxi, hansı məntiqlə belə fitva verirsən? Böyük insan geyinir, addımlayır, biz də başa düşürük. Söhbət belə oldu. Bizimkilər başqa cür qələmə verdilər. İndiyənə kimi, demirlər ki, ay İlqar, çox sağol ki, Azərbaycan teleməkanında dini nöqteyi-nəzərdən olmayan bir işə imza atdın.
Hər həftənin 4-cü günü insanların dindən uzaq düşməməsi üçün illahiyyatçıları, din xadimlərini qonaq edirdim. Heç lazım da deyil, çox sağol deməsinlər, mən, sadəcə, öz işimi görürdüm. Amma eşitmək istədikləri bir məqamı şişirdirlər. Nardaran hadisələri olan zaman hər dəfə keçirdim içəri və müsahibə alırdım, vəziyyəti işıqlandırırdım. Başqa heç bir telekanal getmirdi. Mən indi danışdıqlarımı efirdə dedim. Onu kimsə üzr kimi qəbul edibsə, ola bilər. Mən heç kimə zəng edib, üzr istəməmişəm. Üzr istəmək böyüklük deməkdi. Amma səhvin olan zaman...
- Prodüser Təranə Səmədova müsahibələrinin birində sizi qalmaqalla reytinq qazanmaqda, müğənniləri dalaşdırmaqda ittiham etmişdi...
- Mən? (təəccüblənir - red) Əfruzə, biz hər ikimiz jurnalist olduğumuz üçün bilirik ki, hər kəs nəyisə dedikdə faktla danışmalıdır. Prodüserlər nə deyir, özləri bilər. Lütfən başqa suala keçək.
- Evinizin yanması ilə bağlı xəbər yayılmışdı. Sonra həmin evin əslində sizə yox, Zülfiyyə xanıma məxsus olduğu bildirildi. İndi dəqiqləşdirək. Əslində kimin evi yanmışdı?
- (Zülfiyyə xanım söhbətə müdaxilə edir, ikimizin də, gülürük - red) Evdir də... Ev yanar da... Mən, ümumiyyətlə, özümlə bağlı istənilən xəbərin yayılmasının tərəfdarı deyiləm. Son 2 ildə o qədər xəbərlər yazılıb ki... Amma əksər mövzularda altda mənim fikrim yoxdu. Axı mənim şəxsi həyatımdan kimə nə? Necə istəyirəm elə yaşayıram. Mənim həyatımda elə özəl məqamlar var ki, mən onları gizli saxlayıram. Hətta bəzən deyirlər bütün günü ulduzlarladır İlqar, belə -elə... Amma Allaha and olsun onların heç birinin nömrəsini heç bilmirəm. Verilişə çağırırıq, gəlirlər, iştirak edirlər vəssalam. Canı sağ olsun prodüserlərimin... Mənə müğənni obyekt kimi maraqlıdır. Mən onun həyatına girmirəm. Heç maraqlı da deyil. Onların işi-gücü, oxuduqları mahnı belə, mənə maraqlı deyil. Azərbaycanda elə müğənnilər var ki, onların mənə sırf sənəti maraqlıdır, həyatı yox... Bəzən mahnıları olsa, dərhal oturub qulaq asaram.
- Kimlərdir onlar?
- Çoxşaxəlidir. Klassik Azərbaycan musiqisini dinləyirəm. Niyazi drijorluğu ilə hər hansı musiqini gözüyumlu dinləyib, Niyazini göz önümə gətirirəm. Muğama da qulaq asıram. Hətta Miri Yusifə də qulaq asıram.
- Yaxşı, belə bir sual verim, kimə heç qulaq asmazsınız?
- Üzeyir Mehdizadəyə. Baxmayaraq ki, neçə dəfə qonağım olub. Üzünə də demişəm sən çox yaxşı insansan amma mən sənə qulaq asmıram, asmaram da...
- Müxtəlif müsahibləriniz olub. Ən çətin müsahibiniz kim olub?
- Deməli, bir gün "Günəbaxan" a şikayətçi bir xanım gəlmişdi. Mən ona baş vermiş stiuasiyanı başa sala bilmirdim. Həmin qadının düşüncə tərzinin olmaması məni çətin bir vəziyyətə salmışdı. Sosial bir mövzu idi.
- Bir az da sizin heç sevmədiyiniz şəxsi həyatınız barədə danışaq. İkinci dəfə ailə həyatı quran İlqar Mikayıloğlu demək olarmı ki, artıq xoşbəxtdir ?
- Mən, ümumiyyətlə, xoşbəxt sözünün hansı mənada istifadə olunacağını başa düşmürəm. Hər hansı xırda elment insanı xoşbəxt edə bilər. Məsələn, bacım oğlunun əsgərlikdən gəlməsi məni xoşbəxt etdi. Ləzzət etdi ki, o qulluq edib, gəldi. Hansısa işin uğurlu alınarsa, bu da səni xoşbəxt edə bilər. Ailə həyatında insanın xoşbəxt olmasının da sadə bir formulu var ki, bəli sənin yanında sevdiyin, dəyər verdiyin bir şəxs var. Zülfiyyə yanımda olduğu üçün bu, məni xoşbəxtliyə aparan bir yoldur. Biz ikimiz də hələ ki, o yolu gedirik...
- Zülfiyyə xanımla necə tanış oldunuz?
- Hər ikimiz ANS-də işləyirdik. O zaman Zülfiyyə xanım da "Hökm" verlişini aparırdı. Gördüm, tanış olduq, danışdıq, bir birini lap yaxşı tanıdıqdan sonra evlənmək qərarı verdik.
- İstədiklərinizi deyə bilərsinizmi, nəhayət ki, Zülfiyyə xanımda tapmısınız?
- Mən Zülfiyyədə olanları qiymətləndirir və bilirəm ki, onu kitaba bənzətsək, hələ çox hikmətləri var. Bu səbəbdən tapdığımı tapmışam. Tapmadıqlarımı tapacağam bu çox maraqlı olacaq. Zülfiyyədə mən bir dost tapmışam. Belə dost hər kəsə nəsib olmur.
- Sevgi İlqar Mikayıloğlu üçün nədir?
- Sevgi elə bir hissdir ki, onu sözlə izhar eləmək əslinə qalsa, mümkün deyil. 100 illərdir şairlər sevgini nəzmə çəkir, amma hələdə heç nə deyə bilmir. Deməli, sevgi sözlə izhar olunmur.
- İlqar Mikayıloğlu necə ata və necə həyat yoldaşıdır? Özünüz özünüzə qiymət verəsi olsanız, necə dəyərləndirərsiniz bu cəhətlərinizi?
- Sərt insanam. Bu cəhətdən kiməsə elə gələ bilər ki, mən uşaqlara pis münasibət bəsləyirəm. Amma bu suala bir neçə ildən sonra cavab vermək düz olar - uşaqlarım hərbi xidmət, ali savad alandan və əli çörəyə çatandan sonra, demək olar, necə valideynəm. İndi bizim məqsədimiz məhz budur.
- Birinci nikahdan da iki övladınız var. İndi onlar da sizinlə birgə qalır?
- Yox.
- Çətin deyilmi övladlarınızdan ayrı qalmaq?
- Bilirsinizmi mən tez-tez övladlarımı görürəm. Heç də çətinlik olmur. Hər şey qaydasındadır. Onlarla mütamadi danışıb, görüşürük.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.























