Dell-in "ata"sının ad günüdür

23 Fevral 2014 18:49

1965-ci il fevralın 23-də ən böyük kompüter şirkətlərindən biri Dellin banisi Maykl Dell anadan olub. Hələ uşaqlıqdan onda sahibkar qabiliyyəti hiss olunub. Belə ki, o, tətil zamanı poçtda işləyib. Dellin vəzifəsi qəzet abunəçilərinin sayını artırmaq olub. Hər bir yeni abunəçi əlavə gəlir demək idi.

Maykl Dell o zaman başa düşür ki, şəhərə yeni gələn insanları abunə olmaq üçün inandırmaq daha asandır. Buna görə də o, şəhərin yeni sakinləri haqqında informasiya verən dostlarına pul ödəməyə başlayır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Maykl Dell məktəbi bitirdikdən sonra Texas Universitetinin tibb fakültəsinə daxil olur. O, bu ərəfədə kompüterlərin satışı ilə məşğul olan PC's Limited firmasını yaratmışdı. Şirkət gəlir gətirməyə başlayanda Maykl Dell universiteti ataraq öz şəxsi biznesinin inkişafı ilə məşğul olur. 1987-ci ildə şirkətin adı dəyişdirilərək Dell Computer Corporation olur. 2003-cü ildən etibarən isə Dell Inc adlanır.

Milli.Az