Bakıda pnevmatik silah gəzdirənləri hansı cəza gözləyir?
21 Fevral 2014 10:34
Day.Az saytının redaksiyasına Elvin İmanov adlı oxucu tərəfindən məktub daxil olub. Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, məktubda oxucu müdafiə məqsədi ilə silah almağın mümkün olub-olmadığı ilə maraqlanır.
"Real tapança almaq üçün hansı sənədlər lazımdır?" - oxucu soruşur.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayıb.
"Tapança odlu silah sayılır. Onun əldə olunması, daşınması və saxlanılması yerli qanunvericiliklə qadağan olunur. Əgər oxucu özünü müdafiə məqsədi ilə tapança almaq istəyirsə, deməli, o, öz həyatı üçün narahatdır. Əgər vətəndaş həyatı üçün təhlükə hiss edirsə, polisə müraciət edə bilər. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görüləcək", - E.Zahidov deyib.
Pnevmatik silahların əldə edilməsinə gəlincə isə, nazirlik rəsmisi bildirib ki, bu, qanunla qadağan edilmir. Ancaq onun gəzdirilməsinə icazə verilmir.
"Təcrübədə görünür ki, pnevmatik tapançalar hansısa cinayət məqsədlərinin həyata keçirilməsi üçün istifadə edilir. Vətəndaşlarımızın təhlükəsizliyi hər şeydən önəmlidir. Bu səbəbdən də həmin silahın gəzdirilməsi qadağan edilir", - o əlavə edib.
Onun sözlərinə görə, kimdəsə pnevmatik silah aşkarlanırsa, dərhal müsadirə edilir. Sonradan araşdırma aparılır. Həmin silahın hansısa cinayət əməlində istifadəsi təsdiqlənərsə, həmin şəxs qanun qarşısında cavab verir.
Qeyd edək ki, bu gün mağazalarda pnevmatik silahlar satılmır. Çünki belə silahların ölkəyə gətirilməsi dayandırılıb.
Milli.Az