Bakıda məktəbliləri ölümə aparan yol - FOTO

21 Fevral 2014 01:30

Bakı şəhərində yerləşən orta məktəbin şagirdləri hər gün ölümlə üz-üzə qalırlar

Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 251 saylı orta məktəbin şagirdlərinin problemi ilə bağlı ötən il aidiyyəti qurumları məlumatlandırsaq da, vəziyyət dəyişməyib. Yenə də şagirdlər hər gün məktəbə gedərkən və geri qayıdarkən təhlükə ilə üzləşirlər.

Valideynlərin Milli.Az-a yazdığı ikinci şikayət məktubunda qeyd olunur ki, avtomobil yolunda əvvəllər "yatan polis" yol maneəsi vardı. Lakin bir müddətdir həmin maneə götürüldüyündən avtomobillər sürətlə keçirlər. Məktəblilər yolu keçən zaman böyük təhlükə yaşayırlar.

Bakı Siqnal İdarəsindən Milli.Az-a bildirildi ki, həmin əraziyə təhlükəsizliyin təmin edilməsi üçün müvafiq yol nişanının qoyulması lazımdır. Bunun üçün Respublika Yol Polis İdarəsi əraziyə baxış keçirməli, vacib hesab edilərsə, Siqnal idarəsinə tapşırıq verilməlidir.

Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a bildirdi ki, həmin əraziyə baxış keçirəcək. Bölmə rəisinin sözlərinə görə, məktəb və orada şagirdlərinin təhlükəsizlik məsələsi varsa, müvafiq tədbir görülməlidir. Orada zebra xətti lazımdırsa, çəkilməlidir.

V.Əsədov qeyd etdi ki, yol maneəsinin özbaşına qoylması qanun pozuntusu hesab olunur: "Bunun üçün komissiya rəy verməlidir. Valideynlər və məktəb rəhbərliyi yazılı şəkildə bizə müraciət etsin, yerində araşdrıma aparılıb tədbir görülsün. Təhlükəsizliyin təmini vacibdir və buna əməl edlməlidir".

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.