Aybəniz Haşımova: "Əxlaqsız təkliflərdən bezib yenidən ailə qurmağa məcbur oldum"

29 Oktyabr 2010 19:20
"Bu etirafları nə vaxtsa etməli idim və nəhayət ki, etdim. Mən ağlamağı-sızlamağı xoşlamıram və heç kimin də qarşısında əyilmərəm. Amma bunları deməyə, Azərbaycan qadınının necə mərd, namuslu olduğunu öz simamda göstərməyə məcbur idim". Bu sözlər əməkdar artist Aybəniz Haşımovaya məxsusdur. Onun dünən ATV telekanalında etdiyi etiraflar ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Çəkilişlərdən sonra hələ də özünə gəlmədiyini söyləyən əməkdar artist ANS PRESS-ə açıqlamasında bunları deyib: "Son zamanlar efirlərdə yalnız qalmaqallardan, əxlaqsızlıqdan, bir sözlə Azərbaycan qadınının, xüsusən də sənətçilərimizin mənfi tərəflərindən danışılır. Televiziya verilişlərində gəlin - qaynana, ana - övlad, ər - arvad münasibətlərinin ən çirkin variantlarının şahidi oluruq. Başa düşürəm, bu yaşadığımız həyatın acı reallığıdır. Amma biz təkcə bu deyilik axı. Aynişanın atası şəhid olsa da, mən onun şəhid adına ləkə gətirmədim. Əxlaqsız təkliflərdən bezib yenidən ailə qurmağa məcbur oldum. Bunu da formal şəkildə edə bildim. Çünki Xaliddən başqasına ər kimi baxa bilmədim. Qaynanamla hələ də ana-qız münasibətindəyik. Azərbaycan qadınının siması əslində budur! Mən dünənki verilişdə bunu sübut etməyə çalışdım".

Milli.Az