Azdırsa, qoru, yoxdursa, ək...

18 Fevral 2014 23:53

Ölkəmizin təbii sərvətləri arasında meşələrin əhəmiyyəti ölçüyəgəlməzdir.

Çünki meşə, hər şeydən əvvəl, təmiz hava, su deməkdir. Meşələri elə bu səbəbdən bəşəriyyətin "ağ ciyərləri" adlandırırlar. Ancaq bu ağ ciyərlər insan kimi oksigen udub, karbon qazı buraxmır. Əksinə, karbon qazını udub, insan üçün zəruri oksigen buraxır. 1 hektar meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. (İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə edir). Odur ki, belə bir məsəl də var: meşə çoxdur tələf etmə, azdırsa, qoru, yoxdursa, ək. Hazırda ölkəmizdə meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Meşələrimizin 95%-ə qədəri dağlıq və dağətəyi ərazilərdə, qalan 5%-i isə əsasən çay vadilərində, düzən ərazilərdə yayılıb. Meşə ehtiyatımızın 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan Muxtar Respublikası ilə birlikdə) payına düşür. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilib.

Vurulan yaralar

Bəli, bu gün ölkəmizin ərazisinin 11,8%-i meşəlikdir. (Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir. Meşə ilə örtülü ərazisinə görə Azərbaycan keçmiş Sovetlər Birliyinin respublikaları arasında 9-cu yerdədir). Halbuki alimlər hər hansı bir ölkənin ümumi ərazisinin azı 25-30 faizinin meşə sahəsi ilə örtülməsini optimal vəziyyət hesab edirlər.

Etiraf edək ki, ölkəmizdə meşəçiliyin inkişafı üçün münasib şərait var. Belə bir fikir söyləməyimiz də əsassız deyil. Çünki bir vaxtlar respublikamız meşəliklərlə örtülü olub. (İki əsr öncə meşələr ölkəmizin ərazisinin 35%-ni təşkil edib). Sonradan ona qarşı ögey münasibət bəslənilib. Daha doğrusu, onlara qarşı soyqırımı həyata keçirilib. Bəli, bir zamanlar keçilməz meşə zolaqları yaşıl kəmər kimi yurdumuzun belinə dolanıb. Kür boyunca Xəzərədək uzanan bu yaşıl kəmərin təqribən 260 kilometri qalın və keçilməz Tuğay meşələri idi. Bəzi yerlərdə bu yaşıl zolağın eni 8-10 kilometrə çatırdı. Yaşıllığa qarşı bu ögey münasibət Bərdə rayonu ərazisindəki Sultanabad, Ağstafa rayonundakı Qarayazı meşələrinə, eləcə də dağlıq ərazilərdəki Quba - Qusar - Xaçmaz, Lənkəran - Astara - Balakən, İsmayıllı - Quba - Oğuz meşələrinə, xüsusilə, Dağlıq Qarabağ meşələrinə də sağalmaz yaralar vurub. (Bütün bu haqsızlıqlara qarşı öz haqq səsini qaldıran mərhum akademik Həsən Əliyev olub). Bir sözlə, təkcə 1955-1970-ci illər arasında respublikamızda 200 min hektardan artıq meşə sahəsi və 100 min hektar kolluq sıradan çıxarılıb. Məlumatlara görə, keçən əsrdə Azərbaycan meşələrinin üçdə biri məhv edilib. (Yeri gəlmişkən, dünyada hər dəqiqədə 44 hektar əkinə yararlı torpaq sahəsi, 20 hektar meşə sıradan çıxır. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb).

Yenə də...

Lakin ulu öndər Heydər Əliyev meşələrin qorunmasına, yeni meşə massivlərinin, yaşıllığın yaradılmasına xüsusi qayğı göstərdi. Keçən əsrin 90-cı illərinin axırlarında keçirdiyi müşavirələrdən birində o demişdir: "Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də, siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız..." Bu münasibət sonrakı illərdə də davam etdirilib. Azərbaycan Respublikası Prezidentinin 22 may 2003-cü il tarixli sərəncamı ilə meşələrin bərpa olunmasına və artırılmasına dair Milli Proqram təsdiq olunub. Bu proqrama uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən orta hesabla ildə 8000-10000 hektar sahədə yeni meşələr salınıb və meşə bərpa tədbirləri həyata keçirilib. Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2010-cu ilin "Ekologiya ili" elan edilməsi, habelə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "Hərəyə bir ağac əkək!" çağırışı nəticəsində respublikamızın hər yerində yaşıllaşdırma sahəsində çox böyük işlər görülüb. Artıq bu iş kampaniya xarakteri daşımır, hər il davam etdirilir. Bu da ölkəmizdə meşələrin artırılmasına verilən ən böyük töfhələrdən biridir... Təkcə bir faktı xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən ötən il ərzində 10131 hektar sahədə meşəbərpa, o cümlədən 2746 hektar sahədə meşə əkini və səpini işləri görülüb.

Digər tərəfdən, inkar edilə bilməz ki, Azərbaycanın müstəqillik qazandığı ilk illərdə enerji təchizatı sistemində yaranan problemlər, xüsusən, bölgələri qazla təmin etməyin mümkün olmaması nəticəsində meşələr sürətlə qırılıb. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft-qaz strategiyası Azərbaycanda qaz təminatı, enerji təchizatı sahəsindəki problemlərin sürətli həllinə yol açıb. Rayonlarda əhalinin təbii qazla təminatının yaxşılaşdırılması, ucqar kəndlərə belə qaz çəkilməsi xəbərini tez-tez eşidirik və bunu sadalamağa da ehtiyac yoxdur. Ümumiyyətlə, ölkədə dağlıq ərazilərdə meşələrin qırılmasının qarşısı kifayət qədər alınıb. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun da qeyd etdiyi kimi, məhz aparılan bu sistemli işin nəticəsidir ki, son 15 il ərzində meşəbərpa tədbirlərinin həcmi 2 dəfə çoxaldılıb ki, bunun nəticəsində də meşə ilə örtülü sahələr 0,4 faiz artırılaraq 11,4 faizdən 11,8 faizə çatdırılıb. (Onu da qeyd edək ki, ölkəmizdə ən əlverişli meşəbitmə şəraiti Talış bölgəsindədir).

Bir məsələni də vurğulayaq: bir vaxtlar mərhum akademik, təbiətin əsl qayğıkeşi Həsən Əliyevin ilan mələyən düzlərdə, illərlə ot belə bitməyən dağ yamaclarında min bir əziyyətlə saldırdığı meşəliklər hamının gözləri qarşısındadır. Çoxlarının laqeydliyindən son illərə qədər baxımsızlığın qurbanı olmuş bu meşəliklərin bərpa edilməsi, bütün ölkə ərazisində yeni meşəliklərin salınması və can yanğısı ilə qorunması yolunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı məqsədyönlü tədbirlər ən böyük alqışlara layiqdir.

Yeri gəlmişkən, iki il öncə ABŞ-ın Yel və Kolumbiya Universitetləri Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) üzrə aparılmış beynəlxalq araşdırmanın yekunları barədə hesabat yayıblar. Hesabatın meşələrlə bağlı məsələlər bölümündə qiymətləndirmə 3 komponent üzrə (meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri) aparılıb və son 10 ildə bu göstəricilərə görə Azərbaycan 132 dövlət arasında ən yüksək nəticə əldə edib. Ancaq bununla belə, yenə də az da olsa, meşələrimizdə ağacların qanunsuz kəsilməsi, qazanc məqsədi ilə qanunsuz oduncaq əldə edilməsi hallarına rast gəlinir. Bəzi yerlərdə bəndbərkitmə işləri zamanı meşə torpaqlarından istifadə olunur. Lakin hamıya bəllidir ki, bənd bərkitmə işlərində istifadəyə yararlı olmayan torpaqlardan istifadə olunmalıdır. 

Unutmayaq ki...

Erməni işğalçıları tərəfindən ölkəmizə qarşı edilən təcavüz də meşələrimizə ciddi ziyan vurub. Rəsmi məlumatlara görə, ermənilər tərəfindən 261 min hektar meşə sahəsi vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırıb. Belə meşələrə nümunə olaraq, Şuşa şəhərindəki Topxana meşəsini göstərmək olar. Son üç ildə işğal altındakı torpaqlarımızda 6 min hektaradək ərazi yandırılıb. İşğal altında olduğu üçün bu mənfi tendensiyaya müdaxilə də müşküldür. Bəşəriyyətin qlobal problemlərinin həllinə diqqət yetirməli olan beynəlxalq təşkilatların üzərinə bu sahədə böyük vəzifə düşür və artıq onların qəti fəaliyyətə keçməsi, ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi sahəsində qətiyyətli mövqe ortaya qoymalıdırlar. İşğalçının meşə, təbiət qədri bilməsini gözləmək də sadəlövhlükdən başqa bir şey deyil.

Bəli, meşələri qorumaq hər birimizin borcudur! Unutmayaq ki, meşələr çölləri küləklərdən, güclü sellərdən qoruyur, torpağın sovrulmasının qarşısını alır. Bir də unutmayaq ki, insanı əhatə edən aləmdə bütün amillər biri-biri ilə sıx əlaqəlidir. İnsanlar təbiətdə çoxdan bəri qurulmuş qarşılıqlı əlaqələri pozaraq özləri özlərinə ziyan vurmuş olmalarını çox gec anlayırlar. Bəlkə də, bu, təbiətin qədrini bilməməyimizdən irəli gəlir. Yunan filosofu Demokritin təbiətə aid gözəl bir fikri var: "İnsan toxuculuqda hörümçəklərin, ev tikməkdə qaranquşların, oxumaqda bülbüllərin şagirdidir". Buna görə təbiətin dərindən öyrənilməsi, hər kəsdə ona doğma münasibətin yaranması son dərəcə vacibdir.

Onu da qeyd edək ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da iqlim dəyişməsi ilə əlaqədar xüsusi proqram hazırlanıb və bu proqrama görə, respublikada meşələrin sahəsinin ərazinin 20%-nə qədər artırılması nəzərdə tutulub. Respublikamızın flora və faunasını qoruyub, mühafizə etmək məsuliyyəti təkcə dövlət qurumlarının deyil, eyni zamanda təbiəti sevənlərin, bir sözlə, hamının üzərinə düşür. Buna görə də hamı təbiəti qorumaq üçün əlindən gələni etməlidir.

Bu yazını tamamlayanda bir ağsaqqalın sözü yadıma düşdü. O deyirdi: "Təbiəti, xüsusilə, meşələri qorumasaq, onların fəryadı bizi gec-tez tutacaq. Meşələri qorumaqla biz həm də özümüzü qoruyuruq".
 

"Zaman Azərbaycan"