Prezident seçkiləri öncəsi Milli Şurada toplaşan və vahid mövqedən çıxış edən qüvvələr seçkidən sonra müxtəlif ittihamlarla gündəmə gəldilər. Vaxtilə eyni cəbhədə olan liderlər vahid namizədin seçkilərdəki uğursuzluğunu bir-birinin üzərinə atmağa, ardınca qurumu tərk etməyə başladılar. Müsavat Partiyasının Milli Şuradan çıxması da əzəli rəqiblər arasında yeni dartışma mövzusunun əsasını qoydu. AXCP funksionerləri Müsavatı saxtakarlıqda, iqtidara satılmaqda ittiham etdi. Bir müddət əvvəl isə "EL" Hərəkatı Milli Şuradan istefa verib. Hərəkatın sədri Eldar Namazov qurumun uğursuzluqlarına səbəbkar kimi vahid namizəd Cəmil Həsənlini, onun AXCP-nin təsiri altında fəaliyyət göstərməsini göstərib. Müxalifət düşərgəsindəki proseslər, E.Namazovun açıqlamaları, "EL" Hərəkatının ana müxalifət olmaq iddiası və sair məsələlərlə bağlı "Kaspi"nin suallarını AXCP sədrinin müavini Razi Nurullayev cavablandırır.Razi Nurullayev: "Fərdi və partiya marağı olan insanlar heç vaxt düzgün analiz apara bilməzlər"