Azərbaycanda baş verən partlayışlarla bağlı rəsmi məlumat - YENİLƏNİB

14 Fevral 2014 15:36
15:36

Prokurorluq Bakıda baş vermiş partlayışlarla bağlı məlumat yayıb

Fevralın 13-də paytaxda baş vermiş partlayışlarla əlaqədar respublikanın hüquq mühafizə orqanları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib. Bu barədə Trend-ə Bakı şəhər prokurorluğundan məlumat verilib.
 

Belə ki, həmin tarixdə saat 16.30 radələrində Xətai rayonu ərazisində "Lukoil Azərbaycan" QSC-nin yanacaqdoldurma məntəqəsində yanacaq məhsullarının saxlanılması üçün nəzərdə tutulan yeraltı dəmir çənlərdə təmir işlərinin aparılması zamanı baş vermiş partlayış nəticəsində fəhlələr - Həsrət İmamverdiyev və Şamxal Orucovun ölmələri, Həşim Turabovun isə xəsarət alması faktına görə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsilə cinayət işi başlanıb.
 

İlkin araşdırma ilə partlayışın neft məhsullarının qapalı mühitdə buxarlanmasından yaranan təhlükəli hava-qaz qarışığının alışmasından baş verməsi ehtimal olunur.
 

Digər hadisə həmin gün saat 11 radələrində Binəqədi rayonu ərazisində yarımçıq tikilinin zirzəmisində baş verib.

İlkin araşdırmalarla qaz sızmasından baş verməsi ehtimal edilən partlayış nəticəsində Binəqədi rayon sakinləri - Fillurə Budaqova, Afiyət İbadova, Tamella Səfərova, Şücayət Qədimova və Tərlan Kazımov müxtərlif dərəcəli xəsarətləri alıb, avtomobil, yaşayış binası və ticarət obyektlərinə zərər dəyib. Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
 

Xəsarət almış şəxslər dərhal xəstəxanalara yerləşdirilərək onlara ilkin tibbi yardım göstərilib. Hadisələrin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə cinayət işləri üzrə zəruri ekspertizalar təyin edilib və hazırda istintaq tədbirləri davam etdirilir.


---------
13:44

DİN ötən gün Azərbaycanda baş verən partlayışlarla bağlı məlumat yayıb


Daxili İşlər Nazirliyi (DİN) ötən gün Binəqədi, Xətai və Biləsuvar rayonlarında baş verən partlayış hadisələri ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 13-də saat 10 radələrində Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində istifadə olunmayan yarımçıq tikilidə təbii qazın sızmasından partlayış baş verib. Nəticədə tikili dağıldığından yaxınlıqdakı ticarət obyektlərinin və yaşayış evlərinin şüşələri sınıb, Azad Möhbalıyevə məxsus "Mercedes" markalı avtomobilə qismən ziyan dəyib, xəsarət almış Bakı şəhər sakinləri Fillurə Budaqovaya, Afiyyət İbadovaya, Tamella Səfərovaya, Şücaət Qədimovaya və Tərlan Kazımova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Fevralın 13-də saat 16 radələrində Xətai rayonu Ramiz Quliyev küçəsində yerləşən "LUKOİL" yanacaqdoldurma məntəqəsinə məxsus çəndə qaynaq işləri aparılarkən partlayış baş verib. Nəticədə qaynaqçı Şamxal Orucov və fəhlələrdən Həsrət İmamverdiyev ölüb, digər fəhlə Həşim Turabova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Fevralın 13-də saat 15.40 radələrində Biləsuvar şəhərinin ərazisində yerləşən qaynaq sexində yanacaq daşıyan "KamAZ" markalı avtomobilin çənində qaynaq işləri aparılarkən partlayış baş verib. Nəticədə sürücü, Kəngərli rayon sakini Şaiq Cəfərli və Biləsuvar şəhər sakini Əjdər Poladov ölüblər, Baloğlan Poladov xəstəxanaya yerləşdirilib.

Milli.Az