Bakıdakı mənzil niyə qazlaşmır?

14 Fevral 2014 14:38
Nəsimi rayonunun Rəşid Behbudov 146 ünvanındakı binada yaşayan sakinlər ciddi problemlə üzləşiblər. Milli.Az xəbər verir ki, binanın Nərgiz adlı sakini  Day.Az saytına yazır:

"Problem bizim binada qazın yoxluğu ilə əlaqədardır. Bu soyuq günlərdə biz evlərimizi elektrik qurğuları ilə qızdırırıq. Hələ 2012-ci ildə mənzil-tikinti kooperativinin sədri Əzizə Əhmədova bizdən qazlaşma üçün 600 manat pul yığdı. Ancaq hələ də 21-mərtəbəli binada qaz yoxdur".

Məsələ ilə bağlı saytın əməkdaşı "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayevlə əlaqə saxlayıb. O, haqqında danışılan binaya doğrudan da qaz verilmədiyini təsdiqləyib.

"Ötən ilin sentyabr ayında mənzil-tikinti kooperativindəki bir bina qaz təchizatı sisteminə qoşulub. Digərində isə hələ qaz yoxdur. Məsələ burasındadır ki, kooperativin rəhbərliyi lazımi sənədləri "Azəriqaz"a təqdim etməyib. Biz qaz verməyə hazırıq, ancaq bunun üçün bütün lazımi sənədlər olmalıdır", - o əlavə edib.
 
"AQ Insaat Service" mənzil-tikinti kooperativinin sədri Əzizə Əhmədova isə deyib ki, binanın nə vaxt qaz alacağını dəqiq bilmir.

"Biz şəhər icra hakimiyyətindən ekspertiza nəticələrini almışıq, ancaq həmin sənədi həqiqi kimi qəbul etmədilər. Bildirdilər ki, bina Fövqəladə Hallar Nazirliyi tərəfindən təkrar ekspertizadan keçməlidir. Hələ ki, sənəd ala bilməmişik. Mən iki ildir ki, bu işin üzərində çalışıram, ancaq hələ ki, heç bir nəticə yoxdur. Məsələ diqqət mərkəzindədir", - Kooperativ sədri bildirib.
 
"AQ Insaat Service" mənzil-tikinti kooperativinin təsisçisi Akif Qurbanov, öz növbəsində deyib ki, məsələ yaxın zamanlarda həllini tapacaq.

Milli.Az