Hindistandan Microsoft-a aparan yol

13 Fevral 2014 20:32
4 fevral. "Microsoft"un kampusunda erkən səhər çağı. Tamamilə boş bina, sükut. Satya Nadella bu gün ofisə hamıdan əvvəl gəlib. O, həyatında ilk dəfə baş direktor vəzifəsində birinci müsahibəsini verəcək. "Biz qürur gətirəcək işlərlə məşğul olacağıq. Biz heç yerə tələsməyəcəyik. Biz inanılmaz məhsullar hazırlayacağıq" ifadələri ilə menecer müsahibəsinə optimist başlayır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Satya Nadella "Microsoft"da 1992-ci ildən işləməyə başlayıb, onu proqram nəhənginin veteranı adlandırmaq olar. Hərçənd ki 22 il redmond korporasiyasının mövcudluğunun yalnız yarısını əhatə edir, o, şirkətə ən məsuliyyətli anda (yeni "Windows NT" texnologiya platforması üzərində aparılan işlər başa çatdırılanda) gəlib. 

Qısa bioqrafiya

Satya Nadella 1967-ci ildə Hindistanın Heydərabad şəhərində dövlət qulluqçusunun ailəsində doğulub. Bu şəhər Andxra-Pradeş ştatının inzibati mərkəzidir və Hindistanın yüksək texnologiyalar sahəsində əsas mərkəz adı uğrunda Banqalor şəhəri ilə rəqabət aparır.

Nadella uşaqlıqdan informatika ilə maraqlanıb. Manqalur Universitetində elektrotexnika üzrə bakalavr dərəcəsinə sahibləndikdən sonra təhsilini ABŞ-da davam etdirib: Viskonsin ştatının Universitetində informatika üzrə magistr dərəcəsi alıb. Uğurlu karyera üçün yalnız texniki təhsilin kifayət etməyəcəyini başa düşən Nadella Çikaqo Universiteti yanında Biznes Məktəbində bazar kurslarında təhsilini davam etdirərək işgüzar inzibatçılıq üzrə magistr dərəcəsinə yiyələnib.

Onun yüksək texnologiyalar sahəsində birinci iş yeri "Sun Microsystems" olub. Orada az müddət işləyib və artıq 1992-ci ildə "Microsoft"a keçib və "Windows NT" platformasında "Program Manager" üçün proqram örtüyünün hazırlanması bölməsində işə başlayıb. Gələcəkdə "Microsoft" korporasiyası "NT" platforması əsasında bütün biznesi inkişaf etdirib və "Windows 8.1" əməliyyat sistemi birbaşa onun nəslidir.

"Microsoft"da karyera nərdivanında sürətlə irəliləyir

O, karyera nərdivanında sürətlə irəliləyərək "Onlayn xidmətlər" divizionunda tədqiqat və hazırlama üzrə baş vitse-prezident postuna ucalır. Bundan sonra o, "Microsoft Business Solutions" (MBS) qrupunun vitse-prezidenti olub, daha sonra korporativ məhsullarla məşğul olan "Microsoft Server and Tools Business" bölməsində prezident vəzifəsində çalışıb.

2013-cü ilin yayında Nadella "Microsoft Cloud and Enterprise" qrupunun icraçı vitse-prezidenti postuna təyin edilib.

Yeni hədəflər

Nadellanın karyera nərdivanında sürətlə yüksəlməsi "Microsoft"un biznes bölmələrində məhsul və xidmətlərin inkişafı ilə bağlı olub. Nadella korporativ bazara yaxşı məlum olan "Microsoft Commerce Server", "BizTalk Server", "Microsoft Office Small Business", "Microsoft Dynamics ERP" və "CRM" kimi məhsulların inkişafına cavabdehlik daşıyıb.

Nadellanın xidmətləri obyektiv göstəricilərlə qeydə alınıb. İlbəil "Microsoft"un biznes bölməsi üzrə orta hesabla 9% gəlir artımı müşahidə olunub.

Nadellanın CEO postuna seçilməsi onun qarşısında yeni hədəflər qoyur. O, "bulud" xidmətlərin inkişafı üzərində rəhbərliyi öz üzərinə götürməlidir. "Microsoft"un internet biznesi sahəsində mövqeyini möhkəmləndirməsini çoxları gözləyir. Mobil istiqaməti möhkəmləndirmək üçün xeyli iş görmək lazımdır. "Nokia" şirkətindən satın alınmış smartfon biznes inteqrasiyasını davam etdirmək, "Windows 8.1" və "Windows Mobile" ekosistemlərini təkmilləşdirmək lazımdır.

Proqram nəhənginin son hesabatına əsasən, onun gəliri 14% artaraq 24,5 milyard dollar təşkil edib. Mobil qurğuların satış həcmində irəliləyiş var, "Xbox" oyun, korporasiya yenidən "bulud" bölməsinin maliyyə nəticələrini artırıb.

Yeni CEO seçimi: lehinə və əleyhinə

Nadella "Microsoft"un baş direktoru vəzifəsinə yeganə namizəd olmayıb. Məsələn, "Ford Motor" avtomobil istehsalçısının prezident və baş direktoru Alan Mulalli bu vəzifəyə namizəd idi. Lakin şirkətin nümayəndələri hesab ediblər ki, bu cür istiqamət dəyişikliyi çox təhlükəli ola bilər.

Ən gözlənilən namizədlərdən biri "Nokia" şirkətinin baş direktoru Stiven Elop idi. O, zəngin təcrübəyə malik bir şəxsdir. Ehtimal ki, korporasiya nümayəndələri belə qərara gəliblər ki, son nəticədə "Microsoft"da heç bir dəyişiklik olmayacaq. Proqram nəhənginə isə hazırda mühüm dəyişikliklər lazımdır.

Bundan başqa, "Skype"ın keçmiş baş direktoru Toni Beyts də namizədlər sırasında idi.

Əvvəlki komandadan olan Nadellanın seçilməsi onu göstərir ki, yeni inkişaf kursunun axtarışı rəvan gedəcək və biznes üçün ciddi risk olmayacaq. Analitiklər Nadellanın seçilməsini uğurlu hesab edirlər, "Microsoft"un korporativ mədəniyyətinə inteqrasiyanı və başqa top-menecerlərlə eyni münasibəti onun güclü tərəfi adlandırırlar.

"Microsoft"un həmtəsisçisi Bill Qeyts baş direktorun texnologiya məsləhətçisi olacaq, buna görə o, direktorlar şurasının sədri vəzifəsini tərk edib.

Milli.Az