"Çıraqov və başqaları Ermənistana qarşı"

13 Fevral 2014 14:16

6 həmvətənimiz 1 milyondan artıq qaçqın və məcburi köçkünün timsalında ən ali hüquq instansiyasında təcavüzkardan hesab sorur

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplər əsasında həlli istiqamətində aparılan sülh danışıqlarının müsbət nəticə verəcəyinə, ərazilərimizin işğaldan azad ediləcəyinə inam son zamanlar daha da artmaqdadır. Bunun səbəblərindən biri və əslində, birincisi Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsi, nail olduğu sosial-iqtisadi inkişafla bağlıdır. Bununla belə, diplomatik və informatik hücum taktikası da burada əsas amillərdən hesab olunur. Azərbaycanın haqlı mövqeyinin son zamanlar birmənalı şəkildə müdafiə olunması da öz müsbət təsirini göstərməkdədir. Eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların müəyyən qərar və qətnamələr qəbul etmələrinə baxmayaraq, bu münaqişənin aradan qaldırılmasında təcavüzkar Ermənistanla ərazilərinin 20 faizi işğal altında qalan, bir milyon 200 min nəfər qaçqın və məcburi köçkünü olan respublikamıza eyni münasibət (əslində, təcavüzkarın tutduğu qeyri-konstruktiv mövqenin dolayısı ilə dəstəklənməsi) dünyada ikili standartların davam etdiyini ortaya qoyur. Bu isə nəticə etibarilə mövcud milli münaqişələrin həlli müddətinin uzadılması, problemin aradan qaldırılmasının məqsədli şəkildə ləngidilməsi anlamına gəlir.

Təcavüzün qurbanları təkcə insanlar olmayıb...

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 4866 nəfər itkin düşüb, 100 min nəfər yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlilə çevrilib.

Azərbaycanın mədəni irsini təşkil edən obyektlər də Ermənistanın vandalizm siyasəti nəticəsində qəddarcasına məhv edilib. İşğal altında qalan ərazilərdə 12 muzey və 6 şəkil qalereyası, tarixi əhəmiyyətli 9 saray yerlə-yeksan olunub. 40 min ədəd tarixi-etnoqrafik əhəmiyyətə malik eksponat Ermənistana daşınıb. 44 dini məbədlə 18 məscid dağıdılıb. Yandırılan 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və xüsusi əhəmiyyətli əlyazma nümunələri məhv edilib. İşğal olunmuş ərazilərdən didərgin düşmüş insanların məruz qaldığı mənəvi-psixoloji sarsıntı və zərbələrlə yanaşı, Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasının hasablamalarına əsasən (mal və mülkün bazar iqtisadiyyatına uyğun olaraq qiymətlərin müntəzəm şəkildə dəyişilməsinə baxmayaraq), Azərbaycan iqtisadiyyatına dəymiş 300 milyard ABŞ dollarından çox maddi ziyanı da bura əlavə etsək, Ermənistanın necə təcavüzkar olması dəqiq ifadə edilə bilər.

Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış rayonlarından biri olan Laçın 18 may 1992-ci il tarixdə düşmən əlinə keçmişdir. Laçına təcavüzün səbəbi coğrafi baxımdan ərazisinin strateji əhəmiyyət daşıması, Dağlıq Qarabağla Ermənistan arasında "dəhliz" olması o zamankı səriştəsiz hakimiyyət hərislərinin "diqqətini cəlb etməmişdi". Onlar işğala aparan "Laçın dəhlizi"ni bağlamaq, ərazilərin müdafiəsini möhkəmləndirmək əvəzinə respublikamızın strateji əhəmiyyətli yüksəkliklərini nəzarətsiz buraxmışdılar. Bundan istifadə edən daşnak quldurlar rayonun yeni salınmış Qayğı qəsəbəsini, 120 kəndini, 13745 fərdi yaşayış evini, 300-dən artıq tarixi abidəni, 217 mədəniyyət ocağını, 150 təhsil müəssisəsini, 142 səhiyyə obyektini, 48 sənaye, 63 kənd təsərrüfatı, 460 ticarət şəbəkəsini darmadağın etdilər. Qəsd, divan təkcə bu sadalananlarla qurtarmır. Dövlətə və şəxsi əmlaka dəyən ziyanı da bura əlavə etsək, daha dəqiq mənzərə alınar. İşğal zamanı şəxsi və ictimai təsərrüfatların 135 min başa yaxın mal-qarası Ermənistana aparılıb. 14 minə yaxın fərdi yaşayış evinin daş üstdə daşı qalmayıb. Rayona, ümumiyyətlə, 7,1 milyard ABŞ dolları məbləğində maddi ziyan vurulub.

İşğal tarixindən ötən müddət ərzində Ermənistanın beynəlxalq birlik tərəfindən təcavüzkar kimi tanınmasında Azərbaycan dövlətinin diplomatik nailiyyətləri artıq silsilə xarakteri almaqdadır. Belə uğurlardan biri də laçınlı Çıraqov qardaşları və digərlərinin onlara vurduğu maddi və mənəvi zərərin ödənilməsi üçün təcavüzkar Ermənistanı Avropa İnsan Haqları Məhkəməsinə verməsi və qaldırılan iddianın müəyyən proseslərdən uğurla keçməsidir.

Vəkillərin mövqe savaşı: hücumda iddiaçılar, müdafiədə cavabdehlərdir

Laçın rayonundan olan məcburi köçkünlərin iddialarını Böyük Britaniyadan bir qrup vəkil müdafiə edib. Bu prosesdə dövlətimiz adından Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, şöbənin baş müşaviri Otari Qvaladze, həmçinin Malkom Şou və Qabriel Lanski iştirak ediblər. Ermənistan tərəfindən də prosesə rəsmi təmsilçi və vəkillər qatılıblar. AİHM-in son iki iclasında 6 nəfər iddiaçıdan Laçın rayonundan məcburi köçkün olan Akif Həsənovla Fəxrəddin Paşayev iştirak ediblər.

"Çıraqov və başqaları Ermənistana qarşı" adlı işə 22 yanvar 2014-cü il tarixdə AİHM-in Böyük Palatasında növbəti dəfə lüksemburqlu hakim Din Şpilmanın sədrliyi ilə baxılıb. İclasda 19 hakim, o cümlədən AİHM-in Azərbaycandan olan hakimi Xanlar Hacıyev, Ermənistandan isə Alvina Gülümyan iştirak ediblər. Azərbaycan tərəfini rəsmi olaraq respublikamızın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov təmsil edib.

Qeyd edək ki, iddiaçılar 1992-ci il may ayının 18-də Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldığına görə, zorla evlərindən qovulub, mülkiyyətləri ermənilərin əlinə keçən məcburi köçkünlərdir. Onlar iddia ərizələrində göstəriblər ki, Laçına qayıda bilmədiklərinə görə, öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib. İddia ərizəsi İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququ) maddələrinə əsaslanır. İddiaçılar, həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını da bildiriblər. Şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub. Həmin vaxtdan başlayan məhkəmə prosesinin hazırkı vəziyyəti ilə yaxından tanışlıq üçün Strasburqda Avropa İnsan Haqları Məhkəməsində keçirilən növbəti 2-ci islasdan qayıdan Fəxrəddin Paşayev və digər iddiaçılarla görüşdük.

Laçına aparan yollar hələlik "Laçın dəhlizi"ndən deyil, Avropa Məhkəməsi dalanlarından keçir...

Fəxrəddin Paşayevlə Akif Həsənov indiyə kimi keçirilən iki məhkəmə prosesində iştirak etdiklərindən vəziyyəti daha dəqiq qiymətləndirirlər. Fəxrəddin Paşayev vacib hesab etdiyi məqamlara toxundu: "Avropa İnsan Haqları Məhkəməsinə yalnız biz müraciət etməmişdik. Bizim iddiamızın 2005-ci ildə qəbul edilməsindən sonra ərizəmizlə bağlı 4 dəfə (6 aprel 2005-ci il, 15 sentyabr 2010-cu il, 9 yanvar 2012-ci il və 22 yanvar 2014-cü il tarixlərində) məhkəmə keçirilib. Bu il yanvar ayının 22-də Strasburqda məhkəmə iclası keçirilməmişdən bir gün öncə işlə bağlı Azərbaycan ilə Ermənistan tərəfindən ayrılmış vəkillər görüşdülər. Əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqlarının aparıldığı bir vaxtda təcavüzkar dövlətin Avropa İnsan Haqları Məhkəməsində dindirilməsi, ilk növbədə, işğalçılıq faktının bir daha təsdiqi deməkdir. Bizim məqsədimiz yalnız şəxsi mülkiyyətimizin Ermənistan tərəfindən zorla, təcavüz vasitəsilə alınmasını dünyaya bəyan etmək deyil, bütövlükdə bu işğalçılıq faktını belə bir mötəbər beynəlxalq məhkəmədə təsdiq etdirməkdir. Düşmən tərəfin vəkilləri bunu anladıqları üçün müxtəlif variantlara əl atırlar ki, işğalçılıq faktını təkzib etsinlər. Amma bizim vəkillər Malkom Şou, Urdaneta Vitek, Qabriel Lanski və Hannes Tretter onları fakt qarşısında qoyublar. Çünki əlimizdə təkzibolunmaz əsaslar var. Vəkillərimiz beynəlxalq birlik tərəfindən təsdiqini tapan sənədlər əsasında sübut edirlər ki, Dağlıq Qarabağa və işğal altında qalan ətraf rayonlara faktiki olaraq Ermənistan nəzarət edir. Ermənistanın işğalçı olması, separatçı "Dağlıq Qarabağ" rejimi ilə işbirliyi barədə də sübutlar gətirilir".

Yeri gəlmişkən, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının "Çıraqov və başqaları Ermənistana qarşı" adlı iş üzrə keçirdiyi növbəti prosesdən sonra Azərbaycan tərəfinin vəkili Qabriel Lanski jurnalistlərə açıqlamasında konkret olaraq dedi: "Bugünkü proseslə əlaqədar fikirlərim kifayət qədər optimistdir. Qərarın verilməsi 6 ay çəkə bilər. Lakin qəbul ediləcək qərarın nədən ibarət olacağını, təbii ki, yalnız onun çıxarılmasından sonra biləcəyik, ancaq mən çox optimistəm. Bu prosesdə uğur qazanacağıq".

22 yanvar 2014-cü il tarixli məhkəmə prosesindən sonra Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə açıqlama verərkən deyib: "Ədalətli yanaşsaq, Azərbaycan tərəfi bugünkü prosesdə doğrudan da haqlı görünürdü. Qarşı tərəfin, yəni erməni nümayəndələrinin çıxışından da aydın gördük ki, arqumentsizlikdən böhtan və yalan danışmağa məcbur oldular. Məsələn, onlar deyir ki, Ermənistan ordusu bu əməliyyatlarda iştirak etməyib. Dağlıq Qarabağ ərazisində Ermənistan silahlı qüvvələri yoxdur. Digər tərəfdən, Ermənistanın bu işdə iştirakçı olmadığını söyləsələr də, hər dəfə şikayətlərin gəlib Ermənistan məhkəmələrindən keçdiyini deyirlər. Amma dolayısı ilə özləri də boyunlarına alırlar ki, onların əsgərləri işğal olunmuş ərazilərdə hərbi xidmət keçir, oradakı hakimlər Ermənistan dövlətinin qanunvericiliyi ilə işləyirlər. Ümumiyyətlə, prosesdən bir daha aydın oldu ki, Ermənistan Respublikası Dağlıq Qarabağ üzərində hərtərəfli nəzarəti həyata keçirir və bunu erməni tərəfi dolayısı ilə etiraf edir. İndi biz möhtərəm hakimlərdən də gözləyirik ki, bütün bunları anlayıb düzgün mövqe tutsunlar, Azərbaycanın məcburi köçkünlərinin haqlı mövqeyini dəstəkləsinlər".

Proses Ermənistana qarşıdır

Vəkil Qabriel Lanski isə vurğulayıb ki, iddia tərəfinin əsas strategiyası Strasburq Məhkəməsinin son müsbət qərar verməsinə nail olmaqdır: "Belə bir tarixi qərar regionda və Azərbaycanın işğal edilmiş ərazilərində gələcəkdə insanların sülh şəraitində birgə yaşaması baxımından böyük hadisə ola bilər. Bildiyiniz kimi, tək Avropa Şurası deyil, bir çox digər beynəlxalq təşkilat da bu ərazilərin Ermənistan tərəfindən işğal olunduğunu bəyan edib. Bu baxımdan mən tam əminəm ki, proses Ermənistana qarşı aparılmalıdır. Erməni tərəfinin azərbaycanlıların guya Dağlıq Qarabağdakı məhkəmə instansiyalarına şikayət verməli olduqları haqda dedikləri tam əsassızdır. Tam əminəm ki, azərbaycanlılar bu gün nə işğal olunmuş Dağlıq Qarabağ, nə də Ermənistan məhkəmələri qarşısında iddia qaldıra bilərlər. Ona görə də bu işlə bağlı yalnız Avropa İnsan Haqları Məhkəməsinin qərarına ehtiyac var".

Fəxrəddin Paşayev hesab edir ki, erməni tərəfinin apardığı bu oyunu məhkəmə hakimləri də yaxşı anlayır. Ona görə də onların özünümüdafiə oyunları qəbul edilməyəcək: "Qaldı ki, ümumiyyətlə, davam edən məhkəmə proseslərinin uğurlu sonluğuna inamımıza, bunun da səbəbləri var. İlk növbədə, Azərbaycan dövlətinin hər bir vətəndaşının pozulmuş hüquqlarının müdafiəsində göstərdiyi dəstək beynəlxalq məhkəmələrin diqqətindən yayına bilməz. Biz, eyni zamanda, dövlətimizin mövqeyimizi müdafiə etməsindən ürəklənib düşmən tərəfindən pozulmuş hüquqlarımızın bərpası iddiasını qaldırmışıq. Dövlət başçısı cənab Prezident İlham Əliyevin, adları yuxarıda çəkilən vəkillərimizin, Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsinin, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun, Avropa Hakimlər Kollegiyasının üzvü və orada çalışan, Azərbaycana qanı və canı ilə bağlı tərcüməçi Saniya xanım Karakaşın, eləcə də Mustafa Gündoğdunun bu işdə bizə göstərdiyi mənəvi yardımı çox önəmlidir".

Ermənilərin daha bir saxta oyunu məhkəmədə rədd edilib

Məhkəməyə təqdim edilən materiallar iddiaçı tərəfin, yəni laçınlı məcburi köçkünlərin bu işdə uğur qazanacağına tam əminlik yaradır. Bu işin 2011-ci ildə məhkəmə tərəfindən icraata götürülməsi haqqında qəbul etdiyi qərar isə prosesin uğurla sona çatması istiqamətində ilk addım idi. Bunlardan başqa, Ermənistan tərəfinin saxta özünümüdafiə taktikasının da fiaskoya uğraması iddiaçıların bu işdə uğur qazanacağına əminlik yaradır. Belə ki, erməni vəkillər avropalı hakimləri inandırmağa çalışıblar ki, Azərbaycan tərəfindən iki nəfər iddiaçı olub və onların itirdikləri mal-mülk dəyərləndirilərək əvəzi ödənilib.

Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi hesab edir ki, belə bir iddia adi erməni fırıldaqçılığının nümunəsidir. Ermənilər məhkəmə iclasından əvvəl də belə iddiaları irəli sürmüş, lakin müəyyən edilmişdir ki, Ermənistanın məhkəmələrində İran vətəndaşlarının işlərinə baxılmış və bu işlər, ümumiyyətlə, mülki-hüquq münasibətlərinə aid olmamışdır. Ona görə ermənilərin bu saxta oyunu da rədd edilib.

Bu cür yalanın başqa bir misalı: ermə

nilər, həmçinin laçınlı məcburi köçkünlərin evlərinin dağıdılmamasını bildirmişlər. Lakin Azərbaycan hökuməti məhkəməyə ərazinin peykdən çəkilmiş foto-görüntülərini təqdim edərək bir neçə iddiaçının mülkiyyətinin hansı vəziyyətdə olduğunu sübut etmişdir.

Bu işdə fəal mövqe tutmuş Azərbaycan hökuməti öz vətəndaşlarının hüquqlarının müdafiəsi üçün məhkəmə prosesində, demək olar ki, əsas rol oynadı. Bu məqsədlə çoxsaylı sübutlar, o cümlədən rəsmi sənədlər, müxtəlif beynəlxalq təşkilatların hesabatları, xarici mətbuatda dərc edilmiş məqalələr, bəyanatlar, ermənilərin yaydığı məlumatlar, foto və video materiallar Azərbaycan tərəfindən Avropa Məhkəməsinə təqdim edilmişdir.

...Hələ qarşıda 5 ay var. Yəni növbəti, həlledici qərarın 5 aydan sonra qəbul ediləcəyi gözlənilir. Bu ilin yay aylarında Avropa İnsan Haqları Məhkəməsinin qəbul edəcəyi qərardan çox şeylər asılıdır. Bu, bir qrup iddiaçı məcburi köçkünün Ermənistan tərəfindən pozulmuş hüquqlarının müdafiəsi ilə yanaşı, həm də ədalətin beynəlxalq aləmdə bərpası demək olardı.

"Azərbaycan"