Qadın-kişi münasibətləri: boyun nə fərqi var ki?

12 Fevral 2014 13:51
Şimali Texas və Rays universitetinin alimləri maraqlı araşdırma aparıblar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, sevgili cütlüklər arasında sorğu keçirən alimlər münasibətlərdə boyun nə qədər əhəmiyyət kəsb etdiyini araşdırıblar.

Məlum olub ki, müasir dünyada qadınlar əvvəllər də olduğu kimi özlərindən hündür kişiyə üstünlük verirlər. Alimlər bunun səbəbini belə izah edirlər: hündür kişinin yanında qadın özünü güvəndə hiss edir. Tələbat isə genetik yaddaşla bağlıdır.

Sorğuda iştirak edən bəzi qadınlar bildiriblər ki, kişinin gözlərinə aşağıdan baxmağı xoşlamırlar. Digərləri isə bildiriblər ki, hündür olmayan kişinin yanında dikdaban ayaqqabı geyinmək olmur. Qucaqlaşanda da gözəl görünmür. Bir sözlə, qadınlar məsələyə estetik cəhətdən də yanaşırlar.

Sorğuda iştirak edən kişilərin çoxu isə boyun əhəmiyyət daşımadığını deyib. Boyu 172 santimetr olan 455 kişi və boyu 162 sm olan 470 nəfər qadın arasında keçirilən sorğuda kişilərin cəmi 13,5%-i özlərindən alçaq qadınla olmaq istədiklərini deyiblər. Qadınların isə yarıdan çoxu özlərindən hündür kişi ilə görüşü arzuolunan hesab ediblər.

Milli.Az