60 sot torpaq, təyyarə kəlləsi və 1 bələdiyyə sədri - REPORTAJ

10 Fevral 2014 18:50

Və ya "zerkalnı" nömrəylə kolluq alveri necə baş tutdu?

...- Salam. Qələdüz kəndindəki təyyarə-restoranla bağlı reportaj hazırlamaq istərdik...

- Ora mənim deyil. Düz yazmayıblar. Yiyəsi Bəxtiyar Şahvalovdur. O da burada deyil.

Bu, Quba rayonunun Qələdüz kənd bələdiyyəsinin sədri Natiq Bəkmirzəyevlə telefon söhbətimdəndir. Hələ o vaxt həmin ərazidə deyildim. Sadəcə, reportaj hazırlayarkən, onun da fikirlərini öyrənmək üçün müraciət etmişdim. Razılıq vermədi. Hətta çəkilişə də. Amma təyyarə-restoran özünün deyilsə, çəkilişə icazə verməməyə ixtiyarı varmı? Analoji sual yenə ortaya çıxacaq. Amma hələlik təyyarə-restoran barədə...

Qələdüz kəndi Quba-Qusar yolundan solda Qudyalçay çayı kənarında yerləşir. Təyyarə-restoran isə Dağlı kəndinin qurtardığı, "Qələdüz bələdiyyəsi" sözləri yazılmış lövhəyə çathaçatda İctimai Televiziyanın (İTV) istirahət zonası ilə üz-üzədir. Dərhal diqqəti cəlb edir. Baxmayaraq ki, 3 metrədək hündürlükdə hörülmüş divarla əhatələnib. Divarın yanından kiçik cığırla keçib içəri daxil oluram. Heç kim gözə görünmür. Divardan hörülən dayaq üzərində kabinə və salondan ibarət təyyarə otuzdurulub. Üzü çaya doğru. Bu istiqamətdə düzənlik sahə 10 metr ya ola, ya olmaya. Sonra kolluqlar və çayın yatağı başlayır. Təyyarənin qanadı olmasa da, yanacaq çəni saxlanılıb. Ətrafda bir neçə ev, hətta villa görünür.

Bayrağımızdakı ayparanın tərsinə qoyulduğu...

Markası "TU-134B"dir, solunda və sağında ingiliscə "Azerbaijan" ("Azərbaycan"), ön hissəsində "Sheki" ("Şəki") yazılıb. Qanadları olmadığından, hansı hava yolları şirkətinə məxsus olduğu bilinmir. Amma hər halda Azərbaycanındır. Nə olsun ki, burada da bayrağımızdakı aypara təsviri tərsinə çevrilib. Kim bilir, vaxtilə haraları gəzib-dolaşıb. Amma indi divardan hörülmüş hasarın üstündən qalxmağa heyi yoxdur. Vaxtilə hər uçuşunda 100-dən çox insanı ağuşuna alıb. Lakin indi nəinki göyərtəsində, hətta ətrafında 1 nəfər belə gözə dəymir. Amma yenə yüksəkdədir. Təyyarənin ətrafına bir neçə dəfə dolaşıb müxtəlif yöndən şəkillərini çəkirəm. Bilərəkdən ləngiyirəm, "Bəlkə yiyəsi gəlib çıxar" deyə. Amma heç kim gəlib "Burda nə edirsən?" demir. Hətta Bəkmirzəyevin nişan verdiyi torpaq yiyəsi Şahvalov da. Təyyarə-restoranın içərisinə daxil olmaq isə mümkünsüzdür. Çünki hələ pilləkənləri qoyulmayıb. Arxasındakı boşluğu isə polietilenlə örtülüb.

Kolluqla birgə satışa çıxarılan təyyarə-restoran

Hasara alınmış ərazidən çölə çıxıram. Hasarın ucsuz-bucaqsız olduğunu görüb addımla ölçməyə başlayıram. Yolun yarısına çatarkən, divardakı "Satılır, 60 sot" elanı diqqətimi çəkir. Hətta elanda "zerkalnı" telefon nömrəsi də. Divarın uzunluğu 170 metrdi. Deməli, 60 sot torpağın düzəlməsi üçün eni 35 metrədək olmalıdır. Halbuki ərazinin düzənlik hissəsinin eni heç 10 metr olmaz. Belə çıxır ki, buranı kolluqlarla birgə satışa çıxarıblar. Doğrudanmı bundan bələdiyyə sədrinin xəbəri yoxdur?

Torpağın sotu 3000 dollara

Divarda yazılan telefon nömrəsini yığıram. Səs tanış gəlir. Ona görə də jurnalist yox, potensial müştəri kimi danışıram:

- Təyyarəli torpaq sahəsini almaq üçün zəng etmişdim. Bura sizindir?

- Mənim yox, yaxın adamındır. Amma mənimlə də danışa bilərsən.

- Qiyməti neçəyədir?

- Sotu 3000 dollara.

- Deməli 180000 dollar edir. Təyyarə-restoranla birgə satırsınız?

- Yox, o, qiymətə daxil deyil.

- Sizinlə qiymətdə razılaşsam, yiyəsi problem yaratmaz?

- Yox. Dedim axı, yiyəsi yaxın adamdır.

- Bəs təyyarə-restoran neçəyədir?

- Onu razılaşarıq. Mən indi Xaçmazdayam, axşama Qubada olacağam. Görüşüb-danışarıq.

- Oldu. Mən də bu axşam Qubada olacağam.

Görüşün vaxtını və yerini təyin edirik...

"Kimdir o torpağı təyyarə-restoransız alan?"

Söhbət zamanı İTV-nin istirahət zonası qarşısında 2 nəfər görünür. Onlara yaxınlaşıram. İstirahət zonasının əməkdaşları olduqlarını deyirlər. Amma yerli ləhcə ilə danışırlar. Mənim isə özümü təqdim etməyə ehtiyac olmur. Zatən, telefon danışığımdan hiss ediblər ki, 60 sotluq torpaq sahəsinin potensial müştərisiyəm. Ona görə də dərhal keçirlər mətləbə...

- Torpağı almaq istəyirsən?

- İstəyirəm, amma deyir ki, təyyarə-restoran qiymətə daxil deyil.

- Kimdir o torpağı təyyarə-restoransız alan? İçəridə torpaq var ki... 5-10 metrdən sonra xəndək başlayır.

- İçəri girib baxdım. Mənzərəli yerdir. Qudyalçaya çıxışı da var.

Təyyarənin nə vaxt gətirildiyini də soruşuram. Deyirlər ki, 7 ay əvvəl gəlib. Amma təyyarəni gətirəni və obyektin yiyəsini - Bəxtiyar Şahvalovu tanımırlar. "İstənilən halda, bələdiyyə sədrinin xəbəri olmadan satıla bilməz" söyləyirlər.

Özünü dolaşığa salan bələdiyyə sədri

İstirahət zonasının əməkdaşları ilə sağollaşdıqdan sonra bələdiyyə sədrinin məndə olan telefon nömrəsinə zəng edirəm. Yenə tanış səs. Bu dəfə jurnalist kimi danışıram...

- Sizinlə gəlməmişdən öncə də əlaqə saxlamışdım. Təyyarə-restoran barədə bəzi məlumatları verə bilərsiniz?

- Axı dedim, ora mənim deyil. Yiyəsi isə çəkilişə icazə vermir.

- Mən televiziyadan gəlməmişəm. Yazı hazırlayıram, bəzi məlumatlar almaq istərdim.

- Deyəsən, bayaq da sən zəng etmişdin. Torpağı almaq istədiyini deyirdin.

- Mən bu nömrəyə zəng etməmişdim. O nömrə də sizindir?

- Bəli.

"Elə isə niyə divarda sizin nömrənizi yazıb?" Yox, bu sualı ona ünvanlamıram. Sadəcə, fikrimdən keçirir. Ola bilsin, yiyəsi həqiqətən də Qubada çox olmur, hər müştəri ilə danışıb-görüşməyə vaxtı yoxdur. Ona görə də torpağını satmağı bələdiyyə sədrindən xahiş edib. Bəs "Bayaq da sən zəng etmişdin" deyərək, özünü niyə dolaşığa salır? Axı bu sözü deməsəydi, tanış səsin yiyəsi mənə müəmmalı qala bilərdi? Deyəsən, bunu az sonra anlayır. Mənə zəng edir. "Yiyəsi çəkilişə icazə vermir" deyə bir daha xəbərdarlıq edir.

X X X

Bax belə... Əslində məqsədim təyyarənin içi və çölündən reportaj hazırlamaq idi. Tarixçəsini, Qubaya necə gəlib-çıxdığını da bilmək maraqlı olardı. Amma nə yiyəsi olduğu deyilən bələdiyyə sədrini gördüm, nə də onun nişan verdiyi torpaq sahibini. Əvəzində "Görəsən, bələdiyyə sədri 2 gün əvvəl zəng etməyimə baxmayaraq, söhbətdən qaçır?" sualına cavab tapa bildim. Demək, bu qədər torpağı daha yaxşı qiymətə satmaq üçün orijinal üsul tapılıb. Necə deyərlər, "60 sot torpaq, 1 təyyarə kəlləsi, 1 bələdiyyə sədri. Vəssalam, şüttamam!"

Lent.az