Azərbaycan silkələndi: təkrar təkanlar ola bilər - YENİLƏNİB - FOTO - VİDEO

10 Fevral 2014 19:41
19:41

"Bu gün baş vermiş zəlzələ təbii ki, güclü olub".

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Q. Yetirmişli bildirib ki, zəlzələnin episentri yerin 55 kilometr dərinliyində yerləşdiyinə görə, Azərbaycan üçün bu, çox böyük hesab olunur: "Adətən Azərbaycan ərazisində zəlzələlərin episentri 8, 10, 12, 20 km dərinlikdə olur. Bu gün baş vermiş zəlzələ isə Saatlıdan 41 km şimali-şərq istiqamətində, Hacıqabul ərazisində qeydə alınıb. Zəlzələnin gücü Rixter cədvəli ilə 5.7 bal olub. Zəlzələ Azərbaycanın bütün ərazisində hiss olunub, dərində baş verdiyi üçün dağıntıları əmələ gətirməyib. Zəlzələ hiss olunan ərazilərlə əlaqə yaratmışıq, heç bir dağıntı yoxdur. Əlbəttə ki, hansısa köhnə tikililərdə yüngül çatların əmələ gələcəyi istisna deyil".
 

Q.Yetirmişli qeyd edib ki, 2012-ci ilin may ayında Zaqatalada baş vermiş zəlzələnin gücü ilə bu gün baş verən zəlzələ, demək olar ki, eynidir: "Sadəcə, fərq ondadır ki, bugünkü zəlzələ dərində baş verib. Əgər dərinlik az olsaydı, onun hiss olunma dairəsi az olardı, qısalardı, eyni zamanda dağıntısı çox olardı".
 

Amerikalıların əvvəlcədən verdiyi seysmoloji proqnoza da aydınlıq gətirən Q. Yetirmişli bildirib ki, onlar əvvəldən şayiələr yayıblar: "Onlar heç vaxt zəlzələnin nə zaman baş verəcəyi və nəticədə nə qədər insanın öləcəyi barədə dəqiq məlumat verməyiblər. Bunların hamısı şayiələrdir. Amerikalılar Azərbaycanın Geologiya İnstitutu ilə 14 ildir tədqiqatlar aparırlar, gərginlik zonalarını müəyyən etmək, litosferdə gedən dinamik proseslərin nəticəsi olaraq plitələrin hərəkət istiqamətini müəyyən edirlər. Elmi araşdırma aparanların heç biri zəlzələnin olacağı və insan tələfatı ilə bağlı hansısa məlumat verməyib. Bunu, sadəcə, üzə çıxarıb, insanları yalandan təşvişə salırlar".
 

Zəlzələnin səbəbinə gəlincə isə direktor yerdaxili geodinamik proseslərin getdiyini önə çəkib: "Tektonik qırılmalar boyu blokların hərəkəti, sıxılma, genişlənmə mövcuddur. Onun nəticəsi olaraq da yer üzərində dalğa şəklində silkələyir və zəlzələ baş verir. Zəlzələnin gedib-qayıtması fikri isə əsasən, el arasında işlənir. Zəlzələ olanda, uzununa dalğanın sürəti böyükdür. Ondan sonra məsafə etibarı ilə eninə dalğadır və onun sürəti zəif olduğuna görə dağıdıcı dalğadır. Buna əsasən də el arasında bu cür ifadə səslənir. Əslində isə eninə dalğanın sürəti zəif olduğuna görə enerji boşalması gedir və çox silkələnmə müşahidə olunur".
 

Bundan sonra zəlzələnin başvermə ehtimalına gəlincə isə Q.Yetirmişli bildirib ki, Azərbaycan seysmoaktiv bölgədə yerləşir və burada tez-tez zəif təkanlar baş verir.


--------
19:19


Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Trend xəbər verir ki, nazirliyin rəsmi saytında dərc olunan məlumat deyilir: "Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, fevralın 10-da saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul rayonu ərazisində, 55 km dərinlikdə zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5,7 maqnituda (12 ballıq cədvəl üzrə 5 bal) gücündə, respublikanın əksər yaşayış məntəqələrində 5,0-3,0 bal, Bakı şəhərində isə 3 bala qədər hiss olunub.

İnsan tələfatı və dağıntı yoxdur".

--------
17:56


"Bu gün zəlzələ baş verən ərazilərdə çoxdan müəyyən proseslər baş verirdi. Ərəbistan və Avrasiya plitəsi Qafqaz ərazisində toqquşurlar. Bu toqquşma nəticəsində yer üstünün horizontal sürətlərini ölçməklə biz müəyyənləşdiririk ki, hansı ərazilərdə potensial olaraq enerji toplanır. Enerji toplanan, sıxıma, gərilmə olan yerlərdə zəlzələ ola da bilər, olmaya da bilər".

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov bu gün ölkədə baş verən zəlzələ barədə danışarkən deyib: "Həmin ərazidə toplanan bu enerji üzə çıxmalı idi. Tarixən Şamaxı, Abşeronun cənubu zəlzələnin olması üçün ən seysmik yerlərdir. Yerlərdə belə gərginliklər toplananda zəlzələnin olma ehtimalı gözlənilir. Amma onun nə vaxt olacağını heç kim bilmir. Belə zəlzələlər hər zaman Azərbaycanda ola bilər. Amma biz potensial yerləri bilirik ki, harada ola bilər. Zəlzələdən də qorunmaq lazımdır. Biz təbiət hadisələri ilə birgə yaşamağı öyrənməliyik. İnsanlar bu halda təlaş keçirməməli və vəziyyətə uyğun olaraq özlərini normal şəkildə aparmağı bacarmalıdırlar".
 

Zəlzələdən sonra növbəti zəlzələlərin, afterşokların ola bilmə ehtimalına gəlincə, F.Qədirov bildirib ki, bu gün qeydə alınan yeraltı təkan mainşok, yəni böyük bir təkan olub. Onun sözlərinə görə, bundan əvvəl xırda-xırda təkanlar qeydə alınıb: "Amma bu mainşok, yəni "ana zəlzələ" idi. Bunun ardınca zəif təkanlar ola bilər, amma qorxulu deyil. Əgər bu 60 kilometrə yaxın dərinlikdə olan zəlzələni normal şəraitdə ötüşmüşüksə, deməli hər şey yaxşıdır. Narahat olmağa heç bir əsas yoxdur. Bu gün baş verən zəlzələnin maqnitudası 5.6-dır və bu da ana təkandır. Bizim zonada 5.6 bal gücündə zəlzələdən sonra yenidən 7 və ya daha yüksək gücdə zəlzələ baş verməyib".


---------
17:39


Xəzər dənizində də zəlzələ baş verib.

Trend Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 16:18-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
 

Zəlzələ hiss olunmayıb. Dənizin 62 km dərinliyində qeydə alınan zəlzələnin maqnitudası 3,20 təşkil edib.
 

Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.
 

Zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində isə 3-5 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.


---------
17:33


"Azərbaycan ərazisində baş verən zəlzələdən sonra zəif təkanlar qeydə alına bilər. Ancaq bunun problemi yoxdur. Yəni 55 km dərinliyində olan zəlzələnin avtoşokları olmalıdır". Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişli bildirib ki, Rixter cədvəli ilə zəlzələnin maqnitudası 5,7 olub: "Zəlzələnin dərinliyi 55 km olduğuna görə respublikanın, demək olar ki, bütün ərazilərində hiss olunub. Ancaq zəlzələ çox dərində olduğundan, dağıntı əmələ gətirməyib. Əgər bu zələlə 8-10 km dərinliyində olsaydı, dağıntılar çox ola bilərdi".

Onun sözlərinə görə, 55 km dərinliyində olan zəlzələ episentrdə və digər rayonlarda dağıntılar əmələ gətirməyibsə, bu, o deməkdir ki, elə də qorxulu şey yoxdur.

Q.Yetirmişli zəlzələ ilə bağlı yayılan şaiyələrin də düzgün olmadığını söyləyib: "Zəlzələ haqqında şaiyələr yayırlar. Bu işlə məşğul olmayanlar müxtəlif şayiələr yayırlar, artıq-əskik danışa bilirlər. Zəlzələ 3-5 bal gücündə bütün ərazilərdə hiss edilib".

--------
16:55


Aytən Zülfəliyeva adlı oxucu Milli.Az-a bildirib ki, zəlzələnin episentrinin Hacıqabulda olduğunu eşidən kimi oradakı tələbə yoldaşı ilə əlaqə saxlayıb: "Dedi ki: "İşdəyəm, hamı işdədir. Silkələnmə oldu, amma əhali evakuasiya edilməyib. Rayonun mərkəzində dağıntı yoxdur"".

---------
16:39


Trend xəbər verir ki, zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində isə 3-5 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

---------
16:38

Azərbaycanda baş verən yeraltı təkanlar Şamaxı və Bakı ərazisində zəlzələ ocağında baş verib. Bu barədə anspress-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli məlumat verib.

"Zəlzələnin maqnitudası 5.80 olub. Təkanlar yerli vaxtla saat 16:06 saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində qeydə alınıb. Zəlzələ payaxtda və ölkənin bir çox rayonlarında hiss olunub", - deyə Tahir Məmmədli məlumat verib.

Onun sözlərinə görə, zəlzələ çox güclüdür: "Bu yeraltı təkanlardan sonra, çoxlu sayda afterşoklar olacaq. Hazırda mütəxəssislərimiz zəlzələ baş verən ocaqda işləyirlər. Zəlzələnin mərkəzi öyrənilir".

---------
16:37


Hacıqabul sakinlərinin Milli.Az-a verdiyi məlumata görə, zəlzələ başlayan kimi, sakinlər evlərini tərk ediblər. "Qaçdım küçəyə, gördüm ki, yaşadığım iki mərtəbəli binanın sobasının boruları titrəyir", - sakinlərdən biri bildiridi.

Qeyd edək ki, zəlzələnin episentri Hacıqabulda baş verib.

---------
16:27
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi bir neçə dəqiqə öncə Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Xidmətdən anspress-ə verilən məlumata görə, zəlzələnin maqnitudası 5.80 olub. Təkanlar yerli vaxtla saat 16:06 Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində qeydə alınıb. Zəlzələ hiss olunub.

Milli.Az CTV-yə istinadən xəbər verir ki, Lənkəranda yeraltı təkanlar 3.5 bal gücündə qeydə alınıb. Zəlzələ dah çox Lənkəranın cənub-şərqində qeydə alınıb.

---------
16:20


Milli.Az xəbər verir ki, Zərdabda saat 16:09 radələrində 4-5 bal gücündə hiss olunub.

Bundan başqa Gəncə şəhərində, Kürdəmir, Şirvan, Bərdə də hiss olunub.

--------
16:11


Milli.Az-ın məlumatına görə, yeraltı təkanlar, həmçinin Sumqayıt, Lənkəran və Biləsuvar, Xaçmaz və Qubada da hiss olunub.

---------
16:09

Bu dəqiqələrdə Bakıda zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, yeraltı təkanlar Bakının mərkəzi və ətraf ərazilərdə hiss olunub.

Milli.Az

---------
17:56

Böyütmək üçün şəkillərə klikləyin.



----------
17:06



---------
17:03



---------
16:59



Foto: Day.Az, Elşən İmanov