Gənclər şəhərində qardan sonra növbəti problem

11 Fevral 2014 00:30
Sumqayıt şəhər sakinləri qardan sonra su problemi ilə üz-üzə qalıb. Milli.Az-a məktub yazan oxucu 10-cu mikrorayon, ev 43 ünvanında su problemi yaşadıqlarını deyir:

"Su üzünə həsrətik. Sutkada cəmi dörd saat su verirlər: iki saat gündüz, iki saat da gecə. Ondan savayı bir damcı su görmürük. Üzbəüzdəki, qonşuluqdakı, hətta yolun o biri üzündəki 9 mərtəbəli binaya da fasiləsiz su verilir. Hər mərtəbəyə də yaxşı çıxır. Bir evin də çəni yoxdur. Amma bizim binaya suyu cirə ilə verirlər. "Azərsu"ya, "qaynar xətt"ə dəfələrlə zəng vurmuşuq, kimsə götürmür. Gecəyarı su veriləndə zəng vurub soruşurlar ki, suyunuz yaxşı gəlir? İki ildir belə zülm çəkirik. İş-güc adamıyıq, həmişə çatdırıb su götürə bilmirik. Nə yayda suya doyuruq, nə də qışda. Xahiş edirik, bizim dərdimizə bir çarə edəsiniz".

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Milli.Az-a açıqlamasında bildirdi ki, həmin ünvana sutka ərzində 6 saat su verilir, aşağı mərtəbələr isə fasiləsiz su alır. Şöbə müdirinin sözlərinə görə, bu il ərzində həmin ərazidə fasiləsiz su verilişi təmin olunacaq. Artıq Sumqayıtın 70 faizə yaxın ərazisi fasiləsiz su alır. Layihələndirmə aparılıb, ciddi problem olmasa, bu iş həyata keçriləcək.

Gülər
Milli.Az