"Kəpəz" "Mil-Muğan"ı doğma məkanda qəbul edəcək
7 Fevral 2014 20:45
PFL əlverişsiz hava şəraiti səbəbindən 1-ci divizionda ilin ilk turunun iki oyununun yerini dəyişsə də, qurum oyun proqramında yenidən dəyişikliyə əl atmalı olub. Belə ki, Gəncə şəhər stadionunda futbol oynamaq üçün yaranan problem aradan qaldırılğından "Kəpəz" "Mil-Muğan"ı Mingəçevirdə deyil, doğma məkanda qəbul edəcək.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, qusarlılarla müqayisədə, Gəncə klubunun rəhbərliyi qarı meydançadan təmizləyə bildiyindən İmişli kollektivi ilə oyun Nizami yurdunda baş tutacaq. Bakıdan gələn AFFA nümayəndəsi ot örtüyünün durumu ilə maraqlanıb. Və qazonun vəziyyətindən razı qalaraq komandanın evdə oynamasında hər hansı bir problem görməyib.
Gəncə şəhər stadionunun meydançasını oyuna kimi qorumaq üçün "Kəpəz" görüş öncəsi son məşqini kənarda keçirməli olub. Futbolçular süni örtüklü mini meydançada hazırlığını davam etdirib. Qış transfer çalışmalarına yekun vuran komanda heyətə 13 futbolçu cəlb edib.
Sonda qeyd edək ki, sabah keçiriləcək "Kəpəz" - "Mil-Muğan" oyununun start fiti saat 14-də veriləcək. Görüşü Əmrah İbrahimovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Milli.Az