Ən kiçik Jeep

8 Fevral 2014 18:11
Mart ayında Cenevrə avtosalonunda "Jeep"-in ən balaca modeli olan "Laredo"-nun debüt edəcəyi gözlənilir. Əvvəl bu ada "Jeep Grand Cherokee" modifikasiyasında rast gəlinirdi, indi isə "Laredo" məxsusi ad olacaq (maraqlıdır ki, bu yaxınlara qədər hamı elə bilirdi ki, yeni "Jeep"-in adı "Jeepster" olacaq).

Milli.Az Auto.az-a istinadən bildirir ki, "Jeep Laredo" italyan kompakt krossover "Fiat 500X"-ın doğma qardaşıdır və İtaliyada da - "Fiat"-ın Melfi şəhərindəki zavodunda da buraxılacaq. Buna baxmayaraq, hər iki avtomobil bir-birlərindən təkcə emblemləri ilə deyil, həm də xarici görünüşləri və texniki hissələri ilə fərqlənəcəklər. Əgər "Fiat 500X" "beşyüzüncü" ailənin cizgilərini saxlasa, onda "Jeep Laredo" böyük qardaşa - "Jeep Wrangler"-ə oxşayacaq.

"Jeep Laredo" daha bahalı model sayılır və yalnız tam ötürücülü, "Fiat 500X" isə həm də qabaq ötürücülü olacaq. Hələlik avtomobillərin kapotlarının altında hansı mühərriklərin olacağı məlum deyil, lakin çox güman ki, 130 və ya 170 a.g. verən "Fiat"a məxsus 1,4 litrlik benzin mühərrik olacaq. "Fiat 500X" robotlaşdırılmış, "Jeep Laredo" isə avtomat sürət qutusu ilə təchiz olunacaq.

Avtomobillərin uzunluğu 4,25 m-dir. Beləliklə, onlar "Opel Mokka/Chevrolet Tracker", "Mitsubishi ASX" və "Skoda Yeti" kimi krossoverlərin birbaşa rəqibləri olacaqlar. "Jeep Laredo" bu il yay aylarında Avropada satışa çıxarılacaq, ilin sonlarına yaxın isə amerikan bazarına da çıxarılacaq. "Fiat 500X"-in dünya üzrə premyerası Paris avtosalonunda keçiriləcək, avropalı dilerlərə isə noyabr-dekabr aylarında çatacaq.

Güman edilir ki, Melfi zavodu hər il 280000 krossover buraxacaq ki, onlarda 150000-i "Jeep Laredo", 130 000-i isə "Fiat 500X" olacaq.

Milli.Az