Ağadadaş Ağayev qalmaqallı video ilə bağlı danışdı - YENİLƏNİB - VİDEO

7 Fevral 2014 22:05
22:05

Xalq artisti, müğənni Ağadadaş Ağayev bu gün onun barəsində yayılan video-görüntülərə çox sərt reaksiya verib.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, ANS TV-nin "Adam İçində" verilişinə danışan müğənni video-görüntüləri yayanları təxminən tanıdığını bildirib:

"Bu adamlar mənim millətimin, xalqımın nümayəndələri ola bilməzlər. Bunları araşdırsalar, erməni kökənli çıxacaqlar. Bunlar erməni kökənli insanlardır. Hamısı qanun qarşısında cavab verəcək. Gözəl ölkəmin gözəl qanunlarına inanıram".

Xalq artisinin sözlərinə görə, bu hadisə onun üçün gözlənilməz olub: "Mənim üçün bu çox gözlənilməz əks-səda oldu. Biz hüquqi bir dövlətdə yaşayırıq. Gözəl qanunlarımız var. Mətbu orqanlar olsaydı, yenə də başa düşmək olardı, onların haqqı var idı ki, kiminsə şəxsi həyatı barədə məlumat versin. Sənət adamları cəmiyyətə məxsusdur. Onların şəxsi həyatından məlumat yaya bilər. Hansısa şəxsi bir insan fanatların səninlə görüşmək istəyir deyə, konsertdən sonra yorğunluğumu çıxaran məqamda, mənim sadəlövhlüyümdən, hümanistliyimdən istifadə edərək bundan istifadə ediblər. Onlara adam demək də düz deyil. Bunlar mənfi və pis niyyətli adamlardır. Əgər məni şantaj etmək məqsədi ilə buna əl atıblarsa, onda qanun qarşısında cavab verəcəklər. İnşaallah Allah böyükdür. Bir müğənni ki, damla-damla hörmət qazanır. Onlara insan da demək olmur. Bunlar erməni kökənli insanlardır. Məhkəmələr və müstəntiqlər bunu araşdıracaqlar. Çünki Azərbaycan milləti məni çox sevir. Qanun qarşısına həmin adamları çıxmağa məcbur edəcəyəm. Təxminən həmin insanların kim olduğunu bilirəm. Ondan sonra da xalqımıza hesabat verəcəyik. Mənim böyüklərimin qarşısında heç vaxt yaxam və ya bir duyməm açıq olmayıb. Ora mənim otağımdır, evimdir, harada qalıramsa, ora mənzilimdir. Yorğun gəlib istirahətimi etmişəm, çörəyimi yemişəm. Deyiblər ki, olarmı sizin fanatlar sizinlə görüşsün. Ancaq o niyyətdə fanatlar ola bilməz. Fanatların kim olduğunu onlar dərk edəcəklər. Fanatlarıma izn versəm, o insanları yerlə yeksan edəcəklər. ANS telekanalına və rəhbərliyə minnətdarlıq edirəm".

Ağadadaş Ağayev hazırda ölkədə olmadığını və xəstə uşağını müalicə etdiyini də sözlərinə əlavə edib: "Fevralın axırında vətənə dönəcəyəm. Xəstə uşağıma görə, bir ildir ölkəmdə deyiləm. Bu düşmən kimliyi olan adamları başa salacağam. Əslində onların kimliyi də yoxdur. Kimliklərini qanunla onlara başa salacağam. Mən həmişə xalqımdan sevgi görmüşəm. İndi də görürəm. Fanatlarım topa şəklində üstümə gəlib, şəkil çəkdiriblər. Bundan heç vaxt qorxmamışam. Ancaq bu adamlar erməni kökənli insanlardır. Bunlar xalqımın nümayəndələri ola bilməz. O insanlar qanun qarşısında cavab verəcək. O insanlara güzəşt etmərəm. Qəlbimə toxunan insanlara urəyi yumşaq olmuram. Hüquqi dövlətimə və qanunlarına inanıram. İnşallah cavablarını alacaqlar".

---------
19:13


ATV telekanalında yayımlanan "Ümid var" verilişinə qoşulan Ağadadaş Ağayev yayılmış videoya münasibət bildirib. Müğənni hazırda xaricdə olduğunu qeyd edib. O, videonu görərkən güldüyünü deyib.

"Mən hal-hazırda uşağımın müalicəsi üçün İstanbuldayam. Bir ildən artıqdır ki, burada yaşayıram. Arada bir gəlib-gedirəm vətənimə. Bu videonun yayımlandığını görəndə gülməyim gəldi. Bu, düzgün hərəkət deyil. Hətta ağlıma gətirə bilməzdim ki, o insanlar bu cür videonu yayımlayarlar", - o əlavə edib.

Xalq artisti videonu yayanların kimlər olduğunu və həmin şəxslərin cavab verəcəyini deyib.

"Hamısı qanun qarşısında cavab verəcəklər. Kiminsə həyatına müdaxilə etmək qeyri-mümkündür. Həmin adamlara mən azərbaycanlı deməzdim. Onlar ermənidirlər, çünki əsl azərbaycanlı həmyerlisinə bu cür hərəkət etməz!", - müğənni qəzəblə bildirib.

---------
12:16

Ağadadaş Ağayevin gizli videokadrları ortaya çıxıb

Milli.Az xəbər verir ki, Azərbaycanın sevilən sənətkarlarından biri olan Ağadadaş Ağayevin gizli çəkilmiş videogörüntüsü yayılıb.

Ağadadaş Ağayevin köməkçisi Əzizağa Qurbanov aznews.az-a xalq artistinin gizli videosunun yayılmasına münasibət bildirib. Onun sözlərinə görə, bu videodan Ağadadaş Ağayevin xəbəri var və videonu görüb.

"Bu, kadrlar konsertdən sonra olub. Özü də çoxdan çəkilmə kasetdir. Məncə, narahat olacaq heç bir şey yoxdur. Axı, orada nə var ki?" - deyib.

Qeyd edək ki, xalq artisti Ağadadaş Ağayevin gizli videosunu "qafqazinfo" saytı yayıb.

Ceyhun
Milli.Az