Paytaxtın mərkəzində "Jeep" aşdı

7 Fevral 2014 09:33

Qəza zamanı tələfat qeydə alınmasa da, minik maşınına böyük ziyan dəyib

Ötən gecə Bakının Nəsimi rayonu ərazisində sürücünün diqqətsizliyi qəzaya səbəb olub. Nəsimi rayonu Ceyhun Hacıbəyov küçəsində baş verən hadisə zamanı "Jeep" markalı nəqliyyat vasitəsi yol kənarındakı səkiyə çırpılıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bundan sonra sürücünün idarəetməsindən çıxan avtomobil bir neçə dəfə dövrə vuraraq arxası üstə çevrilib və yolun hərəkət hissəsinə aşıb.

Avtomobilin normal vəziyyətə gətirmək üçün əraziyə qaldırıcı kran cəlb olunub. Hadisə zamanı, xoşbəxtlikdən, tələfat faktı qeydə alınmasa da, minik maşınına böyük məbləğdə maddi ziyan dəyib.

Qəzaya səbəb kimi ilkin olaraq sürücünün sürət həddini aşması və eləcə də dönmə əməliyyatını düzgün icra etməməsi göstərilir.

Qəzanın təfərrüatlarını isə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin müvafiq bölməsi araşdırır.

Milli.Az