Azərbaycana yağan güclü qar sumqayıtlıların baş ağrısına çevrilib
Bir neçə gündür yağan qar bəzi rayon və şəhərlərdə daha güclü olub. Buna sakinlər arasında sevinənlər də olub, kədərlənənlər də.
Sumqayıta yağan qar isə əsasən, böyük problemlər və fəsadlar yaradıb. Şəhər istiqamətində işləyən əsas yol buz bağlayıb. Sumqayıt yollarında böyük buz dağları yaranıb.
Minik maşınları və sərnişin avtobusları yollardakı problemlər səbəbindən hərəkəti məhdudlaşdırıblar.
Mövcud problemlə bağlı Milli.Az-a danışan şəhər sakini bildirib ki, bəzi yerlərdə qar ərisə də, Sumqayıtda ərimək bilmir: "Yollar artıq bir neçə gündür ki buz bağlayıb, təmizləyən yoxdu. Evimizdən kənara çıxa bilmirik. Xahiş edirik bu cür problemlərə laqeyd qalmayın".
Milli.Az məsələ ilə bağlı dəfələrlə Sumqayıt rayon İcra Hakiyyətinin müvafiq qurumlarıyla əlaqə saxlasa da, telefonlarımıza cavab verən olmayıb.