Samsung yeni televizorlar satacaq

7 Aprel 2015 21:50
Samsung şirkəti yeni nəsil maye kristal televizorların tədarükünə başlayıb. Televizorların hamısı Tizen əməliyyat sistemi ilə işləyir.

Ən ucuz televizor modelinin dəyəri 950 dollar, ən bahalı modelin dəyəri isə 10 min dollar təşkil edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ən ucuz model olan JU6700 Ultra HD formatlı bükük ekrana malikdir, yəni ekranın təsvir ölçüsü 3840x2160 piksel təşkil edir. Bu modeldə kvant nöqtələri (təsvirin maksimal parlaqlığını yüksəltməyə və rəngverilişini yaxşılaşdırmağa imkan verən xüsusi toz) istifadə olunmur.

Ən ucuz SUHD abreviaturalı televizorun dəyəri 3 min dollardır. 50 düymlük ekrana malik SUHD abreviaturalı televizorun dəyəri 4000, 65 düymlük 6500, 78 düymlük isə 10000 dollar təşkil edir.

2015-ci ilin model sırasından olan qurğular yeni qrafik interfeysə malikdir. Əsas funksiya Samsungun mobil qurğularındakı məzmunun televizorun ekranına axın ötürülməsidir. Məlumatların ötürülməsi üçün Wi-Fi Direct standartından istifadə olunur, mobil qurğunun televizora qoşulması və xidməti mesajlarla mübadilə Bluetooth texnologiyası ilə həyata keçirilir.

Cənubi Koreyanın Samsung şirkəti ən böyük maye kristal televizor istehsalçısıdır. Witsview tədqiqat şirkətinin məlumatına əsasən, 2014-cü ildə şirkət qlobal bazara qurğuların tədarükünü 14.5 faiz yüksəldərək bazar payını 22.8 faizə çatdırıb. Ötən il dünya bazarına 215 milyon maye kristal televizor tədarük edilib ki, bu da 2013-cü illə müqayisədə 5,4 faiz daha yüksəkdir.

Milli.Az