Simsiz enerjidoldurmaya tələbat artır

7 Aprel 2015 23:10
Bir neçə il bundan əvvəl mobil qurğularda akkumulyatorların enerji ilə simsiz doldurulması kifayət qədər nadir idi, indi bir çox istehsalçılar onu tətbiq edirlər.

Enerjinin simsiz ötürülməsi texnologiyasının inkişafının əsas tərəfdarlarından biri Samsung şirkətidir. IHS Technology analitiklərinin fikrincə, şirkətin yeni qabaqcıl smartfonları simsiz enerjidoldurma qurğuları bazarına güclü təkan verəcək. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, analitiklərin proqnozuna görə, 2024-cü ildə simsiz enerjidoldurma qurğuları üçün qəbuledicilərin qlobal tədarükü 2 milyarda çatacaq. 2014-cü ildə bu göstərici 55 milyon olub. Ötən ilin nəticəsinə görə, bu məhsulun satış həcmi 1,7 milyard dollar məbləğində qiymətləndirilir, 2024-cü ildə bu göstərici 15 milyard dollaradək yüksələ bilər. 

2015-ci il enerjinin simsiz ötürülməsi texnologiyası üçün əlamətdar il ola bilər - IHS Technology şirkətinin tədqiqatlar bölməsinin direktoru Devid Qrin deyib. Onun proqnozuna əsasən, cari ildə simsiz enerjidoldurma qurğuları üçün təxminən 120 milyon qəbuledici satılacaq. 10 aprel tarixində satışa çıxarılacaq Samsung Galaxy S6 və Galaxy S6 Edge smartfonları bu bazara güclü təsir göstərəcək. 

Enerjinin simsiz ötürülməsi texnologiyasının danılmaz üstünlüklərinə baxmayaraq, insanlar hələ bu haqda az məlumatlıdırlar. IHS şirkətinin mütəxəssislərinin sorğusuna əsasən, on istifadəçidən altısı bu texnologiya haqda xəbərsizdir. 

Milli.Az