Nadir hadisə: əkiz bacılar İnternetdə bir-birlərini tapdılar - VİDEO - FOTO

3 Fevral 2014 13:42
YouTube bu insanların bir-birlərini tapmalarına vasitəçi olub. Əkiz bacılar illər sonra qovuşublar.

Anais Bordye və Samanta Futerman bacılardır, amma başqa-başqa ölkələrdə yaşayırlar.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1987-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda doğulmuş bacılardan valideynləri imtina etmişdilər.

Həmin qızlardan birini ABŞ, digərini isə Fransada yaşayan ailə övladlığa götürmüşdü.

Bu minvalla Anais Bordye Fransa, Samanta Futerman isə ABŞ-da böyüdü.


Onlar əkiz bacı olduqlarına tam əmin olmaq üçün DNT testləri də verəcəklər. Testlərin nəticələri bacılarla bağlı çəkilən və Kickstarter-də maliyyələşdirilən sənədli filmdə açıqlanacaq.
 

Anais Bordyenin dediyinə görə, YouTube-da özünə bənzəyən qızı görəndə şoka düşmüşdü.
"Sanki özümə baxırdım. Samanta Cənubi Koreyada doğulmuş, ABŞ-da övladlığa götürələrək böyümüş aktrisa idi. Sonra danışdıq və məlum etdik ki, bacılarıq", - Anais deyib.
 

Bacıların bu unikal, inanılmaz olayı barədə sənədli film çəkilməklə bahəm, kitab da yazılır.

Samanta Futerman ABŞ-ın Nyu-Cersi ştatında, Anais Bordye isə Fransanın paytaxtı Parisin həndəvərində böyüyüb.

Londondakı St. Martins kollecinin dizayn fakultəsində təhsil alan Anaisin dediyinə görə, Parisdə ailənin tək övladıdır.

YouTube-dakı kliplərdən birinə baxanda o, həmin klipdəki aktrisanı diqqətlə izləyib.
 

Çünki amerikalı aktrisa sanki Anaisin surəti idi.

Nyu-Cersi ştatındakı Verona şəhərində böyümüş Samanta Futerman indi Los-Anceles şəhərində yaşayır.

1987-ci ilin noyabrın 19-da Seulda doğulan, valideynlərinin imtina etdikləri Samanta və Anaisi sonradan ayırıblar.

Anais Bordye "Holt International Children's Services" agentliyi vasitəsilə Fransa vətəndaşları tərəfindən övladlığa götürülüb.

Onun əkiz bacısını isə amerikalı Futermanlar ailəsi "Spence-Chapin" agentliyi vasitəsilə övlad ediblər.
 

"Övladlığa götürülmə ilə bağlı sənədlərdə əsl ata-anamızın adları, bacı və ya qardaşlarımızın olduğu da göstərilməyib. Amma biz onları aramaq, tapmaq istəyirik", - Samanta Futerman deyib.
 

Onun sözlərinə görə, əkiz olduqlarını tam təsbitləmək üçün zəruri DNT testinə 30 min dollar gərəkdir.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.