AMEA-da nə baş verir? işçilərin bir qrupu işdən qovuldu...

30 Yanvar 2014 17:44

Rəhbərlik dəyişəndən sonra Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) nələrin dəyişib-dəyişməyəcəyi hamıya maraqlıdır

Ali elmi qurumun cəmiyyətdə hansı nüfuza sahib olması və oradakı kadrların ictimai həyatda tutduğu yer hər zaman sual altında qalıb. Amma təbii ki, elmsiz ölkə olmaz və Elmlər Akademiyası da hələ ki, ölkənin elm mərkəzi statusunu oynamaqdadır. Görəsən, bu gün orada vəziyyət necədir? Ötən il akademik Akif Əlizadənin mərhum Mahmud Kərimovu əvəzləməsindən sonra baş verən kadr dəyişikləri və digər yeniliklər akademiyanın inkişafına nə dərəcədə təsir etdi?

Maaş azlığı səbəbindən alternativ yerlərdə işləməyə məcbur olan alimləri akademiyaya yalnız elmə olan vurğunluq bağlayır. Elm və təhsilin vəhdətinin prioritet məsələ kimi meydana atılması onlara bəzi ali təhsil müəssisələrində yarımştat işləməyə imkan yaratdı. Yoxsa AMEA-dan aldıqları cüzi maaş ancaq yol xərclərinə çatardı. İndi bu narazılığın yanına daha birisi əlavə olunub. Belə ki, kart nəzarət, yəni turniket sisteminə keçid AMEA-nın elmi əməkdaşları arasında əsl qan-qaraçılığına səbəb olub. Çünki turniketdən sonra əməkdaşların işə gəlib-getməsi dəqiqəsinədək kompüterdə qeyd olunur. Bu intizam və iş nizamnaməsi baxımından yaxşı hal sayılsa da, elmi işçiləri tam razı salmır. Çünki başqa yerlərdə çalışanlar əvvəllər olduğu kimi, AMEA-dakı müəssisəni istədiyi zaman tərk edə bilməyəcəklər. Turniket özü-özlüyündə yaxşı mexanizmdir. Amma Akademiya bir qurum olaraq o mexanizmə hazırdırmı? Ən son anda görülməli işin birinci həyata keçirilməsi alimləri məyus edir.

Elə bu səbəbdən də AMEA-da baş verən son dəyişikliklərdən sonra, bu strukturda çalışan işçilərin bir qrupu işdən kənarlaşıb.

Bu barədə Modern.az saytına AMEA-dakı mənbələrdən bildirilib.

Akademiya əməkdaşlarından bəzilərinin dediyinə əsasən, bundan sonra da AMEA-da bir xeyli islahatlar aparılacaq. Kəmiyyət və keyfiyyət kateqoriyasında balansı qorumağa çalışacaqlar. Bu o qədər də pis səslənmir. Yəni tətbiq olunacaq yeni qaydalara əsasən, uzun illərdir ki, Akademiyaya ancaq qol çəkməyə gələn, iş otaqlarının ağzı bağlı olan, yaxud da şöbədəki kresloda yalnız bir-iki dəfə oturan "əməkdaş"lar işdən kənarlaşdırılacaq.

Ömrünü Akademiyaya həsr edənlər işçilərin azalmasından sonra, yəni "ələnmə" prosesindən sonra maaşların qalxmasına ümid edilir. Akademiyanın professorları da Modern.az-a açıqlamalarında çox ümidli görünürdülər.

Əhməd Qəşəmoğlu, professor, AMEA-nın Mexanika-Riyaziyyat İnstitutunun əməkdaşı: "İslahatların aparılması və ixtisarların edilməsi normal haldır. Lakin mən bunu da ideal variant kimi qəbul etmirəm. Söhbət gedir ki, sonradan bu məsələlərə münasibət formal, yoxsa ciddi olacaq. Ciddi olacaqsa, bəli, bu təbii ki, müsbət təsir edəcək. Müsbət təsir ondan ibarət olacaq ki, burada daha çox elmə bağlı olan adamlar qalacaq və onların da əmək haqqı müəyyən dərəcədə artacaq. Mənim də təkliflərim var və onları rəhbərliyə yazıb vermişəm. Futbol klublarını möhkəmləndirmək üçün zəif cinaha xaricdən futbolçular dəvət edildiyi kimi, bura da alimlər dəvət etmək olar. Hər bir institutda optimal sayda yəni, indiki kimi çox sayda yox, lazımi sayda insanların olması daha məqsədəuyğundur. Hiss olunur ki, indiki rəhbərlik məsələyə daha ciddi münasibət göstərir. İstər Akademiya prezidentinin özü olsun, istərsə də digər rəhbər şəxslərlə də fərdi söhbət zamanı bunu hiss etmək olar. Mən hiss edirəm ki, onlar doğurdan da Akademiyada həqiqi islahatlar aparmaq fikrindədirlər. Əgər belə olarsa, həqiqətən də elm inkişaf edər".

Professor Qüdrət İsaqov da akademiyada islahat və ixtisarların aparılmasını vacibliyini qeyd edib. O, yaş senzi ilə bağlı gəzən lakin hələ öz rəsmi həllini tapmayan sözlərə də münasibətini bildirib: "İşdən çıxarılmalı minlərlə insan var. Onların işdən çıxarılmasını turniket sistemi yox, real elmi işçinin gerçək işi və onlara yaradılan elmi-tədqiqat şəraiti müəyyən etməlidir. Azərbaycanda alimlərə yaş senzinin tətbiq olunması isə kütləvi savadsızlar ordusunun yaradılmasından başqa bir şey olmaz".

Milli.Az