Bakıda avtobus özbaşınalığının son həddi: sinə parçalandı - YENİLƏNİB

27 Yanvar 2014 17:58
17:58

Bakıda 165 saylı xətt üzrə hərəkət edən avtobusda baş vermiş hadisə ilə bağlı "Çinar-Trans" MMC-nin avtomobil dəstə rəhbəri Hüseynov İsmayıl Milli.Az-a açıqlama verib. Dəstə rəhbəri açıqlamasında bu cür hadisə ilə qarşılaşmadığını bildirib.

"Bu gün sözügedən hadisə ilə bağlı bizi polis bölməsinə də çağırıblar. Amma ki, bütün araşdırmalardan sonra bu cür olay qeydə alınmamışdı. Hətta, biz bütün işçi heyətini bir yerə toplayaraq özümüz sorğu-sual elədik, bilmək istədik ki, bəlkə kiminsə gizlətdiyi bir şey var, amma yenə heç bir hadisə ortaya çıxmadı.

Sizi inandırım ki, bu, bir yalandır. Heç bir gənc bizim avtobusda bu cür xəsarətlər almayıb. Əgər kiminsə sübutu varsa və yaxud da avtobusun nömrəsi yadındadırsa, bizə xəbər eləsin" - İsmayıl bildirib.

----------
17:23

Bakıda avtobusda 25 yaşlı oğlan öldü


Bakıda sərnişin avtobusunda xəsarət alan 25 yaşlı oğlan ölüb. Lent.az-ın məlumatına görə, bir neçə gün əvvəl Binəqədi rayonunda, 165 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobusda 1989-cu il təvəllüdlü Abdulhəşimov Vasif Vidadi oğlu ağır xəsarət alıb. Sərnişin avtobusunun sürücüsü sürətlə hərəkət edən nəqliyyat vasitəsini qəfil əyləci basıb. Bu zaman arxa tərəfdə dayanmış V.Abdulhəşimov qeyri-ixtiyari önə tərəf sıçrayıb və sürücünün arxa tərəfindəki metal dirəyə çırpılıb.

Döş qəfəsindəki zədə ilə əlaqədar gənc oğlan xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin normal olduğunu bildiriblər və zərərçəkən evə buraxılıb. Lakin dünən V.Abdulhəşimovun vəziyyəti yenidən ağırlaşıb. Bu dəfə xəstəxanaya aparılan gəncin həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, V.Abdulhəşimov daxili qanaxma və orqanların zədələnməsi səbəbindən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ceyhun Ələkbərov

Milli.Az