Dünyanın ilk mavigözlü adamı tapıldı- FOTO

27 Yanvar 2014 15:21
İspaniyanın şimal-qərbindəki mağaralardan birində aparılmış arxeoloji qazıntı işləri zamanı tapılmış sümükləri tədqiq edən alimlər çox maraqlı nəticələr əldə ediblər.


Təxminən 7 min il əvvəl yaşadığı güman edilən insanın dünyanın ilk mavigözlü adamı olduğu vurğulanır.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "La Brana 1" adlandırılan bu qədim insan Afrikadan Avropaya köç edən qədim insanların irqi transformasiyaya uğradığına dəlalət edən ən önəmli tapıntılardan biri hesab oluna bilər.


Araşdırmanın rəhbəri, Barselonadakı Təkamül Biologiyası İnstitutunun professoru Karles Lalueza-Foksun dediyinə görə, qədim insanın qara saçları, qarayanız dərisi və mavi gözləri vardı.


"Bu isə elmdə indiyədək hakim olan irqi dəyişikliklər və transformasiya təsəvvürləri ilə ziddiyyət təşkil edir. Ən maraqlısı isə odur ki, indiki avropalıların piqmentasiyasını müəyyənləşdirən genlərin Afrika versiyası bu insanda tapılıb. 7 min il əvvəl, daş dövründə yaşamış bu insanın qalıqlarını tədqiq etməklə bəşəriyyətin genetik təkamül sirlərini daha yaxşı anlaya bilərik", - profesor Lalueza-Foks deyib.


Qalıqları aşkarlanmış qədim insan 7 min il əvvəl, mezolit dövründə yaşayıb. Mezolit 5 min il əvvəl, Yaxın Şərqdə kənd təsərrüfatı və heyvandarlıq təşəkkül tapmağa başlayanda başa çatıb.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.