Məşədi İbad "Tarixi-Nadir"i niyə yarıyacan oxuya bilmişdi - ARAŞDIRMA

25 Yanvar 2014 16:13
"Mən özüm "Tarixi-Nadir" kitabını yarıya qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsinlər?..". Dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasında Məşədi İbadın dilindən deyilən bu sözlər sonradan məşhur zərbi-məsələ çevrildi. Adətən, nəyisə anlamayanda bu cümləni eşidirik. Həm bu zərb-məsəlin deyilmə səbəbi, həm də burada adı çəkilən "Tarixi Nadir" əsəri bu gün də çoxlarının maraq dairəsindədir.

Modern.az əməkdaşının apardığı bu kiçik araşdırmada da məhz bu iki məsələyə toxunub.

Belə bir kitab olubmu?

Kitabın tapılan nüsxələrinin hamısını birləşdirən iki ortaq cəhət var: onun Mirzə Mehdi xan tərəfindən yazılması və dil üslubu, ibarələrin qəlizliyi. Təbii ki, müəllif eynidirsə, mətnlər də eyni olacaq. Amma "Tarixi Nadir"in elə mətnləri var ki, orada süjet xətti və tarixi hadisələrin göstəriciləri tam başqadır. 1737-47-ci illərdə hakimiyyətdə olan Nadir şah tarixin də ziddiyyətli şəxslərindən olub. Buna baxmayaraq, bu əsərin müəllifi Mirzə Mehdi xan Nadir şahın şəxsi tarixçisi kimi onun bütün döyüşlərini, islahatlarını, məktublarını və digər bu kimi nəsnələri tam dəqiqliyi ilə köçürüb. Lakin tarixin təhrifi yenə də öz işini görüb. Əsərdə bir sıra tarixlər dəyişdirilib, hadisələr təhrif olunub. Amma bunların özü belə "Tarixi Nadir"in çətin dil üslubuna "xələl" gətirməyib.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya elmlər doktoru Paşa Əlioğlu da diqqət mərkəzinə məhz bunu çəkir:

"İnstitutumuzda o kitabın nüsxələri çoxdur. Nəfisi xətti ilə yazılan da var. Elə nüsxə var ki, onun içində miniatürlərdən də istifadə edilib. Bu əsər farscadır. Onu Azərbaycan dilinə çevirmək o qədər də asan deyil. Çünki "münşaat dili" deyilən bir anlayış var. Bu həm də orta əsrlər Şərq nəsrinin dili kimi də qəbul olunub. Əsər o üslubda yazılıb. Ona görə bunu tərcümə etmək həddindən artıq çətindir".

Amma Masallının Ərkivan kəndində yaşayan...


...Məşədi İbaddan savadlı Məşədi Həmid kişi deyir ki, ən böyük arzularından biri o kitabların dilimizə çevrilməsidir. Belə ki, Ərkivan qəsəbəsinin Göllücümə kəndinin axundu olan bu şəxs kənddə ev-ev gəzərək köhnə qədim kitabları toplayıb. Zər qədrini də ki, ancaq zərgər bilər. Evlərdə toz basmış bu xəzinələri toplayarkən Məşədinin qarşısına "Tarixi Nadir" adlı kitab da çıxır. O, daha Məşədi İbad kimi eləmir, kitabı düz axıra qədər oxuyur. Axıra qədər deyəndə, yəni bütün 147 səhifəni mütaliə edir. Oxuyandan sonra görüb ki, dərsliklərdə yazılan Nadir şahın tarixi ilə bu "Tarixi Nadir" arasında elə də ciddi fərq yoxdur. Amma fərq yalnız tarixi faktların əksi baxımından gözə dəymir. İfadə isə tam başqadır.

"Tarixi-Nadir" kitabının orijinal nüsxələrindən biri indi Masallı sakini Məşədi Həmid kişinin evində düz 40 ilə yaxındır ki, qorunur. Axundun dediyinə görə, "Tarixi Nadir" kitabını qonşu Bədəlan kəndindən olan yaşlı bir kitab təmirçisi satıb. O gündən bu günə kimi kitab Məşədinin ailəsində qorunur. 163 yaşlı kitab hicri qəməri tarixi ilə 1272 (1851)-ci il, şaban ayının 9-da çapdan çıxıb.

Bu kitab Nadir şahın 11 illik şahlıq dövründən bəhs edir. Kitabda İran şahı Nadir şahın vaxtından onun ətraf dövlətlərində baş verən müharibələr, onun özünün etdiyi müharibələr və qəribə hadisələr, eləcə də Azərbaycanla bağlı bəzi məqamlar, hətta İrəvan xanlığının Azərbaycan xanlıqlarından biri olması açıq-aşkar qeyd olunub.

Məlum olduğu kimi, Nadir şahın həyat və fəaliyyətinə aid tarixi əsərin müəllifi Mirzə Mehdi xandır. Lakin Masallının Ərkivan kəndində yaşayan axundun əldə etdiyi "Tarix Nadir" kitabı Əmir Yusif Milani tərəfindən qələmə alınıb. Kitabın içində İran-Hindistan müharibəsi, şahın əyanları və alimlərlə görüşləri, səfərləri əks olunan şəkillər də var. Məşədi Həmid bu kitabı axıra qədər oxuyub.

Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Əlioğlu hətta onu yarıya qədər oxumağın böyük iş olduğunu deyir: Yəni kitab bu dərəcədə qəliz olub: "Onun yarımçıq halda, yaxud bir neçə səhifəlik nüsxələri ələ keçə bilər. Amma əsl "Tarixi Nadir" kitabı kifayət qədər iri həcmli bir əsərdir. Onu oxumaq hər adamın işi deyil. Bildiyimiz kimi o çox çətin bir dildə yazılıb. Orta əsrlərin Şərq poetik üslubunda yazılıb.

Filmdə Məşədi İbadın "yarıya qədər oxumuşam" deməsi gülüş doğurur. Amma o əsəri yarıya qədər oxumağın özü belə böyük işdir. Çünki fars poetik dilinin bütün standartlarına cavab verən əsərdə cümlə səhifənin əvvəlində başlayıb axırında bitir".

Elədirsə, bəs Məşədi İbada niyə gülürdülər?

O məşhur ifadə ki var, biz bu gün də ona gülürük, əslində tam ayrı bir məzmunda deyilib. Belə ki, qəzetçi Rzanın əcaib-qəraib çıxışından sonra ona bildirilən münasibətdə "Tarixi-Nadir" kitabının adı hallanır: "Mən özüm "Tarixi-Nadir" kitabını yarıya qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsinlər?"

Bu cümlə Üzeyir bəyin necə də böyük qələm ustadı olmasına əyani sübutdur. Çünki onun deyilməsi ilə qonaqlıq məclisi arasındakı insanların ziddiyyəti öz əksini tapmış olur. Bir yandan qərb düşüncə tərzinə can atan lakin hələ də mental dəyərlərdən qurtula bilməyən insanlar, digər tərəfdən də şərq koloritini özündə qoruyan və kənarda oturub çay içməklə bunu hamının gözünə soxan Məşədi İbad... Bu epizodda səhifələrin azlığı və Məşədin İbadın onu yarıya qədər oxumağı gülüş obyekti deyil. Obyekt tam fərqlidir. Burada gülüş doğuran məqam Məşədi İbad kimilərin hələ də orta əsrlərin sxolastik Şərq təhsil çərçivələrindən kənara çıxa bilməmələridir. Yeni düşüncəyə gücü çatmayıb, onu yamsılayanlar da məhz buna gülür.

Mənə inanmırsınızsa, Paşa Əlioğluna qulaq asın:

"Üzeyir bəyin məşhur əsərindəki ifadə var - "Tarixi-Nadir"i yarıya qədər oxumaq. Onu yarıya qədər oxumaq da bir işdir. Özü də çətin bir iş. Çünki əsər elə bir üslubda yazılıb ki, onu nə indinin, nə də o vaxtın adamları asanlıqla oxuya bilərdilər. Üzeyir bəy orada tamam ayrı məsələlərə toxunub. Belə ki, o "Tarixi-Nadir"i yarıyacan oxumağı deyəndə heç də əsərin həcmini nəzərdə tutmurdu. O, bununla Məşədi İbadın köhnə təhsilin nümayəndəsi olduğunu göstərirdi. Çünki "Tarixi-Nadiri" oxumaq yalnız və yalnız köhnəliyin, köhnə təhsil və tədrisin işi sayılırdı. Həmin epizodda bildiyimiz kimi müasir təhsilin nümayəndələri oturub. Məşədi İbadın bunu deməsi onların arasında bir ziddiyyət yaradır. Mirzə Fətəli də bu kimi əsərlərə keçmişin qalıqları kimi baxırdı. Amma Üzeyir bəy obrazlılıqdan istifadə edərək fikrini ikinci mənada çatdırırdı. Axundov isə birbaşa mətləbi deyirdi. Üzeyir bəyin qəhrəmanının bu sözündəki gülüşün istiqaməti də tam fərqlidir. Bəlkə də Üzeyir bəy bir-iki səhifəni nəzərdə tutmayıb. O sırf bu məntiqdən məsələyə yanaşıb. Mirzə Mehdi xan elə belə adam deyildi. Dövrün çox tanınmış alimlərindən biri, Nadir şahın tarixçisi idi".

P.S. Qayıdaq bu günümüzə... "Tarixi-Nadir"i yarıya qədər oxumaq məsələsi bu gün də gülüş obyektinə çevrilməkdədir. Guya ki, iki səhifə oxuyan Məşədi İbad özünün kifayət qədər ağıllı olmasını bildirir. Amma indi, deyəsən, heç "Tarixi-Nadir"dən iki cümlə oxuyan belə yoxdur.

Milli.Az