İlahi əxlaqa yiyələnmək üçün nə etməli?

23 Yanvar 2014 21:14
Bu yazıda əxlaqi-aliyeyi-İlahiyəyə, yəni Allahu-Təalanın (c.c.) Qurani-Kərimdə buyurduğu və "Allahın əxlaqı ilə əxlaqlanın" deyə bildirdiyi o ucalardan uca əxlaqa yiyələnməklə əlaqədar iki məsələyə toxunacağıq. Əvvəlcə ailədaxili münasibətlərdən və bu münasibətlərdə əxlaqın hakimiyyətindən bəhs edək. Bütün sözlərimizin, davranışlarımızın, hətta həyat yoldaşımızla söhbətlərimizin və hər cür münasibətlərimizin əsas mövzusunu sonrakı dövrlərdə uşağın şüuraltına yerləşdirmək istədiyimiz məsələlər təşkil etməlidir.

Əlbəttə, hər bir evdə dünyaya aid işlərdən, həyatla əlaqədar məsələlərdən də bəhs edilir. Ancaq uşağın yanında bu məsələlərdən danışarkən həmişə nəzərdə saxlamaq lazımdır ki, o uşaq da sizə qulaq asır. Üstəlik mümkündürsə, valideynlər və böyüklər onun yanında ona aidiyyəti və faydası olmayan məsələlər barəsində danışmasalar və mənfi təsir göstərən mövzulardan əsla söz açmasalar, daha yaxşı olar. Müəyyən bir dövrdə onun ruhunda və qəlbində cücərib böyüyəcək xüsuslar həssaslıqla seçilməli və o, gücü çatmayan məsələlərlə üz-üzə qoyulmamalıdır. Evdə, iş yerində, xülasə, onlar nə vaxt yanımızdadırlarsa, dilimizdən çıxan hər sözdə, hər hərəkətimizdə onları nəzərə almağa borcluyuq.

Onların yanında hər sözümüz, hər söhbətimiz imkan daxilində Allah-Təala (c.c.), Ona iman, Onun nemətləri və İslamiyyət haqqında olmalıdır. Valideynlər bir prinsip olaraq evdə uşaqların yanında məhz gələcəkdə onlarda görmək istədiyi xüsusiyyətlərdən, hal və davranışlardan bəhs etməlidirlər ki, uşaqlar da valideynləri üçün vacib məsələlərin nə olduğunu eşidə-eşidə, görə-görə, o şüurla böyüsünlər. Valideynlər bu tövsiyələri qəbul və tətbiq etsələr, uşağın gələcək problemlərinin böyük bir qismi həllini tapmış olacaq. Əlbəttə, daha sonrakı dövrlərin də öz problemləri vardır, yeri gəldikcə onlardan da bəhs edəcəyik.

Mərhəmət və şəfqətdə meyar

Bu başlıq altında uşaqlarda mərhəmət və şəfqət hissinin inkişaf etdirilməsi, onların bir mərhəmət timsalı kimi yetişdirilməsi mövzusuna toxunmaq istəyirik. Bu mövzuda da yenə ən səmərəli metod nümunə olmaqdır. Qapıya gəlib yardım üçün əl açan bir adama ərin xanımından əvvəl, yaxud evin xanımı əri ilə birlikdə, hər ikisi olan-qalanı ilə yardım etməyə tələsməsi, onun dərdinə şərik olub qayğı ilə dinləməsi uşaqların şəfqət hissinə yiyələnməsi baxımından təsirli nümunədir.

Uşaqların şəfqət hissini irsi yolla əldə etməsi də mümkündür. Məsələn, bəzi uşaqlar hələ kiçik yaşdan kövrək olurlar. Bu hal onların daha sonralar bir az həssas, incə, ürəyiyuxa olacağından xəbər verir. Hərçənd, bəzən onlar da sırf diqqət cəlb etmək, istədiklərini valideynlərdən qoparmaq üçün özlərini ağlayırmış kimi göstərirlər, amma incəlikdən doğan göz yaşı həmişə fərqli olur. Uşaqların əliaçıq, ürəyiaçıq, comərd, riqqətli, şəfqətli olmasını düşünürüksə, ailəmizin isti, mehriban olmasını və ətrafa şəfqət rayihələri saçmasını təmin etməliyik.

Uşağın xəsis, xalq deyimi ilə desək, əlibərk, dünyagir, maddiyyat düşkünü kimi böyüməsi şəraitdən asılı olaraq eqoist, mənfəətpərəst, həris, zorba və üsyankar bir adama çevrilməsinin ilkin səbəbləri hesab edilir. Əgər belə bir uşaq ilahi əxlaq çərçivəsində tərbiyə edilmir, yetişdirilmirsə, bu hal onu həm dünyada, həm də axirətdə bədbəxtliyə düçar edə bilər.

Bəli, mərhəmət və şəfqət çox önəmlidir. Comərdlik və cavanmərdlik bu fəzilətin bir təzahürüdür. Şəfqət qəhrəmanları həmişə qazanır, mərhəmətsizlər isə itirirlər. Comərd adam fasiq olsa belə, yenə Cənnətə gedə bilər. Xəsis isə mömin belə olsa, Cənnətə getmə ehtimalı çox azdır. Ona görə də uşaqlarda şəfqət və acıma hissi inkişaf etdirilməli, yardımsevərlik və yaxşılıq etmə duyğusu gücləndirilməlidir ki, hərislik edib dünyadan dördəlli yapışmasınlar, Allahı və insanları unutmasınlar. Uşağa möhtaclara kömək etməyi öyrətməlisiniz ki, maddiyyat hərisi olmasın, ruhən, mənən, qəlbən, həyatın həqiqəti etibarilə Allaha bağlı yaşasın. Ancaq unutmayaq ki, yardımsevərlik xüsusiyyətini əməli olaraq göstərmədən, əməlləri sözlərlə dəstəkləmədən uşaqlara aşılmaq qeyri-mümkündür. Fəzilətləri davranışlarımızla təlqin edərkən sözlərimiz də onlara mələklərin pıçıltısı təsirini bağışlayacaqdır.

Mükafatlandırma

Digər bir məsələ də uşaqların qazandıqları müvəffəqiyyətə uyğun mükafatlandırılmasıdır. "Uyğun" sözünü xüsusi vurğulamaq istəyirəm. Çünki böyük müvəffəqiyyəti böyük mükafatla, kiçik bir uğuru kiçik mükafatla qiymətləndirmək ədalət anlayışı ilə yanaşı, həm də "nə qədər zəhmət, o qədər səmərə" prinsipi ilə də üst-üstə düşür. Bəli, istər dini, istər dünya həyatına aid məsələlərdə, - söz yox ki, söhbət məşru olandan gedir, - hər bir müvəffəqiyyətin mütləq mükafatlandırılması ilahi əxlaqın tələbidir.

Bu baxımdan ana-ata bir az da alim, müdrik və tərbiyəçi sayılır. O bilir, düşünür, baxır, qoruyur və onların üstündə tir-tir əsir. Bəli, əgər ana-ata maşınına, bağına-bağçasına fikir verdiyi qədər uşaqlarına əhəmiyyət verməzsə, o uşaqların duyğu və düşüncələrinin qısır və cılız qalması qaçılmaz olar. Bu baxımdan bir az əvvəl haqqında bəhs etdiyimiz prinsiplərdən şəfqət, qədirşünaslıq, Haqqın nemətlərinə təzim etmə ilə yanaşı, həqiqi malikiyyətin və sahibliyin bir növ təzahürü olan "uşaqların bütün hallarına nəzarət" məsələsində də əsas qaynağa müraciət etməyə məcburuq.

Bu əsas qaynaq Allah (c.c.) əxlaqıdır. Allah (c.c.) dünyada yaxşı əməl işləyənlərə axirətdə Cənnət, pis əməl işləyənlərə də cəza verir.

Qurani-Kərim: "...Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!" ("İbrahim" surəsi, 14/7) buyurur.

İlahi əxlaqa yiyələnərək uşaqla əlaqədar mövqe və davranışlarımızı o qədər dəqiq, ədalətli şəkildə ortaya qoymağa çalışmalıyıq ki, Allah da bizi tənhalığa sürükləməsin.

"Zaman Azərbaycan"