Bazar yenidən böyüyəcək

23 Yanvar 2014 22:54
2014-cü ildə dünyanın telekommunikasiya operatorları avadanlığın alınmasına xərcləri artıracaqlar. Ən böyük sərmayə yatırımı Çin və Avropada gözlənilir.

Gartner tədqiqat qrupunun proqnozlarına görə, bu il mobil operatorlar üçün nəzərdə tutulmuş şəbəkə avadanlığının qlobal satış həcmi 85,4 milyard dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 3% daha çoxdur. Yaponiya istisna olmaqla, Asiyada bazarın həcmi 7%, Avropa və Şimali Amerikada 6% artacaq. Dell'Oro analitikləri 2014-cü ildə telekommunikasiya avadanlığının satış həcminin artımını 3% qiymətləndirir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən il China Mobile şirkəti Çində TD-LTE şəbəkəsini sınaqdan keçirib. 2013-cü ilin sonunadək operator ölkənin 100 şəhərində təxminən 200 min TD-LTE baza stansiyası istismara verməyə ümid edirdi. Avadanlıq tədarükləri üçün sifarişlərin təxminən 66%-i yerli Huawei və ZTE şirkətlərinə həvalə edilib.

2013-cü ildə Britaniyanın Vodafone şirkəti Project Spring proqramının həyata keçirilməsinə təxminən 9 milyard dollar ayırdığını bəyan edib. Layihə çərçivəsində 2016-cı ilin martınadək Avropa Birliyinin 4G şəbəkələrinin əhatə dairəsi və məlumatların ötürülmə sürəti nəzərəçarpacaq dərəcədə artacaq. Ericsson və Huawei şirkətləri Vodafone operatorunun ən böyük tərəfdaşlarıdır.

Avropanın telekommunikasiya bazarının inkişafı daha da sürətlənə bilər, bunun üçün yüksəksürətli şəbəkələrin inkişafı üzrə strategiyanı Telefonica, Telecom Italia və Deutsche Telekom daxil olmaqla, başqa operatorlar da dəstəkləməlidir.

Strategy Analytics analitiklərinin qiymətləndirməsinə əsasən, 2013-cü ilin nəticəsinə görə, LTE mobil rabitəsindən istifadə edən abunəçilərin sayı 238 milyon təşkil edib. 2018-ci ildə bu göstərici 2 milyardı ötəcək.

Milli.Az