Akademik Cəlal Əliyev "Kompyuter biologiyası və bioinformatika" jurnalının redaksiya heyətinin üzvü seçilib

22 Yanvar 2014 19:01
Dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA-nın Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, Milli Məclisin deputatı Cəlal Əliyev Avstraliyada nəşr olunan "Kompyuter biologiyası və bioinformatika" jurnalının redaksiya heyətinin üzvü seçilib. AMEA-dan AzərTAc-a bildiriblər ki, bununla əlaqədar jurnalın baş redaktoru Jade MakGil tərəfindən daxil olmuş məktubda dünya şöhrətli alimin fəaliyyətinin bu sahənin gələcək inkişafına böyük dəstək olacağı qeyd edilib.

Akademik Cəlal Əliyev tərəfindən hələ keçən əsrin 70-ci illərindən bioloji problemlərin həllinə biologiya ilə yanaşı, riyaziyyat və kompyuter elmləri sahələrindən də mütəxəssislərin cəlb edilməsinə başlanılıb, Azərbaycanda yeni tədqiqat istiqamətlərinin, o cümlədən riyazi və kompyuter biologiyası və bioinformatikanın bünovrəsi qoyularaq əsaslı surətdə inkişaf etdirilib. Biologiyada inteqrativ yanaşmaların dünyada ilk təşəbbüskarlarından biri akademik Cəlal Əliyev olub.

Bu elmi ixtisasların vəhdəti nəticəsində respublikada ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həllində riyazi metodlardan və kompyuter texnologiyasından istifadə etmək mümkün olub. Bu istiqamətdə ixtisaslaşmış azərbaycanlı alimlər hazırda ölkəmizdə və onun hüdudlarından kənarda (Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Pakistan, Oman, Türkiyə və s.) böyük uğurlar qazanır, Azərbaycanı yüksək səviyyədə təmsil edirlər. Bu uğurların nəticəsi kimi 2008-ci ildə Bakı şəhərində akademik Cəlal Əliyevin 80 illik yubileyinə həsr olunmuş "Bioinformatika: mövcud vəziyyət və gələcək perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilib.

Milli.Az