Telli Borçalı: "Müsahibə vermək istəmədiyim üçün yalan dedim" - YENİLƏNİB - VİDEO
21 Yanvar 2014 19:33
Aşıq Telli Borçalı ANS televiziyasının "Adam içində" verilişində 20 Yanvarda toya getmədiyini bildirdi
19:33
ANS televiziyasının "Adam içində" verilişinə dəvət edilən və 20 Yanvarda toya getməsi haqqında xəbərləri təkzib edən aşıq Telli Borçalı bu olayla bağlı bəzi məqamlara açıqlama gətirdi.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, aşıq Telli Borçalı verilişdə bu informasiya haqqında bildirdi ki, ANS televiziyasının müxbiri Natiq adlı jurnalist 20 Yanvar günü məndən aşıq Namiq Fərhadoğlu haqda informasiya almaq üçün zəng elədi.
"Mən də Namiq Fərhadoğlu haqda heç nə deməmək üçün dedim ki, rayondayam, hazırda toydayam. Ancaq telefon əlaqəsi kəsildikdən sonra hiss etdim ki, bu informasiyanı jurnalist yayacaq. Ona görə də aşıq Ulduza zəng etdim ki, ANS-dən Natiq adlı jurnalist mənə zəng eləmişdi. Mən də ona müsahibə verməmək üçün dedim ki, rayonda ad günündəyəm. Ona de ki, mən evdəyəm, ev nömrəmə zəng eləsin ki, heç yerə getməmişəm. Səhərisi gün mətbuatda yayıldı ki, mən guya toya getmişəm", - deyə Telli Borçalı bildirdi.
"Adam içində" verilişinin aparıcısı Elgiz Əkbər isə dedi ki, sənətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkənin qəmli günlərində heç bir şadyanalıq etməməlidir, əgər belələri olubsa, onlara ar olsun. Verilişdə iştirak edən müğənni Aslan Hüseynov isə dedi ki, müxbirdə günah yoxdur, gərək sənətkar ağzından çıxan sözü 100 dəfə ölçüb biçməlidir.
"Salam Azərbaycan" verilişinin müxbiri Natiq isə əlavə etdi ki, o, hər bir kəsdən müsahibə almaq ixtiyarına malikdir və Telli xanımın belə ifadə işlətməsinin özü elə informasiyadır. O baxımdan hər kəs dediyi sözün ağası olamlıdır.
---------- 15:32
"Mən dünən Masallıda olmamışam və heç bir toyda oxumamışam"
20 yanvarda Masallıda toy aparması xəbərləri ilə qınaq obyektinə çevrilən aşıq Telli Borçalı jurnalisti aldatdığını etiraf etdi. Milli.Az xəbər verir ki, aşıq xanım anspress-ə müsahibəsində, bilməyərəkdən bu vəziyyətə düşdüyünü söylədi:
"Jurnalist mənə zəng vurub Namiq Fərhadoğlu haqqında suallar verdi. Özüm də yuxulu idim. Nə bilim, onun saz ifasında rəqqasə Aytən göbək rəqsi oynayıb, bilmirəm nədi. Mən də Namiq haqqında danışmaq istəmədiyim üçün yalandan dedim ki, Masallıda toydayam. Bilirsiz də bizim Namiqlə qalmaqalımız olub, yəni aramız sərindi. Buna görə də onunla bağlı müsahibə vermək istəmirəm.
O, məndən "20 Yanvarda toya gedirsiz?" deyə soruşanda ayıldım. Birtəhər özümü təmizə çıxarmaq istəsəm də, alınmadı. Sonradan nə qədər zəng vurdum ki, sizə danışdıqlarımı ona da deyim, telefonu qaldırmadı".
Telli Borçalı dünən bütün günü evdə olduğunu, hətta 20 Yanvar faciəsi ilə bağlı telekanallarda yayımlanan kadrlara baxarkən göz yaşları tökdüyünü deyir: "Hamı bilir ki, mən necə həssasam. Dünən bütün günü televizor qarşısında oturub şəhidlərimizə ağlamışam. Gün ərzində aşıq Ulduz xanımla danışmışam. Mən dünən Masallıda olmamışam və heç bir toyda oxumamışam."
--------- 14:57
"ANS-dən mənə zəng edib sazçalan Namiqlə bağlı sual veriblər. Deyiblər ki, Namiq saz çalıb oriental oynayıb. Mən də onunla danışmadığım üçün dedim ki, burada yoxam, Masallıdayam. Bunlar da götürüb yazıb ki, Telli Masallıya toya gedib. Bu necə inandırıcı olar bilər ki, Telli haradasa ad günü eləsin, toya getsin...
Belə şey ola bilməz, Mir Mövsüm Ağanın qəbrinə and olsun ki, elə şey olmayıb, ANS yalan yazıb".
Bunu AzNews.az-a Aşıq Telli bildirib.
O, bununla bağlı ANS-in "Günəbaxan" verilişinin prodüserinə öz iradını bildirsə də, heç bir mənası olmayıb. Aşıq isə bu məsələdə sona kimi gedəcəyində israrlıdır:
"ANS-ə zəng etdim. "Günəbaxan" verilişinin prodüseri Könüllə danışdım. Dedim, ay Könül, bu nədir? Əhvalatı danışdım. Nə qədər şərəfsizdir o gədə. İnsanların əsəbi ilə oynamaq nəyə lazım? Sən faktı yaz da. Bu dəqiqə ANS-ə zəng edəcəm. Bu məsələdə axırına qədər gedəcəm.
Bəsdirin də, nə qədər yalan xəbərlər yaymaq olar? Bu yalanlarla insanları xəstə eləmisiniz. Birbaşa ora gedəcəm. Bunu belə qoymaq olmaz. Təcili təkzib verməlidirlər. Yoxsa məhkəməyə müraciət edəcəyəm".
Xatırladaq ki, ANS Aşıq Tellin 20 Yanvar toyda iştirak etməsi barədə məlumat yaymışdı.
--------- 12:50
"Özünü dərk edən, sazı duyan, bilavasitə sazın kökündən gələn insan gərək bu hörmətsizliyi eləməsin. Əgər bir insanın daxilində vətən sevgisi, şəhidliyə rəğbət, hörmət yoxdursa, ondan nə istəsən, gözləmək olar".
Bunu Modern.az-a açıqlamasında Aşıqlar Birliyinin İdarə Heyətinin üzvü və Folklor İnsitututunun aşıq yaradıcılığı şöbəsinin müdiri Elxan Məmmədli aşıq Telli Borçalının 20 Yanvar günü Masallıda toy aparmasına münasibət olaraq bildirib.
Qeyd edək ki, qanlı faciənin 24-cü ilində aşıq Telli Borçalının Masallıda toy aparması şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirilib.
Aşıqlar Birliyinin rəsmisi bunu bağışlanılmaz fakt hesab edir. "Yadınıza gəlirsə, bir neçə il bundan əvvəl İsraildə bir neçə sənətçi Xocalı hadisəsi günü konsert vermişdi. Aralarında saz adamı da var idi. Yenə deyirəm, bu çox üzücü bir hadisədir. Bağışlanılmaz bir şeydir. Amma bunu gərək insan özü duysun. Quyuya su tökməklə quyu dolmaz".
Aşıq-müğənni Telli Borçalı 20 yanvar tarixində toyda olmasını ANS TV-də "Salam, Azərbaycan" proqramının xüsusi müxbiri ilə telefon danışında deyib.
"Qurban sənə, mən Bakıda deyiləm, Masallıdayam. Axşam mənim toyum var".
Müxbirin, "20 yanvar günü kimin toyudur?" sualı qarşısında çaşan Telli Borçalı əslində toyda yox, ad günündə olduğunu bildirib.
--------- 09:08
Azərbaycanın tanınmış aşıq-müğənnisi Telli Borçalı 20 Yanvar günü toya gedib.
Anspress-in xəbərinə görə, aşıq-müğənni bu barədə "Salam Azərbaycan" proqramının xüsusi müxbiri Natiq Nailəoğlu ilə telefon danışığında danışıb.
"Qurban sənə, mən Bakıda deyiləm, Masallıdayam. Axşam mənim toyum var".
Müxbirin "20 Yanvar günü kimin toyudur?" sualı qarşısında çaşan Telli Borçalı əslində toyda yox, ad günündə olduğunu bildirib.