Kişilərimiz zorakılığa məruz qalırmı?

16 Fevral 2010 11:49
Qadınların zorakılığa məruz qalması ilə bağlı məsələ daim cəmiyyətin müzakirə mövzusu olub. Yaxın zamanlarda Azərbaycan parlamentində də bu yöndə qanunun qəbul olunacağı gözlənilir. Ancaq unutmaq lazım deyil ki, qadınlar da az aşın duzu deyillər. Milli.az-ın cəmiyyətin tanınmış xanımları arasında apardığı sorğu kimlərin kişilərə zor tətbiq etdiyini üzə çıxardı.

Zəminə Əliqızı peşəkar karateçidi

Yəqin ki, bu yazını oxuyandan sonra hər kəs Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızıya yaxınlaşmağa tərəddüd edəcək. Allah, Allah, bu xanımın canında nələr varmış?! Peşəkar karateci! Zəminə xanım məhz bu üstünlüyündən yararlanaraq bir nəfəri xurd-xəşil edib. Amma sonradan məlum olub ki, həmin şəxsin heç bir günahı yoxmuş. Hadisə barədə Zəminə xanımın dilindən oxuyaq: "Tələb vaxtı dərsdən çıxıb evə gedərkən çantamı oğurlayıb qaçdılar. Bu hadisədən sonra yaman qorxmuşdum. Bundan sonra gördüm ki, özümü müdafiə etmək üçün nəsə etməliyəm. Qonşumuz olan bir oğlan mənə idmanla məşğul olmağı məsləhət gördü. Beləcə karate bölümünə yazıldım və Süleyman müəllimin tələbəsi oldum.
Üstündən 2 il keçəndən sonra kimsə məni arxadan itələdi və elə bildim ki, yenə də çantmaı oğurlayırlar. İstər-istəməz karate fəndlərindən birini işə saldım və həmin adam 2-3 metr məsafəyə uçdu. Amma sonra aydınlaşdı ki, heç o yazığın günahı yoxmuş, onu da kimsə itələyib və özünü saxlaya bilməyərək mənə toxunub".

Zəminə xanım hesab edir ki, qadın zorakılıqlarının azalması insanların təhsilinin  səviyyəsinin artmasından birbaşa aslıdır: "Sizi əmin edirəm, Azərbaycan qadınlarının təhsilə və savada yiyələnməsi cəmiyyətimizin sağlam olmasını şərtləndirən əsas amildir. Təhsilli və savadlı qadınların çox olması cəmiyyətdəki zorakılıqların sayının azılmasına gətirib çıxaracq".

Aynur Camalqızını hirsləndirən olmayıb

"Qadın kişiyə o vaxt zor tətbiq edir ki, ona qarşı edilən haqzıslıqlar və işgəncələr dözülməz hala çatır". Millət vəkili Aynur Camalqızı dedi bu fikri. Amma Aynur xanım indiyə qədər kiməsə zor tətbiq etməyib: "Nə orta məktəbədə oxuduğum vaxtlar, nə tələbəlik illərində, nə də sonralar belə situasiya ilə üzləşməmişəm. Qadınlar yalnız dözülməz vəziyyət yarandıqda zora əl atırlar. Çox təəssüf edirəm ki, son zamanlar belə hallar bir qədər çoxalıb. Bunu statistik göstəricilər də sübut edir. Heç bir qadın adi bir iş üstündə kiməsə zor tətbiq etməz".

Kifayət Qasımova xariciləri yerə sərib

Azərbaycanın ən titulu qadın cüdoçusu, ikiqat Avropa çempionu  Kifayət Qasımova da idmançı bacarığından yararlanaraq kişilərə yerini göstərib. Amma Kifayət xanım belə situasiya ilə xaricdə üzləşib: "Belarusiyada təlim-məşq toplanışında idik. Türkiyədən gəlmiş qadın idmançılarla birgə şəhəri gəzirdik. Sərxoş olan bir-neçə şəxs bizə söz atdı. Təbii ki, belə məqamda öyrəndiyimiz fəndləri işə saldıq. Yerə sərilmiş həmin şəxslər dərhal vəziyyətin kiritik olduğunu anlayıb, aradan çıxdılar. Ancaq Azərbaycanda heç vaxt belə halla üzləşməmişəm. İdmançı olduğumuz bilib, bizə həmişə hörmət və sayğı ilə yanaşıblar".

Xoşqədəm Hidayətqızı ya qorxaqdı, ya da...

"Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı indiyə qədər kiməsə zor tətbiq etdiyni xatırlamır: "Tam səmimi deyirəm, heç uşaq yaşlarımda da belə halla üzləşməmişəm. Hesab edirəm ki, kiməsə zor tətbiq etmək yolverilməzdir. Hər şeyi sözlə izah etməyin mümkün olduğu məqamda, zora əl atmaq düzgün deyil. İndiyə qədər kiməsə zor tətbiq etməməyimi iki məqamla izah etmək olar - görünür ya həddindən artıq qorxağam, ya da içimdəki insan sevgisi böyükdür".

Flora Kərimova: "Əlinə nə keçdisə, vızıldat onun təpəsinə"

Bir il bundan əvvəl öz həmkarı, xalq artisti Faiq Ağayevə sillə ilişdirən xalq artistimiz Flora Kərimova görünür, bunu döymək hesab eləmir. Flora xanım deyir ki, onu hələki zor tətbiq etmək həddinə çatdırmayıblar: "Düzü, indiyə qədər hansısa kişini döyməmişəm. Çünki bu şəraiti yaradacaq vəziyyətlə üzləşməmişəm, kimsə məni bu həddə çatdırmayıb. Amma kişilərə zor tətbiq edən xanımları da qınamıram. Qadın yalnız dözülməz həddə çatdırıldıqda belə üsula əl atır. Əgər sən kişini sözlə başa sala bilmirsənsə, onun təhqir və işgəncələri həddini aşırsa, onda əlinə nə keçirsə vızıldat onun təpəsinə. Beləsi döyülməyə layiqdi!"

Arzu Abdullayeva rəfiqəsini qorumaq üçün zora əl atıb

Hüquq müdafiəçisi Arzu Abdullayevə sakit xarakterə malik olsa da, bir neçə dəfə kişilərə zor tətbiq edib: "Belə hadisələr orta məktəbdə oxuduğum vaxtlarda olub. Mən 3 qardaşın tək bacıçsı olmuşam. Qardaşlarım idmanla məşğul olduqlarından özümü müdafiə etmək üçün mənə də bəzi fəndləri öyrədirdilər. Məsələn, bir dəfə məktəbdən qayıdarkən gördüm ki, yeniyetmə birsi mənimlə bir sinifdə oxuyan rəfiqəmi bıçaqla hədələyərək, ondan nəsə tələb edir. Bu yazıq da qorxusundan büzüşərək, divara qısılmışdı. Onlara yaxınlaşdım, oğlanın biləyindən  yapışıb qəfil fənd işlətdim, bıçaq əlindən yerə düşdü. Həmin oğlanı da məcbur etdim ki, qızdan üzr istəsin".
Hüquq müdafiəçisi azərbaycanlı kişiləri daha centlmen hesab edir: "Sizi əmin edirəm, Gürcüstan və Ermənistan cəmiyyətinə nisbətən Azərbaycanda kişilər daha centlmendi. Bizim kişilər  qadınlara daha sayğılı münasibət bəsləyirlər. Apardığımz sorğular bu yöndə Tibilisi və Yerevana nisbətən Bakıda vəziyyətin daha yaxşı olduğunu göstərdi. Amma təəssüf ki, ölkənin bütün ərazisini əhatə edən sorğu fərqli nəticələr ortaya çıxartdı. Hesab edirəm ki, bölgələrdə qadın zorakılığna son qoymaq üçün maarifləndirmə işlərini artırmaq lazımdı".            


Aydın A.
Milli.Az