Ağac əkək ki...

18 Yanvar 2014 20:15
Ağac var ki, çiçəyi, yarpağı, meyvəsi, qabığı ilə dərdə məlhəmdir. Ağac var ki, meyvəsi ilə süfrəmizə yaraşıq verir. Ağac var ki, görkəmi ilə göz oxşayır, bağları, parkları, həyətləri bəzəyir. Ümumilikdə isə, ağaclar insanın qoruyucusu, onun sağlamlığının keşikçisidir, boya-başa çatdığı məkanın təmizləyicisidir. Bir sözlə, insan beşikdən məzara qədər ağaca möhtacdır.

Son illər dünyada flora və faunanın tarazlığı pozulub. Nəticədə, atmosferdə karbon qazının konsentrasiyası milyonda 389 hissə olub ki, bu da 1750-ci il sənaye dövrünün başlanmasından bəri ən yüksək göstəricidir. Araşdırmalara əsasən deyə bilərik ki, bir avtomobil ildə atmosferdən orta hesabla dörd ton oksigen udur, atmosferə təqribən 800 kiloqram dəm qazı, 40 kiloqram azot oksidi və təxminən 200 kiloqram karbon qazı buraxır. Bu boşluğu aradan qaldırmağın ən mühüm yollarından biri, təbii ki, ağac əkməkdir. Çünki planetimizdə ağaclar və bitkilər oksigenin yeganə mənbəyidir. Ağcaqayın, armud və digər bir sıra ağacların yaşıl yarpaqlarının hər kiloqramı 15 nəfər adamı öldürə biləcək benzolu tutub saxlayır.

Müasir ekoloji tələblərə görə isə ölkə ərazisinin minimum 20-25 faizi meşə ilə örtülməlidir. Ölkəmiz üzrə bu rəqəm 12 faizə bərabərdir. Ona görə də, ölkəmizdə bu sahəyə ciddi fikir verilir. Təkcə bir faktı xatırlayaq ki, 2010-cu ildə - "Ekologiya ili"ndə ölkəmizdə 20 milyondan çox ağac əkilib. Sonraki illərdə də bu tendensiya davam etdirilib və etdirilməkdədir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Sevimli Peyğəmbərimiz (s.a.s) buyurur ki, qiyamət qoparkən sizlərin əlində bir xurma fidanı olarsa və onu əkməyə gücü çatarsa, dərhal həmin fidanı əksin, geriyə saxlamasın. O, həmçinin buyurur ki, bir adam bir ağac əkərsə, əkdiyi ağacın meyvəsi qədər onun dəftərinə savab yazılır. Peyğəmbər əfəndimiz həmçinin buyurur: "Kim bir ağac kəsərsə, Allah-Taala o şəxsi qiyamət günü başıaşağı cəhənnəmə atacaqdır".

Laqeydlik nümayiş etdirənlər də var

Bağ salmaq, ağac əkmək, ümumiyyətlə, ətrafı yaşıllıq aləminə qərq etmək ata-babalarımızın adəti olub. Ağac bolluq, şirinlik, mehribançılıq nişanəsi hesab edilib. Hətta eşitdiyimə görə, el içində yaşayış evinin ətrafında ağac əkmək ailəyə xeyir-bərəkət, xoş güzarana vəsilə olacağı kimi də yozulur. Yeri gəlmişkən, xalqımızın təfəkküründə ağacla bağlı digər inanclar da yaranıb. Bir zamanlar el-obada: "Əkiblər yeyirik, əkərik yeyərlər", - sözlərini də tez-tez eşidərdik. Amma son zamanlar bu öyüd-nəsihətə əməl edənlərin sayı azalıb. Yəni az adam deyir ki, mən də əkim, məndən sonra gələnlər ondan faydalansın. Elə bu səbəbdən bir zamanlar Abşeron kəndlərinin bəzəyi sayılan püstə, badam, iydə, innabın əvvəlki şöhrəti qalmayıb. Püstəyə indi təkəm-seyrək Fatmayıda, Əmircanda və başqa kəndlərdə rast gəlmək mümkündür. Əgər təcili tədbirlər görülməsə, bunun nə ilə nəticələnəcəyini demək çətindir.

Təəssüf ki, aramızda ağaca laqeydlik nümayiş etdirənlər də var. Bir susuzluqdan yanan ağacı görəndə: "Mənə nə, qoy bu sahə ilə məşğul olanlar buna bir əncam çəksinlər", - deyənlər də kifayət qədərdir. Bəziləri isə onlara, daha doğrusu, təbiətin ağ ciyəri adlandırdığımız ağaclara əl qaldırmaqdan sanki ləzzət alırlar. Amma o biçarələr dərk etmirlər ki, bununla yalnız ağaca deyil, özünün sabahına, təbiətin harmoniyasına balta çalırlar. (Bəlkə də, bu gün canlı danışıq dilində işlətdiyimiz: "Oturduğu ağaca balta çalmaq" ifadəsi buradan qaynaqlanıb). Məsələn, ötən ilin oktyabr ayında Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi 28 saylı binanın yaxınlığında ağacların qanunsuz olaraq qırılması barədə daxil olmuş şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları sözügedən ünvanda yaş köküstə 48 ədəd müxtəlif diametrli və müxtəlif cinsli ağacın fiziki şəxs Əlqəmə Cəfərov tərəfindən kəsilməsi faktını aşkar edərək akt və protokol tərtib ediblər. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, qanun pozucusu fiziki şəxs qismində inzibati qaydada 57600 manat məbləğində cərimə olunub. Əlbəttə, cərimələrin ödənilməsi də, digər cəzalar da yalnız əlacsızlıq əlamətidir. Başlıca məqsəd, sonuncu hədəf isə belə qlobal qanun pozuntularının qarşısını almaqdır.

Təbiətlə münasibətdə saxtakarlığın, naşılığın zədələri və zərbələri bir ilə, beş ilə yox, bəzən on illərlə sağalmır. Bircə faktı xatırlayaq ki, 3 milyondan artıq əhalisi olan Bakıda ildə ən azı 150 milyon ton oksigen tələb olunur. Nəzərə alsaq ki, təzə fidanların iri gövdəli kötükləri əvəzləməsinə hələ aylar, illər - böyük zaman kəsiyi tələb olunur, onda təbiətdə itirdiklərimizin qədərini, miqdarını başa düşə bilərik.

Onu da etiraf edək ki, son illərədək əksər kəndlərimizdə mavi yanacaq olmadığından, minlərlə qocaman ağac da, yaş pöhrələr də qırılırdı. Zənnimizcə, son illər regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində görülən işlər bu kimi neqativ hallara son qoymaqda öz sözünü deyəcək.

Yaşıllıq vitamindir

Bəli, yaşıllıq sağlamlığın rəhnidir, insan orqanizminə lazım olan vitamindir. Yaşıllıq olmasa, nəfəs aldığımız hava təmiz olmaz, çaylar, bulaqlar quruyar. Hər kəs bilməlidir ki, səma, meşələr, çaylar, dağlar, insanlar... bütün bunlar təbiəti təşkil edir. Təbiətdə olan hər şey bir-biri ilə sıx bağlıdır. Məsələn, ağaclar günəşsiz, susuz, quşlarsız yaşaya bilməz. (Quşlar ağacın gövdəsində gizlənmiş qurdları, böcəkləri yeməklə ağacı qorumuş olur). İnsan ağac əkməklə, heyvanlara qayğı göstərməklə ekologiyaya öz töhfəsini verə bilər. İnsanlar ağacı kəsməklə tək ağacı məhv etmir, eyni zamanda quşlar, həşəratlar, balıqlar da məhv olur.

Tədqiqatlar görə, ağaclar çox olan yerlərdə xəstəlik törədən zərərli mikroorqanizmlər 8, zərərli qazlar isə 5 dəfə azalır. Yaşıllıq sağlamlıq, gümrahlıq rəmzi olmaqla bərabər insan yaşayışının başlıca rəhnidir. İnsan övladı da onun üçün lazım olan təmiz havanı, oksigeni də məhz bu mənbədən alır. Ağciyərlərimizin normal və sağlam fəaliyyəti də xeyli dərəcədə bu amildən asılıdır. Axı, bir ağacın ətrafa ötürdüyü oksigenlə eyni vaxtda neçə-neçə adam qidalanır. Deyilənə görə, bir çinar ağacının "istehsal etdiyi" oksigen 58 adama bəhs edir. Bir hektar meşə, yaşıllıq zolağı isə il ərzində 50-70 ton tozu, zəhəri öz "süzgəcindən" keçirir. Yaşıllıq göz işığı, gümrahlıq mənbəyi olduğundan gündəlik həyatımızda əhval-ruhiyyəmizin yüksək olması da xeyli dərəcədə bu amildən asılıdır. Axı təbiətin bu canlı varlıqlarından zövq almağı bacarmaqla yanaşı, bir qədər yorğun və əsəbi olduqda yaşıllıqlar qoynunda gəzməyi, dincəlməyi ən yaxşı istirahət hesab etmişik.

Təbii ki, iri şəhərlərin, bölgələrin yaşıl örtüyə, zolaqlara ehtiyacları daha çoxdur. Ona görə yox ki, o yerlərin avtomobil yollarında hərəkət sıxdır, iri sənaye mərkəzləri, ocaqxana və qazanxanalar da atmosferə müəyyən miqdarda zəhər ötürülür. Başlıcası, bu şəhərlərdə adambaşına düşən bitki aləmi, yaşıllıqlar azlıq təşkil edir.

Bizim dövrdə əsas vəzifəmiz ağac əkib yetişdirmək, ağacları bir uşaq kimi qorumaqdan ibarət olmalıdır. Ağac əkmək ibadət etmək səviyyəsində çox xeyirli bir iş olduğu kimi, eyni zamanda bir vətənsevərlik vəzifəsidir: Kim ki, bir ağac əkir və ondan bir quş, bir insan, bir heyvan yeyirsə, bu onun üçün bir sədəqə olur". Yeri gəlmişkən, akademik Həsən Əliyevin səyahət təəssüratları ilə bağlı bir məqamı da vurğulamaq istəyirəm. O, səyahətlərinin birində bir almandan soruşub ki, nə üçün meyvə bağları deyil, meşə üçün tinglik salırsınız? Cavabında alman ona deyib ki, meyvəni başqa ölkələrdən də almaq olar, lakin meşəni heç yerdən gətirmək olmaz. Axı, meşə torpaqdır, sudur, havadır, bir sözlə, hər şeydir...

Yazımı bu yerdə tamamlamaq istərkən bir yunan əfsanəsi yadıma düşdü. Həmin əfsanədə deyilir ki, hər bir cavan evlənməzdən əvvəl yeddi zeytun tingi basdırıb onu bar verənə qədər becərməli və sonra evlənməli imiş. Mən isə deyirəm, bəlkə, biz də belə bir əfsanəni real həyatımızda gerçəkləşdirək?

"Zaman Azərbaycan"