IBM buludlara pul yatıracaq

18 Yanvar 2014 22:54

Dünyanın nəhəng kompüter və proqram təminatçısı International Business Machines (IBM) şirkəti beş qitədə yeni məlumat emalı mərkəzlərinin tikintisinə 1,2 milyard dollar məbləğində sərmayə qoymaq niyyətindədir. Mərkəzlər Vaşinqton, London, Honkonq, Toronto, Mexiko və Dallasda, eləcə də Yaponiya və Hindistanın şəhərlərində inşa olunacaq. Bundan başqa, şirkət 2015-ci ildə bulud texnologiyaları ilə bağlı investisiya fəaliyyətini Yaxın Şərq və Afrikaya genişləndirməyi planlaşdırır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ istehsalçısı nümayəndələrinin sözlərinə görə, məlumat emalı mərkəzlərinin sayının 40-a çatdırılması, IBM SoftLayer bulud infrastrukturunun tutumunun iki dəfə artırılması nəzərdə tutulur.

2013-cü ilin iyununda ABŞ şirkəti bulud həllərində ixtisaslaşan SoftLayer Technologies şirkətini satın alıb. Qeyri-rəsmi məlumatlara görə, IBM bu alışa 2 milyard dollar vəsait xərcləyib, halbuki şirkət 2012-ci ildə 335 milyon dollar mənfəət əldə edib.

Bu saziş qüvvəyə mindikdən sonra IBM 2400 yeni müştəri cəlb etməyə nail olub. Şirkət yeni məlumat emalı mərkəzlərini hazırda mövcud olanlarla vahid şəbəkədə birləşdirmək niyyətindədir.

IBM 2020-ci ilədək dünya bulud məhsulları bazarının həcmini 200 milyard dollar dəyərində qiymətləndirir. Şirkət 2 ildən sonra bu biznesdə ildə təxminən 7 milyard dollar qazanmağı düşünür. 2013-cü ilin üçüncü rübündə IBM-in bulud məhsullar və servislərin satışından əldə etdiyi mədaxili 1 milyard dollara yaxın olub.

Milli.Az