Ericsson-dan Microsoft-a rəhbər keçəcək?

19 Yanvar 2014 21:19

Bloomberg agentliyi yazır ki, Microsoft korporasiyasının Direktorlar şurası İsveçin Ericsson şirkətinin direktoru Hans Vestberqi şirkətin yeni baş direktoru vəzifəsində görür.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Microsoft şirkətinin indiki CEO-su Stiv Balmer 2013-cü ilin avqustunda qarşıdakı 1 il ərzində öz vəzifəsini tərk etmək planlarını bölüşüb. Bill Qeytsin yer aldığı xüsusi komissiya varisin axtarışı ilə məşğuldur. Balmerin ehtimal edilən varisləri siyahısında Vestberqdən başqa, Microsoft korporasiyasının biznes bölməsinin rəhbəri Satya Nadella və Nokia şirkətinin keçmiş direktoru Stiven Elop da var.

Noyabrın sonunda Bloomberg agentliyi etibarlı mənbələrə istinadən Ford avtomobil istehsalçısının baş direktoru Alan Mulallini Microsoft-un direktoru postuna əsas namizəd adlandırmışdı. Lakin bu ilin yanvarında məlum olub ki, Mulalli proqram nəhənginin komandasına qoşulmaq niyyətində deyil.

Vestberq 1988-ci ildə Ericsson şirkətində işləməyə başlayıb, 2007-2009-cu illərdə əsas maliyyə direktoru vəzifəsini icra edib. O, 2010-cu ilin yanvarında Ericsson şirkətinin baş direktoru olub.

Milli.Az