Məşhur İnqmar Berqman Bakının Muzey Mərkəzinə “gələcək”
20 Oktyabr 2010 10:07
Liana Vəzirova: "İncəsənətin bütün sahələri sintez halnda təqdim edilməlidi".
Azərbaycanın muzey şəbəkəsində baş verən dirçəlmə Muzey Mərkəzinin fəaliyyətində özünü daha qabarıq göstərir. İstiqlal, Teatr, Xalça Muzeylərinin ekspozisiyasını və Din Tarixi Muzeyinin fondunu özündə birləşdirən bu mədəniyyət ocağında tez-tez maraqlı sərgi və tədbirlərin baş tutduğunu müşahidə edirik.
Muzeyin direktoru Liana Vəzirova Milli.Az xəbər portalına verdiyi məlumatda mərkəzin hazırladığı yeni layihələrdən bəhs etdi: "Muzey Mərkəzi mədəni maarifçilik missiyasını maksimum dərəcədə yerinə yetirməyi qarşısına vəzifə qoyub. Bundan ötrü ən dəyərli rəssamlarımızın sərgilərini təşkil etməklə kifayətlənmirik. Çalışırıq ki, tamaşaçı auditoriyamızın tərkibi müxtəlif yaşa və peşəyə aid olan insanları birləşdirsin. Yeni layihələrimizdən biri "Muzeydə kino" adı altında gerçəkləşəcək. Bir neçə ildən bəri Dövlət Film Fondu ilə davam edən əməkdaşlığımız belə ideyanın gerçəkləşməsini sürətləndirdi. Beləliklə, bu aydan başlayaraq ayda iki dəfə Muzey Mərkəzində intellektual ekran əsərləri bir qədər fərqli şəkildə təqdim ediləcək. Yeni layihəyə "Dünya kinosunun inciləri" silsiləsi ilə start verəcəyik".
Mərkəzin rəhbərinin verdiyi digər məlumata görə, Film Fondunun direktoru kinorejissor Cəmil Quliyevlə birgə qərara gəliblər ki, ilk olaraq tamaşaçılara dahi rejissor İnqmar Berqmanın yeddi filmini təqdim eysinlər. Bunlar - "Monika ilə keçirilmiş yay" (1952), "Təlxəklərin axşamı" (1953), "Yeddinci möhür" (1956), "Sima" (1958), "Yay gecəsinin təbəssümü" (1962), "Priçastiye" (1962), "Pıçıltılar və qışqırıqlar" (1972) adlı filmlərdir.
Hazırda bu filmlərin plakatlarının hazırlanması üzərində iş gedir. Plakatları ərsəyə gətirən yaradıcı heyətin rəhbəri rəssam Vüqar Əlidi. Liana xanım deyir ki, Muzey təkcə rəsm əsərlərinin sərgiləndiyi məkan kimi qəbul edilməməlidi. Muzeylərin fəaliyyəti incəsənətin bütün sahələrinin bir vəhdət, sintez halında qavranmasının vacibliyində öz rolunu oynamalıdı.
"Bax, məsələn, Bülbül adına Musiqi Məktəbinin yenicə təyin edilmiş rəhbəri tanınımış dirijor Teymur Göyçəyevlə də yeni layihəyə başlamaq niyyətindəyik. Layihənin məqsədi yeniyetmələrə musiqinin həm də rəng, çalar olduğunu aşılamaq, incəsənətin bir sahəsində uğur əldə etməkdən ötrü digər sahələrindən təcrid olunmamağı öyrətməkdi" - deyə L.Vəzirova qeyd edib.
Məlumat üçün bildirək ki, ötən il Muzey Mərkəzində fransalı musiqiçi Patrik Kalafattonun iştirakilə "Klassik musiqi axşamı", gənclərdən ibarət "Bitl Cuys" qrupunun iştirakilə "Caz axşamı", bu il isə "Muzeydə teatr" layihələri gerçəkləşib. "Muzeydə teatr" layihəsinə cəlb edilmiş "Günay" Uşaq Teatrı "Xocalı", "Məhəbbət əhvalatı", "Arşn mal alan", "İran nəğmələri", "Balıqçı və balıq haqqında nağıl" və "Şelkunçik" tamaşalarını hazırlayıb.
Tamaşaların orijinal afişaları işıq üzü görüb. Sonuncu iki tamaşa və M.Y.Lermontovun doğum gunu ilə bağlı olan tamaşa bu yaxınlarda təqdim ediləcək. Hər bir tamaşa dekorasiya əvəzinə Azərbaycan və digər ölkələrin rəssamlarının səhnə əsərinin mövzusuna uyğun olan tablolarının fonunda nümayiş etdirilir.
L.Vəzirova qeyd etdi ki, "Muzeydə teatr" layihəsinin böyüklər üçün nəzərdə tutulmuş mərhələsinə 2011-ci ilin əvvəlində start veriləcək: "Bu mərhələnin baş tutması mövzusu yaradıcı ruha, məhəbbətə köklənmiş yeni bir pyesi yazacaq müəllifdən və bu pyesi muzeydə tamaşaya qoya biləcək rejissordan asılıdır. Hələ ki onların hər ikisinin axtarmaqla məşğuluq".
Samirə Behbudqızı
Milli.Az