Dumadan miqrantlarla bağlı daha bir sərt qərar - VİDEO
15 Yanvar 2014 16:24
Xarici vətəndaş icazə olmadan 90 gündən artıq Rusiya ərazisində qalarsa, onun ölkəyə girişi 3 il qadağan olunacaq
Miqrantların Rusiyada 90 gündən çox qala bilməmələrini nəzərdə tutan yeni qanun layihəsi Duma tərəfindən ilk oxunuşda qəbul edildi.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, xarici vətəndaş icazə olmadan 90 gündən artıq Rusiya ərazisində qalarsa, onun ölkəyə girişi 3 il qadağan olunacaq. Maraqlı məqam isə odur ki, miqrantlara qarşı qanun layihələrinin indiyədək daha çox Jirinovskinin rəhbərliyindəki Liberal Demokrat Partiyası tərəfindən irəli sürüldüyü halda bu dəfə təklif hakim Vahid Rusiya Partiyasının Dağıstandan olan millət vəkili Rizvan Kurbanovdan gəlib.
Onun fikrincə, qanun ölkədə qeyri-rəsmi miqrantların sayının azalmasına kömək edəcək: "Bu qanunun ölkəmizdə rəsmi olaraq çalışan miqrantlara heç bir zərəri olmayacaq. Tələbələr, iş adamları və Rusiyada uzun müddət qalmaq niyyəti olanlar qeydiyyatdan keçə bilərlər. Amma unutmamalıyıq ki, 1 milyon 300 min miqrant ölkəmizdə qeyri-rəsmi çalışır. Ümid edirəm gələn ilin mart ayından etibarən tətbiq ediləcək qanun onların bu özbaşınalığına son verəcək".
Dumanın bu addımı miqrantlar tərəfindən heç də xoş qarşılanmadı. Xüsusilə bu ölkədə ticarətlə məşğul olan həmyerlilərimizin yeni qanundan ciddi şəkildə zərər görə biləcəyi deyilir.
Rusiya Miqrasiya Federasiyasının vitse-prezidenti Mais Qurbanov: "Sovet hökuməti dağılandan sonra çox sayıda həmyerlilərimiz gəlib burada öz işini qurdu. Onlar yayda vətəndə dincəlirdilər və qalan müddətdə isə buradakı işləriylə məşğul olurdular. İndi isə bu insanların biznesi çox ciddi təhlükə altında qalmış olacaq. Belə ki, əğər burada ticarətlə məşğul olan miqrant 180 günün 90 gününü burada, digər 90 gününü vətəndə keçirmək məcburiyətində buraxılsa, əlbəttə ki, onun biznesi çökəcək".
Millet vəkili Vladimir Jirinovski isə bu gün miqrantlara qarşı daha bir qanun layihəsilə çıxış edib. O, qeyri-qanuni miqrantların öz vətənlərinə pul köçürmələrinə vergi tətbiq edilməsini təklif edib.