Güclü külək Gədəbəyi zülmətə qərq etdi

14 Yanvar 2014 19:35
Ötən gün baş verən güclü külək Gədəbəyə ciddi ziyan vurub. Rayonun 12 kəndi işıqsız qalıb. Gədəbəydə küləyin törətdiyi fəsadların aradan qaldırılması işləri aparılır.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, dünən axşam saatlarından başlayaraq Gədəbəy rayonunda əsən güclü külək elektrik dirəklərini aşırıb. Rayonda artıq bir sutkaya yaxındır ki, elektrik enerjisi kəsilib.
Gədəbəy rayon İH-nin şöbə müdiri Nizaməddin Qılıcov: "13 yanvar 2013-cü il tarixdə rayonumuzda güclü külək əsib. Küləyin nəticəsində 12 kəndin elektrik enerjisinə ciddi ziyan dəyib. Bu gündən başlayaraq Gədəbəy rayon paylayıcı elektrik şəbəkəsi enerjini bərpa etmək istiqamətində işlər aparırlar".

Sakinlərin sözlərinə görə, ötən gecə başlayan külək səhər saatlarına qədər davam edib. Evlərin dam örtüklərini də sıradan çıxaran külək daha çox rayonun elektrik təsərrüfatına ziyan vurub.
Gədəbəy rayon İnəkboğan kəndinin sakini Vaqif Həsənov: "Külək, əsasən, məftilləri və dirəkləri qırıb. Həm də dirəklər köhnə idi, çürük idi hamısı. Hələ də işığımız yanmır. Amma işlər gedir. Düzəldirlər".
Eyni zamanda, rayona yağan qar nəqliyyat vasitələrinin hərəkətini iflic edib. Qarın qalınlığı 10 santimetr olub. Magistral yollara duz-qum qarışığı səpilib. Gədəbəy rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Qərb bölgəsində müşahidə olunan küləkli hava rayonda digər sahələrə də ziyan vurub.

Güclü külək, həmçinin sakinlərin təsərrüfatına da ciddi ziyan vurub. Bildirək ki, rayonda elektrik enerjisində yaranan fasilə yaxın zamanlarda aradan qaldırılacaq.

Milli.Az