Mal-qara oğruları tutuldular

14 Yanvar 2014 17:55

Ağcabədi polisi rayon ərazisində mal-qara oğurluğu ilə məşğul olan Ağdaşın Xosrov kəndinin sakinlərindən ibarət dəstəni yaxalayıb.

Milli.Az El TV-yə istinadən xəbər verir ki, Ağcabədinin Hüsülü kənd sakinləri Nargilə Firudin qızı Həsənova, Pərviz Əlfəsiyab oğlu Sadıqov və Sovet Yusif oğlu Hüseynov ayrı-ayrı vaxtlarda onlara məxsus iribuynuzlu heyvanların oğurlanması barədə rayon polis şöbəsinə müraciət ediblər. Polis əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri zamanı məlum olub ki, dəstə üzvləri Hüsülü kəndindən oğurladıqları malları elə həmin kəndin ərazisindəki bazarda satıblar.

Müştərilərdən biri telefon vasitəsi ilə oğurluq malları satanların şəklini çəkib. Dəstə üzvüləri 1986-cı il təvəllüdlü İsmayıl Vahid oğlu İsayev, 1992-ci il təvəllüdlü Ramin Arif oğlu Mahmudov və 1993-cü il təvəllüdlü Şahin Hakim oğlu Əlizadə yaşadıqları Ağdaş rayon Xosrov kəndində saxlanılıblar. Dindirilmə zamanı onlar Ağdaş və Göyçay rayonları ərazisində də bir neçə oğurluq hadisəsi törətdiklərini etiraf ediblər.

Milli.Az