Bölgə yazarları həyəcan təbili çalırlar - VİDEO

14 Yanvar 2014 17:52

Azərbaycan Yazıçılar Birliyinin Migəçevir filialının sədri İsmayıl İmanzadə bildirir ki, filialın 12 rayon üzrə 60 üzvü var.

Milli.Az El TV-yə istinadən xəbər verir ki, onların 12-i yazıçı, 48-i şairdir. Onun sözlərinə görə, hazırda bölgələrdə yaşayan qələm adamları dövlət qayğısından kənardadırlar. Yazarların maddi sıxıntısı isə ədəbi yaradıcılığa ciddi təsir göstərir. Məsələn, ötən il filialın üzvü olan 3 şairin şeirlər topluluğu redaktə olunsa da, bugünədək maddi imkansızlıq səbəbindən nəşr edilməyib.

İsmayıl İmanzadə belə halların ədəbiyyatda durğunluq yaratdığını bildirir. "Mən insanlar tanıyıram ki, ya mənim yaşıdımdır, ya da məndən cavandır, gözəl yazıçılardılar. Amma vəsaitləri yoxdur. Əsərini ortaya çıxarıb deyə bilmir ki, bax, mən bu gün Azərbaycan ədəbiyyatına bunu təqdim edirəm", - İsmayıl İmanzadə bildirir ki, bütün ədəbi məclislər bölgə yazarlarının maddi dəstəyi ilə həyata keçirilir.

Səbəb isə filialın şəxsi büdcəsinin olmamasıdır. Filial sədri onu da qeyd edir ki, kitab satışının lazımi səviyyədə olmaması onların işini daha da çətinləşdirir: "Yazıçının, şairin kitabla dolanması üçün əvvəlki kimi azı 2-3 kitab mağazası olmalıdır"

Məlumat üçün deyək ki, Yazıçılar Birliyinin Mingəçevir filialının binasında istilik sistemləri işləmir. Qış aylarında otaqlar soyuq olur. Ona görə də bu müddətdə bölgələrdə yaşayan yazarların ədəbi tədbirləri təxirə salınır.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.