Müsavatın Nizamnaməsi dəyişir?

14 Yanvar 2014 16:20

İsa Qəmbər başqanlıqda qala bilər

Müsavatla AXCP arasında söz savaşı davam edir.

Tofiq Yaqublu və Yadigar Sadıqovun məhkəməsinin yekunlaşması ilə əlaqədar olara AXCP tərəfdən hücumlar səngiyib.

Amma bu müvəqqətidir. Milli Şuradakı mənbələrdın sızan məlumatlara görə, yaxın günlərdə AXCP yeni ittihamlarla çıxış edəcək.

Növbəti mərhələdə Həsən Kərimov, sabiq müsavatçı İbrahim İbrahimli, Sülhəddin Əkbərin danışacağı gözlənilir. AXCP-nin paralel olaraq Milli Şuranı gücləndirəcəyi gözlənilir. ALP, Müsavatla söz savaşına görə, Milli Şuradan getmiş şəxslərin geri qayıdacağı söylənilir.

Bu arada politoloq Zəfər Quliyev Müsavatın xoşuna gəlsin deyə, Milli Şuradan getsə də, AXCP-nin xoşuna gəlmək üçün başqa bir addım atıb. Bildirib ki, o El Hərəkatında qalır.

Xatırladaq ki, El hərəkatı Milli Şuranın üzvüdür. Hazırda Müsavat Partiyası var gücü ilə çalışır ki, AXCP ilə savaşdan çıxsın, ən azı fasilə əldə etsin. Müsavatın öz başının hayına qalıb İctimai Palatadan vaz keçməsi doğru addım deyildi. Müsavat AXCP ilə bərabər səviyyədə çəkişmək üçün Milli Şuraya paralel olaraq İctimai Palatanı saxlamalı idi. Lakin fürsət əldən verildi, Müsavat Milli Şura qarşısında tək qaldı. Müsavat Partiyasının yanında hazırda yeganə qüvvə sabiq daxili işlər naziri İsgəndər Həmidovdur. Müsavat onun yenidən partiya başqanlığına qayıtmasına və Müsavatla müttəfiq olmasına çalışır. Böyük ehtimalla, Müsavatın 2015-ci ildə müttəfiqi elə İsgəndər Həmidov olacaq.

Bu arada başqanlıq uğrunda mübarizə aparan qruplar da aktivləşib. Başqan olmağa çalışan Mərkəzi İcra Aparatının sədri Arif Hacılı qurultayın gecikdirilməsindən narazılığını ifadə edib. Bildirib ki, Müsavatın qurultayı keçirilməlidir.

Qurultay indi keçirilərsə, Arif Hacılı heç bir maneə olmadan başqan olacaq. Amma Qadınlar Təşkilatının son konfransı, Vurğun Əyyuba və başqana yaxın Ellada Məmmədlinin heç kimin gözləmədiyi halda sədr seçilməsi dəngələrin dəyişdiyini göstərir. Açıq-aşkar görünür ki, Müsavat daxilində biriləri Arif Hacılının həddən artıq güclənməsini istəmirlər. Ona yaxın Vəfa Cümşüdlünün Qadın Təşkilatının sədrliyindən çıxarılması ciddi mesajdır. Bir sıra siyasi müşahidəçilər Vurğun Əyyubun irəli çıxdığını ehtimal edirlər. Amma bu mesaj başqan tərəfdən də ola bilər. Belə bir fikir var ki, İsa Qəmbər "başqanlığa namizəd olmayacam" fikrində peşmandır və qalmaq istəyir. Milli Şura ilə bağlı yaranmış böhran, AXCP ilə savaşın pik nöqtəyə çatması Müsavatda İsa Qəmbərin qalmasını istəyənləri hərəkətə gətirib. Ola bilər ki, onlar "AXCP ilə savaş vəziyyətindəyik, indiki halda başqan dəyişikliyi ziyanımıza işləyə, rəqibə fürsət verə bilər, başqan yerində qalsın" bəhanəsi ilə Nizamnamə dəyişikliyi tələbini irəli sürə bilərlər. O halda bu təklif böyük dəstək qazanacaq.

İndiki halda Müsavatın qərarlarına təsir gücündə olan bütün insanlar: Rauf Arifoğlu, Hikmət Hacızadə, Arzu Səmədbəyli, hətta gənclər arasında nüfuzu olan Tural Abbaslı bu düşüncədədir. Onlar Arif Hacılıdansa İsa Qəmbərin başqan olmasını istəyirlər. Proseslər bu istiqamətdə gedir. Yəqin ki, Müsavatın növbəti qurultayında Nizamnamə dəyişdiriləcək, "bir şəxs iki dəfədən artıq başqan ola bilməz" müddəası aradan qaldırılacaq və İsa Qəmbər yenidən partiyanın sədri seçiləcək. Qurultayda Rauf Arifoğlunun da yenidən partiya rəhbərliyinə qaytarılacağı gözlənilir.

"Olaylar"