Tərtərdə kütləvi dava: yaralılar var

14 Yanvar 2014 11:45

Məcburi köçkünlər və Qarağacı kənd sakinləri arasındakı otlaq davasından sonra polis səhərə qədər kənddə keşik çəkib

Tərtərdə kütləvi dava baş verib.

Anspress-in verdiyi məlumata görə, davada beş nəfər xəsarət alıb. Hadisə rayonun Qarağacı kəndi ərazisində baş verib. Kəndin yaxınlığında məskunlaşan məcburi köçkünlərə məxsus mal-qara Qarağacı sakinlərinin otlaq sahəsinə girib. Heyvanları ərazidən çıxaran sakinlər məcburi köçkünlərə mal-qaranı otlaqlarına buraxmamaq barədə xəbərdarlıq ediblər.

Bu zaman tərəflər arasında yaranan mübahisə davaya çevrilib. Hadisə yerinə polis cəlb olunub və davanın qarşısı alınıb. Nəticədə Qarağacı kənd sakinləri Xəqani, Fariz və Xaliq Quliyev qardaşları, onların əmisi Fəqan Quliyev müxtəlif bədən xəsarətləri alıblar.
Polis səhərə qədər kənddə keşik çəkib.

Tərtər Polis Şöbəsindən verilən məlumata görə, daha sonra şöbəyə məcburi köçkün, əslən Ağdamın Şotlanlı kəndindən olan və hadisənin baş verdiyi ərazidə məskunlaşan Aytən Abışova da müraciət edərək davada xəsarət aldığını bildirib. Xəsarət alanlar ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az