"Cin çıxarma" cahillik və fırıldaqçılıqdır"

14 Yanvar 2014 10:00

Nizami Süleymanov: "Bu cür verilişlərə baxanda adam şübhələnir ki, ilahi, mən 21-ci əsrdə yaşayıram, yoxsa 5-ci..."

Ölkə telekanallarında mentalitetimizə, dinimizə zidd verilişlərin yayımlanması uzun müddətdir müzakirə olunsa və pislənilsə də bu tipli verilişlər nəinki efirlərdən yığışdırılmır, əksinə, daha geniş vüsət alır. Bəzi telekanallarımız falçılığın, cadugərliyin, öncəgörməliyin açıq-aşkar təbliğini aparır.

Xatırladaq ki, bir neçə gün əvvəl aparıcı Elgiz Əkbərin təqdimatı ilə ANS televiziya kanalında yayımlanan "Adam içində" verilişində Həsən adlı ekstrasens canlı efirdə bədəndən cin çıxardığını iddia edib. O, veriliş boyu epilepsiya xəstəsi olan və daxilində cin olduğu deyilən gənc qızın bədənindən cin çıxardığını deyib. Verilişdən sonra da "cin çıxarma" əməliyyatı davam edib və bu proses çəkilərək, sosial şəbəkələrdə yayılıb. Bu da qınaqlara səbəb olub. Bəs televiziyalarda bu mövzularda verilişlərin hazırlanması və bu qəbildən olan "istedadların" təbliği nə dərəcədə düzgündür?

Dini ekspert Kənan Rövşənoğlu cinlərin İslam dininə görə mövcud olduğunu dedi: "Cin İslam dininə görə, mövcuddur. Şeytan özü də cinlərdəndir. Ancaq cinin insanı tutması, insanın içindən cin çıxarılması fırıldaqçılıqdır. Ciddi məsələ deyil".

Akademik Nizami Süleymanov da bütün bunları fırıldaq və yalan adlandırdı: "Bu, dinimizə, əqidəmizə, elmə zidd məsələdir. Bunların hamısı dələduzluqdur. Mən dəfələrlə canlı efirdə də bunu demişəm. Məni ANS telekanalında yayımlanan Elgizin "Adam içində" verilişinə dəvət etmişdilər. Orada iki mövzu vardı ki, guya göydən uçan aparatlar gələcək və Sumqayıtdan olan iki dindar gənc onlarla görüşdüklərini deyirdilər. Bunlar dedilər ki, həm dindarıq, həm də meyxanaçı. Mən də sual verdim ki, dindar hara, meyxanaçı hara?! Məni bir alim kimi ora dəvət etdilər ki, o uçan aparatlar haqqında danışım. Məlum oldu ki, son 50-60 ildə ABŞ, İngiltərə, Avropa ölkələri, Yaponiya, Rusiya və sair milyonlarla belə faktı araşdırıblar və yalan çıxıb. Ona görə də bu komissiyalar artıq buraxıldı. Böyük Britaniya 60 ildən sonra, Rusiya 2012-ci ildə buraxdı. Bu uşaqlar da gəldilər ki, bəs guya göydən gələn aparat görkəmli bir xalq artistini aparacaq. Məlum oldu ki, guya Flora Kərimovanı aparacaq. Mən də dedim ki, Flora xanımı nəinki yad planetlilər, heç yanındakı planetlilər də heç yerə aparmayacaq. Bütün bunlar şou idi ki, bəlkə Flora xanım qorxar. Cin çıxartmaq söhbətinə gəlincə isə bütün bunlar dələduzluqdur. Azərbaycanda 100 il öncə necə xurafat var idisə, indi ondan da betər olub. Bu cür verilişlərə baxanda adam şübhələnir ki, ilahi, mən 21-ci əsrdə yaşayıram, yoxsa 5-6-cı əsrdə? Sadəlövh, xəstə, savadsız insanlardan istifadə edib bu cür işlərlə pul qazanırlar. Qəzet vasitəslə insanlarımıza müraciət edirəm ki, belə şeylərə inanmasınlar. Bizim kifayət qədər gözəl psixoloqlarımız, psixoterapevtlərimiz var. Özünə qapanan, depressiyaya düşən insanlar var. Onlar elə bilirlər ki, içərilərinə cin girib. Bu, qarabasmadır, beynin funksional fəaliyyətinin pozulmasıdır. Bu cür halda olan insanların pullarını almaq, onlarla əylənmək günahdır. Bu cür insanlara kömək əli uzadılmalıdır, cindar, cadugər əli yox".

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının üzvü, qurumun fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə də cin çıxarma əməliyyatını pisləyib. QMİ rəsmisi vətəndaşları belə məsələlərə inanmamağa çağırıb: "Əlbəttə, cin var və o öz işindədir, sən də öz işində ol. Xəstə adamdır, getsin həkimə müraciət etsin, bu nədir axı... Həmin verilişi təşkil edən və aparan insanlar da özləri üçün şou yaratmaq istəyir. Bu cür verilişlərlə də insanları biabır edirlər. İnsan belə verilişlərə baxdıqca artıq psixoloji problemlər yaşayırlar".

"Yeni Müsavat"