Vüqar Həşimov dəfn olundu - YENİLƏNİB - FOTO

14 Yanvar 2014 15:15
15:15

Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi keçirilib.


APA-nın məlumatına görə, Respublika Şahmat Mərkəzində keçirilən vida mərasimində dövlət rəsmiləri, millət vəkilləri, mərhumun yaxınları, idmançı yoldaşları iştirak ediblər.

V.Həşimov vida mərasiminin ardından 3-cü Fəxri xiyabanda torpağa tapşırılıb.

---------
14:32

Azad Rəhimov: "Vüqar Həşimovun ölümü Azərbaycan üçün çox böyük itkidir. Uzun müddət müalicə aldı, amma bu xəstəlikdən sağalmaq mümkün deyil. Dövlət, neft şirkəti və İdman və Gənclər Nazirliyi ona və ailəsinə köməklik edib. Bu, dünya şahmatı üçün böyük bir itkidir. Allah ona rəhmət eləsin".

Beynəlxalq qrosmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov bir necə gün öncə Almaniyada müalicə edildiyi xəstəxanada vəfat edən şahmatçı Vüqar Həşimovla vida mərasimində iştirak ediblər. Anspress-in mərasimdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Ş.Məmmədyarov Vüqarın itkisinin ancaq Azərbaycanın deyil, bütün dünya şahmatının itkisi olduğunu deyib.

"O, VII əsrdə yaranan şahmatda dünyanın ən yaxşı şahmatçıları sırasına daxil olub və ən gənc həyatını itirən bir şahmatçıdır. Vüqar tək Azərbaycanın deyil, bütün dünyada ən dəyərli oyunçulardan biri idi. Bir yerdə qazana biləcəyimiz turnirlər yarımçıq qaldı. Qorxuram ki, 100 ildə keçsə belə, Vüqarın yerini heç kim tutmayacaq.
20 ildir ki, bir yerdə mübarizə aparmışıq, bir komanda olmuşuq. Aramızdakı mübarizələr dost kimi olurdu. 24 saat bir yerdə olurduq. Vüqarla yarışlarla bağlı çox planlar qururduq. Vüqarın bir problemi olanda büruzə vermirdi. Təəssüf ki, biz onu çox gənc yaşda itirdik. O, bizim şahmat aləmimizin başında dayanırdı. Çox böyük itkidir, Allah rəhmət eləsin".

Teymur Rəcəbov da həmkarı haqqında yüksək fikirlər səsləndirib. O, Vüqar Həşimovu çox professional şahmatçı adlandırıb. "Bu xəbərə çox üzüldük. Onu şahmatsevənlər heç vaxt unutmayacaqlar".

---------
12:44

Bu gün Respublika Şahmat Mərkəzində tanınmış şahmatçı, 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmış və bu il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişmiş beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovla vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, vida mərasimində hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri, Vüqar Həşimovun ailə üzvləri və komanda yoldaşları iştirak edirlər.

Vida mərasimi saat 15:00-dək davam edəcək. Mərasim başa çatdıqdan sonra şahmatçı üçüncü Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, istedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra yanvarın 11-də dünyasını dəyişib.

V.Həşimov FIDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı. 2002, 2004, 2006 və 2008-ci illərin şahmat olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdi.

Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il şahmat olimpiadasında yığma komandanın heyətinə dəvət edilməmişdi. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmışdı. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən "Recco-Emiliya" şahmat turnirinin qalibi olmuşdu.

----------
11:09

Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi başlayıb.

APA-nın məlumatına görə, vida mərasimi Respublika Şahmat Mərkəzində keçirilir.
 
Vida mərasimindən sonra V. Həşimov 3-cü Fəxri xiyabanda torpağa tapşırılacaq. Bunun ardından Təzəpir məscidində ehsan veriləcək.
 
Qeyd edək ki, Vüqar Həşimov yanvarın 11-də dünyasını dəyişib. Onun nəşi gecə saatlarında xüsusi reyslə Bakıya gətirilib.

---------
10:34

Bir necə gün öncə Almaniyada xəstəlik nəticəsində vəfat edən azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vidalaşırıq. Anspress-in məlumatına görə, şahmatçı ilə vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil edilib. Mərasim saat 15.00-dək davam edəcək. Şahmatçı ikinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Beynəlxalq dərəcəli qrossmeyster bu il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişib.

Allah rəhmət eləsin!

---------
08:56

Trend bildirir ki, yanvarın 14-də tanınmış şahmatçı, 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmış və bu il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişmiş beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun cənazəsi Azərbaycana gətirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda üçrəngli Azərbaycan bayrağına sarılmış cənazəni mərhum şahmatçının yaxınları və ölkə idman ictimaiyyətinin nümayəndələri qarşılayblar.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Vüqar Həşimovun dünyasını dəyişməsindən çox kədərləndiyini bildirmiş, bu itkinin təkcə ölkəmiz üçün deyil, dünya şahmatı üçün böyük kədər olduğunu diqqətə çatdırmış və müxtəlif ölkələrin milli federasiyalarından bu hüznlə bağlı başsağlığı məktublarının gəldiyini vurğulayıb.

Vüqar Həşimovla vida mərasimi yanvarın 14-də Respublika Şahmat Mərkəzində saat 11.00-dan 15.00-dək təşkil olunacaq. Şahmatçı ikinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, istedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra yanvarın 11-də dünyasını dəyişib.

V.Həşimov FIDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı. 2002, 2004, 2006 və 2008-ci illərin şahmat olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdi.

Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il şahmat olimpiadasında yığma komandanın heyətinə dəvət edilməmişdi. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmışdı. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən "Recco-Emiliya" şahmat turnirinin qalibi olmuşdu.

Milli.Az

---------
15:15

Böyütmək üçün şəkillərə klikləyin.





----------
12:50



----------
10:34



----------
08:56



Foto: AzərTAc, anspress, Trend