Bakıda təhlükəli quyu - FOTO
14 Yanvar 2014 00:30
Bakı şəhərində əsas prospektlərdən biri ölüm saçır. Milli.Az-ın məlumatına görə, həmin küçədən keçən insan həyatını itirə, avtomobil isə yararsız hala düşə bilər.
Azadlıq prospektinin Binəqədi rayonun ərazisindən keçən hissəsində yaranmış problemi həll etmək heç kimin yadına düşmür. Yolun ortasında ağzı açıq qalmış kanalizasiya quyusuna çarə qılan yoxdur. Quyunun qapağının olmaması bir yana, baş verə biləcək təhlükə ilə bağlı sürücülər və piyadaları xəbərdar edən nişan da qoyulmayıb.
"Azərsu"nun departament rəhbəri Anar Cəbrayıllı Milli.Az-a açıqlamasında bildirdi ki, kanalizasiya quyularının qapaqları, həmin drenaj sisteminin yağış barmaqlıqlarının oğurlanması halları olur. Hətta bir ay ərzində eyni quyunun qapağı iki dəfə oğurlanır. Belə hallara Xətai rayonu ərazisində rast gəlinib.
A.Cəbrayıllı qeyd etdi ki, həmin qapaqlar oğurlanaraq təkrar emal sexlərinə satılır: "Ona görə də vətəndaşlar belə hallarla rastlaşdıqda, qapağı olmayan quyular gördükdə bizim 955 saylı "qaynar xətt"ə zəng edib məlumat versinlər. Belə hallara qarşı mübarizə aparmaq lazımdır. Sözügedən problemlə bağlı Binəqədi rayon Su İdarəsi məlumatlandırılacaq və əgər həmin quyu kanalizasiya quyusudursa, çatışmazlıq mütləq aradan qaldırılacaq".
Anar Məmmədov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

